Ana Səhifə » Bloq » Ginekoloji xərçəngin növləri müalicə üsulları hansılardır?

Ginekoloji xərçəngin növləri müalicə üsulları hansılardır? - Drxanim.az

Ginekoloji xərçəngin növləri müalicə üsulları hansılardır?

Ginekoloji xərçəng növləri bütün dünyada ürək xəstəliklərindən sonra ən çox ölümə səbəb olan xəstəliklər arasındadır. Bu bloqda ginekoloji xərçənglər və onların müalicə üsulları ilə bağlı məlumatlarla tanış ola bilərsiniz.

Ginekoloji xərçəng həm daxili, həm də xarici cinsiyyət üvləri olmaqla iki hissəyə bölünür. Daxili cinsiyyət üzvlərinin xərçəngi dedikdə uşaqlıq yolu və ya vagina xərçəngi, uşaqlıq xərçəngi başa düşülür. Uşaqlıq xərçəngi özü də uşaqlıq cisminin və uşaqlıq boynunun xərçəngi olaraq təsnifatlaşdırılır.

Xəstəliyin ən çox rast gəlinən növləri uşaqlıq, yumurtalıq və uşaqlıq boynu xərçəngləridir. Erkən diaqnozun vacib olduğu hər üç xərçəng növündə cərrahi müalicədən əlavə olaraq kimya terapiyası və radioterapiya kimi əlavə müalicə üsulları da tətbiq edilir.

Bu 3 ümumi xərçəng növündə vaxtında müalicə alınarsa, xəstənin sağalma şansı yüksəkdir.

Ginekoloji xərçəngin simptomları yumurtalıqlar, uşaqlıq yolu və uşaqlıq boynu kimi orqanlara görə fərqlənir. Xəstəliyin diaqnozu ginekoloji, radioloji və yaxud laboratoriya müayinələrindən sonra qoyula bilər.

Diaqnoz qoyulduqdan sonra hər bir orqanın mərhələli şəkildə müalicə planlaması aparılır.

Ginekoloji xərçəngin risk faktorları hansılardır?

Ginekoloji xərçənglərin yayılmasında bir neçə məqam önəmlidir:

  • Genetika;
  • Doğuş etməmiş olmaq;
  • Cinsi yolla ötürülən xəstəliklərin olması;
  • Artıq çəki;
  • Müntəzəm ginekoloji müayinələrə getməmək;
  • Siqaret çəkmək qadın xərçənginə tutulma ehtimalını artıran amillərdən biridir.

Ginekoloji xərçənglər – uşaqlıq xərçəngi nədir?

Tibbi dildə endometrium xərçəngi olaraq təyin olunan uşaqlıq xərçəngi ginekoloji xərçəng növləri arasında ən çox rast gəlinən xərçəng növüdür. Xəstəlik demək olar ki, hər yaş qrupunda müşahidə olunsa da, daha çox 55 və bu yaşdan yuxarı yaş qrupundakı qadınlarda rast gəlinir. Menstruasiya dövründə uşaqlıq hər ay nisbətən qalınlaşır və özünü hamiləliyə hazırlayır.

Hamiləliyin baş vermədiyi hallarda isə hormonların təsiri ilə incələşir. Uşaqlığın bu qalınlaşan və nazikləşən daxili hissəsinə endometrium deyilir. Məhz bu toxumanın hüceyrələri endometrium xərçənginə səbəb olur.

Uşaqlıq xərçənginə nə səbəb olur?

Endometrium xərçənginin səbəbi tam açıqlanmasa da, menstruasiya dövründə uşaqlıq divarının qalınlaşmasına və incəlməsinə səbəb olan estrogen və progesteron səviyyələrindəki dəyişikliklər uşaqlıq xərçəngi üçün əsas təhlükə hesab olunur.

Uşaqlıq xərçənginin simptomları nələrdir?

Endometrium xərçənginin ən çox görülən simptomu vaginal qanaxmadır. Menstrual dövrlər arasında qanaxma və bu qanaxmanın normadan artıq olması ginekoloji xərçəngin bu növünün ümumi əlamətləridir. Menopauza zamanı vaginal qanaxma da uşaqlıq xərçənginin ilkin əlaməti sayıla bilər. Əlavə olaraq çanaq nahiyəsində ağrı, qarın ağrısı, şişkinlik kimi simptomlar da uşaqlıq xərçənginin əlamətləri hesab oluna bilər.

