Ana Səhifə » Bloq » Hamiləliyin 9-cu Həftəsi: Bu Həftədə Nələr Baş Verir?

hamileliyin 9-cu heftesi

Hamiləliyin 9-cu Həftəsi: Bu Həftədə Nələr Baş Verir?

Son menstruasiyanın ilk günündən hesablanan hamiləliyin doqquzuncu həftəsi embrionun təxminən yeddi həftə ərzində inkişaf etdiyi dövrə aiddir. Bu dövrdə embrion sürətlə böyüyür və müxtəlif orqanların əsas strukturu formalaşır. Hamiləliyin doqquzuncu həftəsində körpənin ölçüsü üzüm dənəsi ölçüsündədir və başı bədəninə nisbətdə olduqca böyükdür.

Doqquzuncu həftədə embrion artıq döl adlanır və orqan inkişafı sürətlə davam edir. Ürək, beynin əsas strukturları, onurğa, skelet sistemi, əzələlər və orqanlar kimi mühüm sistemlər məhz bu dövrdə formalaşmağa başlayır. Doqquzuncu həftədə bəzi əsas orqanlar sürətlə inkişaf etsə də, digərlərini hələ tam və ya funksional hesab etmək olmaz.

Bu həftə həm də ana bətnində olan dölün ürək döyüntülərinin ultrasəs vasitəsilə eşidildiyi bir dövrdür. Bu prosesdə prenatal baxım və müntəzəm müayinələr vacibdir, çünki körpənin sağlam inkişafını təmin etmək üçün hamilə qadın onun qidalanmasına, sağlamlığına və ümumi baxımına diqqətli yanaşmalıdır.

Hamiləliyin 9-cu həftəsində körpənin inkişafı

Hamiləliyin bu həftəsi əvvəldə də qeyd etdiyimiz kimi körpənin sürətlə inkişaf etdiyi bir dövrdür. Gəlin, hamiləliyin doqquzuncu həftəsində körpənin inkişafı və dəyişiklikləri ilə yaxından tanış olaq.

Ölçü və forma

Doqquz həftəlik körpə təxminən 2,5 sm uzunluğunda üzüm və ya zeytun dənəsi ölçüsündədir. Baş bədən nisbəti ilə müqayisədə hələ də böyük görünür. Körpəniz sürətlə böyüməyə davam etdikcə normal insan formasını almağa başlayır.

Orqan inkişafı

Doqquzuncu həftədə körpənizin orqanları sürətlə inkişaf edir. Ürək, beyin, ağciyər, qaraciyər, böyrək və həzm sistemi kimi əsas orqanların təməli qoyulur. Əzələlər, sümüklər və sinir sistemləri də du həftədə inkişaf etməyə başlayır.

Cinsiyyət əlamətləri

Doqquzuncu həftədə körpənin cinsiyyətini hələ də ultrasəs ilə təyin etmək mümkün deyil. Lakin cinsiyyətin genetik olaraq təyin olunduğu və inkişaf etməyə başladığı bir dövrdür. Bununla belə, cinsi təyin etmək üçün daha dəqiq nəticələr adətən 16-20-ci həftələr arasında aparılan ultrasəs müayinələri zamanı məlum olur.

Əzələ və hərəkət

Doqquzuncu həftədə körpənizin əzələləri inkişaf etməyə davam edir və hərəkət etməyə başlayır. Hərəkət sıx müşahidə olunmadığı üçün bu dövrdə ananın körpənin hərəkətlərini hiss etməsi o qədər də müşahidə olunmur.

Əl və ayaq inkişafı

Doqquzuncu həftədə körpənizin əl və ayaqlarında barmaqlar önə çıxır. Bu barmaqlar daha sonra əl və ayaqlarda tam ayrılmış barmaq formasına çevrilir.

Üz və üz xüsusiyyətləri

Körpənin üzü doqquzuncu həftədə bir az da forma alır. Gözlər, qulaqlar, burun və ağız kimi üz xüsusiyyətləri daha qabarıq görünsə də, bu dövrdə körpənin üzün hələ tam formalaşmış hesab etmək olmaz.

Ürək döyüntüləri

Doqquzuncu həftədə körpənizin ürək döyüntülərini ultrasəsdə eşitmək ikmanı əldə edirsiniz. Şübhəsiz ki, bu, körpənizin ürək döyüntüsünü eşitmək üçün həyəcanverici bir andır.

9 həftəlik hamiləliyin körpənizin sürətlə böyüdüyü və inkişaf etdiyi bir dövr olduğunu nəzərə alaraq bu prosesdə mütəmadi olaraq həkim müayinəsindən keçmək və həkiminizin tövsiyələrinə əməl etmək vacibdir.

Hamiləliyin 9-cu həftəsində bədəndə baş verən dəyişikliklər

Hamiləliyin bu həftəsində ananın bədənində bir sıra dəyişikliklər baş verir. Hamiləliyin doqquzuncu həftəsində bədəndə baş verən mühüm dəyişiklikləri aşağıdakı kimi qruplaşdırmaq olar:

Hormonal dəyişikliklər

Hamiləlik hormonları, xüsusilə progesteron və estrogen, doqquzuncu həftədə hələ də yüksək olaraq qalır. Bu hormonal dəyişikliklər gələcək anada bəzi fiziki və emosional simptomlara da səbəb olur. Məsələn, səhərlər ürək bulantısı, döşlərdə həssaslıq, baş ağrıları və emosional dalğalanmalar ümumi simptomlardır.

