Ana Səhifə » Bloq » Genital Ziyillər: Niyə Yaranır və Necə Müalicə Olunur?

Genital Ziyillər Nədir? Erkən Diaqnoz və Risk Faktorları - Drxanim.az

Genital Ziyillər: Niyə Yaranır və Necə Müalicə Olunur?

Ziyil nədir?

Ziyil, viral infeksiyanın səbəb olduğu dəridə kiçik, kobud, yuxarı qalxan qabardır. 

Adətən əllərdə, barmaqlarda, ayaqlarda və bədənin digər bölgələrində görünən ziyillərin sağlamlığa ciddi problemi olmur.

Ziyillər insan papillomavirusunun (HPV) səbəb olduğu dəridə kiçik, xoşxassəli böyümələrdir. Onun 100-dən çox fərqli HPV növü var və hər bir növü bədənin müxtəlif yerlərində ziyillərə səbəb ola bilər. 

Mətndə bədənin müxtəlif hissələrilə bərabər, qadınların genital bölgələrində yaranan ziyillər haqqında danışacam.

Ziyilin yaranma səbəbi nədir?

Ziyillərin yaranmasına insan papillomavirusu (HPV) səbəb olur, bu virus kəsiklər və ya açıq yaralar vasitəsilə dəriyə daxil olur. Daxil olduqdan sonra papillomavirusun dəri hüceyrələri ilə birləşməsi onların anormal böyüməsilə nəticələnir. Bu böyümə isə ziyil adlanır.

Ziyilin növləri hansılardır?

Ziyillər düz və hamardan yuxarı, kələ-kötürə qədər müxtəlif forma və ölçülərə malikdirlər. Həmçinin ziyillərin ət rəngli, çəhrayı, qəhvəyi və ya boz rəngli növləri də mövcuddur.

Ziyillər bədənin hansı hissələrində yaranır?

Bədənin istənilən nayihəsində ziyil yarana bilər. Onlardan bəziləri aşağıdakılardır:

  • Əllər və barmaqlar

Ümumi ziyillər və ya “verruca vulgaris” kimi tanınan ən çox yayılmış ziyil növü barmaqlarda, əllərdə və dırnaqların ətrafında meydana gəlir. Onlar adətən kiçik, kobud və boz-qəhvəyi rəngdə yaranırlar.

  • Ayaqlar

Ayağın alt hissəsində meydana gələn ziyillərə plantar ziyil deyilir. Ayağın üzərində gəzildiyi üçün bu ziyil ağrılı ola bilər və görünüş olaraq ağ rəngdə olsa da, ziyilin mərkəzindən kənarlarına doğru qara nöqtələr yayılır.

  • Üz

Böyüklərdə çox az müşahidə olunsa da, uşaqlarda ziyillər daha çox üzdə də yaranır. Üzdəki ziyillər adətən kiçik və ət rəngli olur, göz, dodaq və ya burun ətrafında özünü biruzə verir.

  • Genital bölgə

Genital bölgədə meydana gələn ziyillərə genital ziyil deyilir. Bu ziyillər cinsi yolla ötürülür və HPV-nin müəyyən növlərinə səbəb olur. Genital ziyillər ölçü və formasına görə balaca və böyük, düz və ya gül kələminə bənzər yaranır.

Genital ziyilin yaranma səbəbləri nələrdir?

Genital ziyillər cinsi yolla ötürülən infeksiya (STI) olan insan papillomavirusu (HPV) sayəsində yaranır. 

100-dən çox növü olan HPV-in HPV 6 və 11 tipləri qadınlarda genital ziyilin yaranmasına səbəb olur.

Genital ziyillərin əsas ötürülmə yolu cinsi əlaqə, o cümlədən vaginal, anal və oral seksdir. 

Genital ziyil yoluxmuş şəxsin cinsiyyət orqanları ilə dəridən dəriyə təmasda və ya virusla çirklənmiş səthlərlə təmasdan yarana bilir. 

Genital ziyil cinsi yolla keçsə də, nadir hallarda doğuş zamanı genital ziyili olan anadan körpəyə də keçə bilər.

Genital ziyillərin yaranma riskini artıran və ziyilin yaranmasına səbəb olan əsas amillər bunlardır:

  • Müdafiəsiz cinsi əlaqə

Prezervativ və ya digər maneə üsullarından istifadə etmədən cinsi fəaliyyətlə məşğul olmaq HPV-yə yoluxma və genital ziyillərin inkişaf riskini artıra bilər.

  • Çoxlu cinsi (seks) partnyorlar

Çoxlu cinsi partnyorların olması və ya bir neçə partnyoru olan partnyorla cinsi əlaqədə olmaq HPV ilə təmasda olmaq və genital ziyillərin əmələ gəlməsi riskini artırır.

  • Zəifləmiş immunitet sistemi

İİV/QİÇS, orqan transplantasiyası və ya müəyyən dərmanlar kimi vəziyyətlərə görə zəifləmiş immun sisteminin olması insanı HPV infeksiyasına və genital ziyillərə qarşı daha həssas edir. Eyni zamanda zəifləmiş immuniteti olan insanlardan sağlam partnyoruna da genital ziyil yoluxa bilər.

  • Dəridən dəriyə təmas

Genital ziyilə yoluxmuş şəxsin cinsiyyət orqanı və ya şəxsin digər istənilən ziyilə yoluxmuş nahiyəsi ilə dəridən dəriyə yaxın təmas, hətta penetrativ cinsi əlaqə olmasa belə, HPV-ni ötürə və genital ziyillərə səbəb ola bilər.