Uşaqlıq xərçənginin diaqnozu və müalicə üsulları hansılardır?

Uşaqlıq yolu xərçənginin diaqnozu üçün vaginal ultrasəs, histeroskopiya, alınan toxumanın patoloji qiymətləndirilməsi, CT və MR kimi bir çox üsuldan istifadə edilir. Bu ginekoloji xərçəngin müalicəsi onun növü və mərhələsinə görə müxtəlif üsullarla tənzimlənir. Cərrahi üsula əlavə olaraq hormon terapiyası, kimyaterapiya və radioterapiya kimi müalicə üsullarından biri və ya bir neçəsi tətbiq oluna bilər.

 

Ginekoloji xərçənglər - yumurtalıq xərçəngi

Ginekoloji xərçəng növləri arasında yayılmış xərçəng növü yumurtalıq xərçəngidir. Demək olar ki, hər yaş qrupunda baş verə bilən xəstəliyin orta başlanğıc dövrü 63 yaşdır və adətən çanaq və qarın nahiyəsinə yayılana qədər simptomları bəlli olmur. Bu ginekoloji xərçəng növü epitel (yumurtalığın xarici hissəsindəki hüceyrələrdən əmələ gəlir), cinsi hüceyrə (yumurta istehsal edən hüceyrələrdən əmələ gələn) və stromal (hormon istehsal edən hüceyrələrdən əmələ gələn) şişlərdən ibarətdir.

Yumurtalıq xərçənginə nə səbəb olan amillər nələrdir?

Yumurtalıq xərçənginin yayılma səbəbləri arasında hormonal və ətraf mühit faktorlarını, xüsusilə də genetik faktorlar qeyd edilməlidir.

Yumurtalıq xərçənginə səbəb olan digər amilləri isə aşağıdakı kimi sıralamaq olar:

  • Ailədə döş və ya yumurtalıq xərçənginin olması;
  • Ovulyasiyanı artıran dərmanların istifadəsi;
  • Qadının hamiləlik yaşamaması;
  • Uzunmüddətli doğuşa nəzarət dərmanlarının istifadəsi;
  • Artıq çəki;

Yumurtalıq xərçənginin simptomları hansılardır?

Ginekoloji xərçəngin bu növündə xəstəlik tam inkişaf etmədiyi halda simptomları təyin etmək olmur. Mövcud simptomlar çox vaxt hər qadın üçün individual olur. Ancaq qarın ağrısı, mədə narahatlığı və şişkinlik kimi simptomlar yumurtalıq xərçənginin ümumi əlamətləri arasında qeyd edilə bilər. Xəstəliyin inkişaf etmiş mərhələlərində palpasiya olunan kütlə, qarında maye yığılması, təzyiq hissi, sidik və bağırsaq problemləri ilə müşahidə olunur. Vaginal qanaxma, menstruasiya nizamsızlığı, klimaksa sonrası qanaxma, çəki itkisi, qasıq ağrısı, iştahasızlıq, köp, ürəkbulanma, tez-tez sidiyə getmə ehtiyacı kimi simptomlar yumurtalıq xərçənginin əlamətlərindəndir.

Yumurtalıq xərçənginin diaqnozu və müalicə metodları hansılardır?

Yumurtalıq xərçəngini erkən mərhələdə aşkar etmək üçün müntəzəm ginekoloji nəzarətdən keçmək vacibdir. Müayinə zamanı kütlənin tanınması erkən diaqnoz qoymağa imkan verir. Xəstəliyin diaqnozu üçün çanaq orqanlarının müayinəsi, ultrasəs, KT, MRT, qan testləri və patoloji müayinə kimi üsullardan istifadə edilir. Yumurtalıq xərçənginin müalicəsində cərrahi üsullarla yanaşı kimyaterapiya və radioterapiya tətbiqləri də istifadə olunur.

