Ana Səhifə » Bloq » Hamiləlik Zamanı Qidalanma: Ana və Körpə Üçün Sağlam Seçimlər

Hamilə qadın necə qidalanmalıdır Nələrə diqqət etməlidir - Drxanim.az

Hamiləlik Zamanı Qidalanma: Ana və Körpə Üçün Sağlam Seçimlər

Hamiləlik dövrü qadınların həyatında hormonlarla əlaqəli olaraq həm fiziki həm də psixoloji dəyişkənliklərin olduğu həssas bir dönəmdir. Hamilə olduqlarını öyrəndikləri dövrdən başlayaraq, xanımları ən çox maraqlandıran məsələlərdən biri qidalanma qaydalarıdır.

Hamilə qadın necə qidalanmalıdır?” sualına keçməzdən öncə hamilə qadınların ilk başlarda yaşadığı iştahsızlıq problemi barədə məlumat verək. Hamiləlik dövrünün ilk 12 həftəsinə kimi bəzi hormonlar bədəndə dəfələrlə artır və bu səbəblə ilk üç ay dönəmində ürəkbulanla, qusma, həzmsizlik kimi problemlər görülə bilir. İlk aylarda yaşanan bu narahatlıqlar hamilə qadınların çəki itirməsinə səbəb ola bilir. Lakin qısa zaman sonra bu hallar aradan qalxır (3 aydan artıq müddətdə iştahsızlıq, çox qaytarma kimi narahatlıqlar qalarsa, bu barədə mütləq həkimə məlumat verilməlidir).

Hamiləlik dönəmində iştahsızlığı azaltmaq üçün görülə biləcək tədbirlər:

  • Hamilə qadınlara çox yağlı, duzlu, qızardılmış yeməklər olmaz. Bunlar həzmsizliyə səbəb olmaqla bərabər iştahsızlıq yarada bilir;
  • Ani gələn ürək bulantılarını azaltmaq üçün özünüzlə kreker, kəpəkli çörək dilimi, çərəzlər və s. gəzdirə bilərsiniz.
  • Bol maye içilməlidir (suya və ya çaya az miqdarda limon dilimləri atıla bilər) və s.

Hamiləliyin 4-cü ayından etibarən qadınların iştahı getdikcə düzələr və çəki artımı başlayar. Hamiləlik dönəmində 11-14 kilo çəki artımı normal hesab olunur. Lakin bu dönəmdə nəyi nə qədər yediyiniz həm özünüz, həm də bətninizdəki övladınız üçün çox önəmlidir.

Hamiləliyin ilk aylarında az, lakin tez-tez yemək niyə vacibdir?

Hamiləlik dönəmində az və tez-tez yemək çox önəmlidir. Gündə 3 dəfə əsas yemək olmaqla yanaşı, 3 dəfə  də ara vaxtlarda qidalanmağa icazə verilir. Ara vaxtlarda yeyilən az miqdarda qidalar metobolizmanın sürətlənməsinə səbəb olur və çəki artımının qarşısını alır. Eyni zamanda bu yolla hamiləlik dönəmində yaşana biləcək şişkinlik, mədə bulantısı, mədə yanması, qəbizlik kimi narahatlıqları minimuma endirmiş olursunuz. Baş ağrısı və duyğusal dəyişkənliklərin də qarşısı alınır. Lakin hər bir halda yeyiləcək qidanın özü və  miqdarı çox önəmlidir. Hər əsas və ara yemək zamanı meyvə və tərəvəz yeyilməsinə diqqət edilməlidir. Kalorisi az, faydalılıq dəyəri yüksək olan  qidalar seçilməlidir. Məsələn, 25 qramlıq protein əldə etmək üçün 1 dolu stəkan püstə də yemək olar (715 kalori) və ya 120 qramlıq hind toyuğu əti yemək olar (120 kalori). Kalori dəyərlərinə nəzər yetirsək, hind toyuğunun faydalılıq dəyəri daha yüksək hesab olunur. Monoton qidalanmamaq üçün qida rasionunda fərqlilik yaratmağı da unutmamaq lazımdır.