  • Şəxsi gigiyena

Cinsiyyət orqanlarının müntəzəm yuyulmaması kimi şəxsi gigiyena qaydalarına riayət edilməməsi, təmizliyi qorumamaq HPV-nin ötürülməsi və genital ziyilin böyüməsi üçün daha əlverişli mühit yaradacaq.

Qeyd edək ki, HPV görünən simptomlar olmadıqda belə ötürülə bilər, buna görə də görünən ziyilləri olmayan bir yoluxmuş şəxsdən genital ziyillərə yoluxmaq mümkündür. 

Genital ziyilin fəsadları və onlardan qorunmağın yolları

“Condyloma acuminata” kimi də tanınan genital ziyillər müxtəlif fəsadlara səbəb ola və gələcəkdə sağlamlığa təsir edəcək problemlərinin qarşısını almaq üçün müvafiq müalicə tələb edə bilər. 

  • Psixoloji və Emosional Təsir

Genital ziyillər yaranan şəxslərdə əhəmiyyətli psixoloji və emosional problemlər yarana bilər. Xüsusilə də xanımlarda münasibətlərə, cinsi sağlamlığa və ümumi həyat keyfiyyətinə təsir edə biləcək narahatlıq, utanc və cinsi istəkdən çəkinmə halları bura daxildir.

  • Transmissiya riskinin artması

Genital ziyillər HPV-nin cinsi partnyorlara ötürülmə riskini artıra bilər. HPV çox yoluxucudur və görünən ziyillər olmasa belə, cinsi fəaliyyət zamanı dəridən dəriyə təmas yolu ilə ötürülə bilər. Bu, HPV-nin digər şəxslərə yayılmasına və onlarda da genital ziyillərin inkişafına səbəb ola bilər.

  • Təkrarlanma və Yayılma

Genital ziyillər yaxşı müalicə nəticəsində yox olsa da, təkrarlana bilər, çünki virus bir dəfə daxil olduğu bədəndə hərəkətsiz qala, yaxud da həmin virusa qarşı bədən həssaslaşa bilər. 

Bundan əlavə, müalicə olunmayan ziyillər genital bölgənin digər bölgələrinə və ya hətta bədənin digər hissələrinə yayıla və yeni tipli ziyillərin bədəndə  artmasına səbəb ola bilir. Ona görə də təkrarlanma və yayılmanın qarşısını almaq üçün ziyilin öz-özünə sağalmasını gözləmək olmaz.

  • Uşaqlıq boynu xərçəngi riskinin artması

Riskli HPV növləri qadınlarda uşaqlıq boynu xərçənginin inkişaf riskini artıra bilər. 

Bu səbəbdən də uşaqlıq boynunda baş verə biləcək hər hansı dəyişiklikləri izləmək üçün mütəmadi olaraq müayinə olunmalı, öncədən ziyili olan qadınlar həkim nəzarətində olmalıdır.

Genital ziyillərin yaranma növləri kimi müalicə formaları da fərqlidir. Bu səbəbdən də fəsadların artmaması, yayılmaması və daha böyük problem yaşamamaq üçün müalicənin həkim nəzarətində olması vacibdir.

Bununla belə, genetal ziyilin bəzi müalicə formaları bunlardır:

  • Dərmanlar

Genital ziyillərin müalicəsi üçün ziyilin növünə və yayılma əhatəsinə görə təyin olunan dərmanlardan istifadə olunur. 

Bu dərmanlar birbaşa ziyillərə tətbiq olunur və immunitet sistemini stimullaşdırmaqla və ya ziyil toxumasını məhv etməklə genital bölgəni ziyildən təmizləyir. 

Dərmanların istifadə forması və vaxtlarını isə həkimin təlimatına uyğun edirsiniz.

  • Krioterapiya

Krioterapiya ziyil toxumasını məhv edən maye azotla ziyillərin dondurulmasını həyata keçirən prosesdir. 

Bu proses genital bölgədəki kiçik ziyillər üçün effektivdir vasitədir.

  • Elektrokoter və ya lazerlə müalicə

Elektrokoter və ya lazerlə müalicə ziyilləri yandırmaq, yaxud da buxarlamaq üçün istilik, lazer enerjisindən istifadəni nəzərdə tutur. 

Genital ziyilin lazer, yaxud da elektroteriya ilə müalicəsi böyük və müalicəsi uzun müddət davam edəcək ziyilin sağalma prosesini tezləşdirmək üçündür.

Müəyyən hallarda, xüsusən də böyük və ya davamlı ziyillər üçün cərrahi çıxarılma yoluna üz tuturuq. 

Cərrahi yolla ziyilin çıxarılması lokal anesteziya altında həyata keçirilir. Bu əməliyyat zamanı ziyil özü kəsilir, yaxud da olduğu nahiyəyə çox yayılıbsa, bütün yayılan hissə təmizlənir.

  • HPV peyvəndi

HPV peyvəndi genital ziyillərə və uşaqlıq boynu xərçənginə səbəb ola biləcək müəyyən HPV növlərinə qarşı effektiv profilaktik tədbirdir. 

Genital ziyildən qorunmaq üçün bu peyvənd həm kişilər, həm də qadınlar üçün tövsiyə olunur.

Peyvəndin vurulmasına isə adətən yeniyetməlik dövründə başlanır və bədəndə HPV ilə əlaqəli bütün növ ağırlaşmalara qarşı müdafiə yaradır.

Əgər genital ziyilin varlığından şübhələniz varsa, dəqiq diaqnoz və düzgün müalicə üçün 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb müayinəyə yazıla bilərsiniz.

Şərh yaz