Ginekoloji xərçənglər - uşaqlıq boynu xərçəngi

Uşaqlıq boynu xərçəngi səbəbi bilinən və qarşısı alına bilən xəstəlikdir. HPV (insan papilloma virusu) uşaqlıq boynunda meydana gələn xərçənglərin 99 %-nin törədicisi olur ki, bu da uşaqlığın vaginaya bağlandığı hissə kimi izah edilə bilər.

Uşaqlıq boynu xərçənginin yaranma səbəbləri nələrdir?

HPV bu ginekoloji xərçəngin əsas səbəblərindən biri olsa da, bu virus uşaqlıq boynu xərçənginin yeganə səbəbi deyil. HİV kimi infeksiyalar da xərçəngin bu növünə səbəb ola bilər. Xəstəlik üçün risk faktorlarından bəziləri aşağıdakılardır:

  • Cinsi yolla ötürülən infeksiyalar;
  • 16 yaşından əvvəl cinsi həyatın aktiv olması;
  • Uzunmüddətli doğuşa nəzarət dərmanlarının istifadəsi;
  • İmmunitet sistemini zəiflədən dərmanların istifadəsi;
  • Çoxsaylı doğuş;
  • Qeyri-sağlam qidalanma;
  • Siqaret çəkmək.

Uşaqlıq boynu xərçənginin əlamətləri hansılardır?

Bu xərçəngin bir neçə əlaməti məlumdur. Qanaxmanın çox olması, cinsi əlaqə zamanı ağrı, cinsi əlaqədən sonra qanaxma, pis qoxulu vaginal axıntı, postmenopozal qanaxma, bir və ya hər iki ayaqda şişlik və sidiyə çıxma zamanı ağrılar uşaqlıq boynu xərçənginin əlamətləri olaraq sıralana bilər.

Uşaqlıq boynu xərçənginin diaqnozu və müalicə üsulları hansılardır?

Bu ginekoloji xərçəngin müntəzəm müayinəsi onun erkən mərhələdə diaqnozunu qoymağa imkan verir. HPV və pap-smear testi kimi üsullar xəstəliyin diaqnozunda istifadə edilən üsullar arasındadır. Uşaqlıq boynu xərçənginin müalicəsi digər ginekoloji xərçənglərin müalicə üsullarına bənzəyir. Xəstəliyi müalicəsi zamanı cərrahi müdaxilələrlə yanaşı, kimyaterapiya və radioterapiya kimi müalicə üsullarından da tez-tez istifadə edilir.

Ginekoloji xərçənglər - Vulva xərçəngi nədir?

Vulva qadın cinsi orqanının xaricində yerləşən vaginanın daxili və xarici dodaqları, klitoris, vestibulum və bu toxumaları əhatə edən dəri toxuması kimi sahələri əhatə edən qadın reproduktiv sisteminin sahəsidir. Bu bölgədəki toxumaları meydana gətirən hüceyrələrin anormal və nəzarətsiz çoxalması nəticəsində toxuma bütövlüyünü pozaraq şişə bənzər strukturların əmələ gəlməsinə vulva xərçəngi deyilir.

Vulva bölgəsindəki anatomik bölgələr epitel adlanan xüsusi toxuma strukturlarından ibarətdir. Epitel toxumasının xərçəngləşmə prosesi uzun müddət ərzində tədricən baş verir. Bu mənada epitel toxumasının müəyyən hissəsində hüceyrələr anormal bölünmə xarakterini ala bilər. Bu mərhələdə toxumada tam inkişaf etmiş bir xərçəng xəstəliyinin olduğunu iddia etmək mümkün olmasa da, xərçəngə doğru inkişaf olduğunu demək olar. Bu vəziyyət vulva intraepitelial neoplaziya (VIN) adlanır. Qadınlarda vulva xərçəngi adətən VIN-in inkişafı və irəliləməsi nəticəsində baş verən xroniki prosesin nəticəsidir.

Vulva xərçənginin yaranma səbəbləri nədir?