 
Hamilə qadının gündəlik qəbul etməli olduğu qidalar​ - Drxanim.az

Hamilə qadının gündəlik qəbul etməli olduğu qidalar

Hamiləliyin 3-cü ayından başlayaraq qadınların günlük almalı olduğu enerji miqdarı 2200 kalori müəyyən edilir. “Hamilə qadın nə yeməlidir?” sualına qısa olaraq bu şəkildə cavab verə bilərik:

  • Süd və süd məhsulları: Hər gün ən azı 1 stəkan süd içilməli, 1 kasa qatıq, bir az pendir, kəsmik yeyilməsi çox önəmlidir;
  • Qırmızı ət: Ana bətnindəki körpənin sinir, əzələ sisteminin formalaşması üçün protein çox vacibdir. Qırmızı ət isə əsas protein mənbəyidir, B qrup və digər vitaminlərlə çox zəngindir;
  • Balıq məhsulları: Omeqa 3 və 6 yağ turşuları protein baxımından zəngindir, ana bətnindəki uşağın beyin və göz inkişafı üçün önəmlidir (həftədə 350 qramdan artıq yeyilməsi tövsiyə edilmir);
  • Meyvə və tərəvəzlər: Hamiləlikdə 5 porsiya meyvə və tərəvəz yeyilməsi tövsiyə edilir (meyvə və tərəvəzlər ilk öncə bol su ilə yaxşı yuyulmalıdır). Çünki sağlam və təbii qidalardırlar və vitamin, lif yönündən olduqca zəngindirlər.
  • Zeytun yağı: Həm vitamin mənbəyi, həm də bağırsaqlara faydası səbəbindən yeməklərdə, meyvə-tərəvəzlərdə zeytun yağı istifadə edilməsi faydalıdır;
  • Quru meyvələr: Omeqa yağ turşuları ilə zəngin olan qoz, badam, quru incir, ərik qurusu gündə bir ovucdan çox olmamaq şərtilə yeyilməlidir;
  • Gündə 3 litr su qəbulu: Hamilə qadınlar üçün ən faydalı qidalardan biri su qəbuludur. Çalışıb gündəlik 3 litr su içilməlidir. Əgər o qədər su içə bilmirsinizsə, onu əvəz edə biləcək ayran, şorba, mineral su və s. də içmək olar. Ancaq sadə su ən məsləhətlisidir.
Hamiləlik dövründə hansı qidalardan qaçınmaq lazımdır? - Drxanim.az

Hamiləlik dövründə hansı qidalardan qaçınmaq lazımdır?

Hamilə qadına nə olmaz?” sualı hamilə qadınların və ailələrinin ən çox verdiyi suallardan biridir və siyahı bu şəkildədir:

  • Kolbasa, sosis, hisə verilmiş ət və balıq məhsulları: Hamilələrin yeməməli olduğu siyahının başında gəlir. Çox emal prosesindən keçdiyi üçün olduqca zərərlidirlər və tərkibində çox miqdarda duz və kimyəvi əlavələr vardır. Bu da hamilə qadınlarda şişkinliyə, qəbizliyə səbəb olur.
  • Pasterizə edilməmiş süd və süd məhsulları: Hamiləlik zamanı qətiyyən çiy süd içmək olmaz. Pendir və qatığın da pasterizə edilmiş süddən hazırlandığına əmin olmaq lazımdır. Əks halda özünüz və körpənizin bakterial infeksiyalara yoluxma təhlükəniz ola bilər.
  • Çiy ya da az bişmiş yumurta, ət, toyuq və dəniz məhsulları: Çiy yumurtada salmonella bakteriyası ola bilir və çox təhlükəlidir. Bu səbəbdən yumurtanın ağ və sarı hissəsi qatılaşanadək bişməlidir. Ət və ət məhsulları isə tam bişirilməlidir, əks halda güclü zəhərlənmələrə səbəb ola bilər.
  • Yüksək şəkər, karbohidratlı qidalar: Kekslər, piroqlar, xəmir yeməkləri ən çox sevilən qidalar olsa da hamilələr qəti şəkildə yeməməlidirlər. Bəsit şəkər və karbohidratlı qidalar hamilə qadınlara heç bir fayda verməz, əksinə çox çəki almasına səbəb olar.
  • Olduqca duzlu qidalar: Turşular (şoraba), müxtəlif souslar, çipslərdə çox miqdarda duz olur və hamiləlik dönəmində ödəm, təzyiqin yüksəlməsinə səbəb ola bilir.
  • Çox miqdarda ciyər: Hamiləlikdə yaxşı bişirilmiş ciyər yemək olar və qan artımı üçün faydalıdır. Lakin ciyərdə yüksək miqdarda A vitamini olduğunu nəzərə alaraq, az yeməyə diqqət etmək lazımdır.
  • Çox miqdarda çay, kofein, eyni zamanda qazlı və spirtli içkilər.
Hamiləlik dövründə hansı meyvələri yemək olmaz?​ - Drxanim.az

Hamiləlik dövründə hansı meyvələri yemək olmaz?