Vulva xərçəngi əsasən VIN adlanan xərçəng strukturları vasitəsilə inkişaf etdiyindən epitel toxumasında VIN-in inkişafına səbəb olan amillər vulva xərçəngi üçün risk faktorları hesab olunur. Bu baxımdan vulva toxumalarında xərçəngin inkişaf riski aşağıdakı hallarda artır:

  • Yuxarı yaş qrupu: Xüsusilə 55 və daha yuxarı qadınlarda postmenopozal reqressiya və vulva bölgəsindəki toxumalarda atrofiya deyilən dəyişikliklər səbəbiylə xərçəngə meyllilik yarana bilər.
  • Siqaret çəkmək: Siqaretin tərkibindəki çoxsaylı kanserogen maddələr vulva xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.
  • HPV infeksiyası və ya genital ziyil: İnsan papilloma virusu (HPV) vulvada və ətraf toxumalarda, xüsusən də uşaqlıq boynunda infeksion xəstəliyə və genital ziyil inkişafına səbəb olur.
  • Liken planus: Bu, vulva bölgəsində dərinin quruması və qalınlaşması kimi əlamətlərlə xarakterizə olunur və bu hal da vulva xərçənginin inkişaf riskini artır.
  • İİV/QİÇS infeksiyası: İİV infeksiyası kimi orqanizmin immun sisteminin zəifləməsi hallarında da bu xəstəliyin inkişafı tezləşir.

Sadalanan bu hallardan başqa, vulva bölgəsindəki nevus toxumalarında bədxassəli melanoma kimi müxtəlif xərçəng növlərinin inkişafı da mümkündür. Bu vəziyyətdə, bədxassəli melanoma kimi xüsusi ginekoloji xərçəng növləri üçün müxtəlif risk faktorları nəzərə alınmalıdır.

Vulva xərçənginin simptomları hansılardır?

Xəstələrdə vulva xərçənginin klinik göstəriciləri, xəstəliyin mərhələsi və şiddəti ilə birbaşa mütənasib olaraq müşahidə olunur. Bu baxımdan pasiyentlərdə xəstəliyin ilkin mərhələsində heç bir klinik əlamət olmaya bilər. Lakin xəstəlik irəlilədikcə bölgədə görünən şişin inkişafı müşahidə oluna və müxtəlif klinik təzahürlər baş verə bilər. Bununla əlaqədar olaraq, vulva xərçənginin gedişində aşağıdakı simptomlar baş verə bilər:

  • Vulva bölgəsində kəskin quruluq və qaşınma;
  • Vulvanın dərisinin rənginin dəyişməsi və ya qalınlaşması;
  • İdrar edərkən yanma hissi və ya ağrı;
  • Vulva ağrısı və ya həssaslığı;
  • Vulvanın, vulva yağ bezlərinin və ya ziyil kimi strukturların şişməsi;
  • Vaginal qanaxmanın normadan artıq olması;
  • Dəridə və ya vaginal mukozada görünə bilən vulva yaraları.

Vulva xərçənginin inkişafı ilə şiş strukturları vulva boyunca dəri və ya digər toxumalara doğru üfüqi olaraq inkişaf edə bilər. Bununla da şiş daha dərin toxumalara yayıla və ya limfa sisteminə çata, limfa damarları vasitəsilə daha dərin limfa düyünlərinə yayıla bilər. Vulva xərçəngi adətən qasıq nahiyəsindəki səthi limfa düyünlərini əhatə etdiyi üçün bu nahiyədə şişlik və ağrıya səbəb ola bilər. Xəstəlik inkişaf etdikcə daha dərin toxumaların limfa düyünlərini hədəf alır.

Xəstəlik limfa sistemi və ya qan axını ilə daxili orqanlara metastaz verə bilər. Bununla da vagina kimi qadın reproduktiv sisteminin daxili hissələrində yerləşən bölgələrə yayıla, qan və limfa dövranı ilə ağciyər və sümük kimi digər toxumalara keçə bilər. Bu səbəbdən də xəstəliyi ilkin mərhələlərində tanımaq və vaxt itirmədən uyğun müalicə üsulunu tətbiq etmək çox vacibdir.

Vulva xərçəngi necə müalicə olunur?

Bu ginekoloji xərçəng növünü dəqiq və effektiv müalicə etmək üçün erkən dövrdə xəstəliyin düzgün diaqnozunu və mərhələlərini təyin etmək lazımdır.

Xərçəngin dərəcəsi kompüter tomoqrafiyası və ya maqnit rezonans (MR) görüntüləmə ilə aşkar edilir. Lazım gələrsə, sistoskopiya kimi xüsusi görüntüləmə üsullarından istifadə olunur. Vulva xərçənginin tam diaqnozu şiş yerindən götürülmüş biopsiya nümunəsinin histopatoloji müayinəsindən sonra qoyulur. Xəstəliyin mərhələləri diaqnoz və görüntüləmə üsulları ilə birlikdə aparılır. Xəstəliyin şiddətini və tətbiq olunacaq müalicə üsulunu təyin etmək baxımından mərhələli müalicə çox əhəmiyyətlidir.

Müvafiq olaraq şiş toxumasının yerləşdiyi anatomik nahiyəyə, limfa sisteminə və digər orqanlara yayılmasına görə bu ginekoloji xərçəng növü aşağıdakı mərhələlərə bölünür:

  • İlkin mərhələ: Bu, vulva bölgəsində aşkar bir xərçəng hadisəsinin olmaması, lakin VIN kimi epitel toxumasında xərçəng tapıntılarının inkişafıdır.
  • İkinci mərhələ: Xərçəng yalnız vulva və perineumla məhdudlaşır. Perineum vagina ilə anus deşikləri arasındakı bölgəyə verilən addır. Bu mərhələdə xərçəng limfa düyünlərinə yayılmamışdır.
  • Üçüncü mərhələ: Xərçəng vulva xaricindəki nahiyələrə (daxili vagina, uretra və ya anus) yayılmışdır.
  • Dördüncü mərhələ: Xərçəng limfa düyünlərinə yayılmışdır.
  • Beşinci mərhələ: Xərçəng daha dərin toxumalara (məsələn, vaginanın dərin nahiyələri, sidik kisəsi, düz bağırsaq), daha dərin limfa düyünləri və ya digər orqanlara yayılmışdır.

Xəstədə vulva xərçənginin mərhələsindən asılı olaraq müalicədə cərrahi yanaşmalar, radioterapiya və ya kimyaterapiya kimi müxtəlif müalicə üsullarından istifadə edilir. Cərrahi yanaşmalara lazer tətbiqləri və ya açıq cərrahiyyə kimi müxtəlif üsullar daxildir. Lazer terapiyası ilə erkən mərhələdə açkar edilən kiçik ölçülü şiş strukturları yüksək hərarətli lazer şüaları ilə bədəndən çıxarılır, xəstə daha az çapıq və qanaxma kimi yan təsirlərlə qısa müddətdə xəstəxanadan evə yazılır.

 

Açıq cərrahiyyə isə daha geniş və iri şişlərdə istifadə olunur. Ginekoloji xərçəngin mərhələsindən asılı olaraq müxtəlif səviyyələrdə vulvektomiya əməliyyatları aparılır. İnkişaf etmiş mərhələdə müalicənin effektivliyini artırmaq üçün əməliyyatdan sonra radiasiya və kimyaterapiya tətbiq oluna bilər. Həmçinin xəstəliyin dərəcəsindən asılı olaraq, yoluxmuş limfa düyünlərinin və ya orqanların müəyyən hissələrinin çıxarılması vulvektomiya proseduruna daxil edilə bilər. Xəstənin cərrahiyə üçün uyğun olmadığı hallarda, isə radioterapiya və ya kimyaterapiya tək və ya birlikdə tətbiq oluna bilər.

Artan xəstəliklər və onun müxtəlif növlərinin olması onu göstərir ki, hər bir qadın mütəmadi olaraq ginekoloji müayinələrdən keçməlidir. Əks halda ginekoloji xərçəng riski artmış olur.

Əgər siz yuxarıda qeyd etdiyimiz hər hansı bir əlamətləri özünüzdə müşahidə etmisinizsə, dərhal 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlaya, yarana biləcək xəstəliyin öncədən aşkarlanıb erkən müalicə olunmasına nail ola bilərsiniz.

Şərh yaz