Hamiləlik dönəmində bol meyvə-tərəvəz yeyilməsinin faydalarını qeyd etdik. Lakin bəzi meyvələr vardır ki, onlar hamiləlik dönəmində dölə zərərli təsir etdiyinə görə yeyilməsi tövsiyə olunmur. Bunlar aşağıdakılardır:

  • Ananas: Ananas çox faydalı meyvə olsa da hamilə qadınların uzaq durmasında fayda vardır. Erkən doğuma, düşüşlərə səbəb ola bilər. Lakin az miqdarda yeyilmişsə, narahat olmağınıza dəyməz. Eyni zamanda çox ananas yemək mədə yanmasına, reflüksə də səbəb ola bilir.
  • Ekzotik meyvələr: Portağal, naringin, qreypfrut eləcə də qırmızı rəngli meyvələr güclü allergen hesab olunurlar. Bu səbəbdən ehtiyatlı olmaq, çox yeməməyə çalışmaq lazımdır.
  • Çox şəkərli meyvələr: Əncir, üzüm, yemiş kimi tərkibində yüksək miqdarda şəkər olan meyvələri ehtiyatla yemək lazımdır.Ümumiyyətlə, meyvələrin tərkibindəki şəkər səbəbindən bütün meyvələr xırda porsiyalarla yeyilməlidir.
  • Zədələnmiş, çürükləri olan meyvələr: Meyvələrdəki tündləşmiş, çürümək istəyən hissələri kəsib atmaq lazımdır, meyvələri o vəziyyətdə yemək olmaz.Çünki həmin hissələrdə bakteriyalar artmış olur və bu da həm hamilə qadına, həm də bətnindəki körpəyə zərər verə bilər. Eyni zamanda meyvələr çox təmiz yuyulmalıdır.
Hamiləlikdə tonus yaradan qidalar - Drxanim.az

Hamiləlikdə tonus yaradan qidalar.

Hamiləlik zamanı elə qidalanmaq lazımdır ki, qəbizlik, qaz və ya ishal yaranmasın. Bundan əlavə bakterial infeksiyaya yoluxma olmasın. Hamiləlik dönəmində bəzi qəbul edilən qidalar uşaqlıq əzələlərinə təsir göstərərək, gərginliyi artıra bilir və bu zaman düşük və ya vaxtından əvvəl doğum baş tuta bilir. Belə qidalara aşağıdakıları misal çəkmək olar:

  • Kələm, brokoli, lobya, karbohidratlı içkilər, süd və süd məhsulları əsas qaz yaradan qidalar siyahısındadır. Bu səbəbdən hamilələr bu qidaları az miqdarda, ehtiyatla yeməlidirlər. Unutmamaq lazımdır ki, bir hamilə qadında qaz yaradan bir qida digər hamilə qadına o formada təsir etməyə bilər.
  • Yağlı və qızarmış qidalar: Bu cür qidaların həzmi çətin olduğundan qaz problemlərinə yol aça bilər. Həmçinin hamilə qadınlar yeməkləri mümkün qədər yavaş-yavaş və çox çeynəyərək yeməlidirlər. Bu halda az miqdarda hava udmuş olacaqlar.
  • Kimyəvi dadlandırıcılar istifadə olunan qidalar: Bu cür qidalar da ishal və qaza səbəb olmaqdadır. Onun üçün mümkün qədər uzaq durmaq lazımdır.

Tonusa səbəb olan əsas amillərdən biri də qəbizlik problemidir. Bu səbəblə ilk növbədə qəbiz olmanın qarşısı alınmalıdır. Bunun üçün də bol maye içilməlidir. Həmçinin yemək yedikdən sonra həzm sisteminizi hərəkətə keçirmək üçün gəzinti də köməyinizə gələ bilər.

Hamiləliyin müddətindən asılı olmayaraq, hamiləlik dönəmində qarında ağrı, gərginlik, sizi narahat edəcək həddə qaz və qəbizlik problemi yaşayırsınızsa mütləq gecikmədən ginekoloqa müraciət edin. 

Şərh yaz