Döş dəyişiklikləri

Hamiləliyin bu həftəsində döş ölçüsü artır və məmə ucları daha da həssaslaşır. Areola (məmə ətrafındakı qaranlıq sahə) daha da qabarıqlaşır. Bəzi qadınlarda isə kiçik qabarcıqlar (Montqomeri bezləri) görünməyə başlayır.

Həzm sistemi

Hamiləlik hormonları həzm sisteminə də təsir göstərir. Bu dövrdə hamilə qadın mədə yanması, həzmsizlik və qəbizlik kimi həzm problemləri ilə qarşılaşır. Həzm sistemi yavaşlayır və mədənin boşalma müddəti nisbətən uzanır.

Qan dövranı

Hamiləliyin bu həftəsində orqanizmdə qan həcmi artır və ürək daha çox işləyir. Bu, bəzi hamilələrdə yüngül nəfəs darlığı və ya sürətli nəbz hissi kimi simptomlara səbəb olur.

Dəri dəyişiklikləri

Hamiləlik hormonlarının dəridə bəzi dəyişikliklərə səbəb olması da diqqət çəkir. Məsələn, bəzi qadınlar hamiləlik zamanı daha parlaq dəriyə sahib olsalar da, digərlərində dəri ləkələri və ya hamiləlik maskaları kimi tanınan tünd ləkələr yaranır.

Sidik Tezliyi

Hamiləliyin bu həftəsində uşaqlığın nisbətən böyüməsi və sidik kisəsinə təzyiq nəticəsində əksər hamilələrdə sidik ifrazı tezliyi artır. Ona görə də hamilə qadın daha tez-tez sidiyə getmə ehtiyacını hiss etməyə başlayır.

Bütün bu qeyd edilənlərlə yanaşı unutmaq olmaz ki, hamiləlik təcrübəsi hər bir qadında unikaldır və bütün bu simptomlar hər kəsdə baş verməyə bilər.

Hamiləliyin 9-cu həftəsində diqqət edilməli məqamlar

Hamiləliyin doqquzuncu həftəsi bəzi potensial ağırlaşmalarla qarşılaşa biləcəyiniz dövrdür. Bu müddət ərzində nəzərə almalı olduğunuz ilk məqam düşük təhlükəsidir. Belə ki, hamiləliyin bu həftəsi düşük təhlükəsinin yüksək olduğu dövrdür. Buna görə də, qanaxma, şiddətli qarın ağrısı və ya toxuma parçalarının vaginal çıxarılması kimi düşük təhlükəsinin əlamətlərinə diqqət yetirməlisiniz. Bu simptomlardan hansısa biri ilə qarşılaşsanız, dərhal həkiminizlə əlaqə saxlamağınız tövsiyə olunur.

Hamiləliyin bu mərhələsini “hamiləlik toksikozu” olaraq da bilinən şiddətli səhər narahatlığı və qusma halları müşayiət edir. Ancaq həddindən artıq qusma, susuzluq, sidik ifrazının azalması kimi əlamətlər varsa, dehidrasiya riski ilə qarşılaşa bilərsiniz. Bu vəziyyətdə mütləq həkiminizlə əlaqə saxlamalısınız.

Doqquzuncu həftədə yüngül vaginal qanaxma, implantasiya qanaxması və ya uşaqlıqda yüngül qanaxma halları da müşahidə olunur. Bununla belə, ağır qanaxma və ya ağrılı qanaxma halında dərhal həkiminizlə məsləhətləşməlisiniz, çünki bu, ağırlaşmaların əlaməti hesab olunur.

Hamiləlik zamanı inkişaf edə biləcək gestational diabet, yəni hamiləlik şəkərinin riski artır. Doqquzuncu həftədə bu, həkiminiz tərəfindən qlükoza tolerantlıq testi ilə yoxlanılmalıdır. Lazım gələrsə, pəhrizə diqqət yetirmək və ya insulin terapiyası almaq lazımdır. 

Hamiləlik dövründə qidalanma olduqca vacibdir. Doqquzuncu həftədə körpənizin sağlam inkişafı üçün balanslı və sağlam qidalanma planına əməl etməlisiniz. Həkim nəzarəti ilə mütəmadi olaraq prenatal vitamin əlavələrindən istifadə etmək tövsiyə olunur.

Hamiləlik zamanı dərman istifadəsi ilə bağlı diqqətli olmaq vacibdir. Doqquzuncu həftədə hansısa dərman qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz. Bəzi dərmanlar körpənin sağlamlığına zərər verə bilər.

Hamiləliyin 9-cu həftəsində dəri dəyişiklikləri və müalicəsi

Hamiləliyin bu həftəsindəki hormonal dəyişikliklər dəri üzərində də müəyyən təsirlər göstərir. Bunlara sızanaqlar, melazma, dərinin quruması kimi təsirlərdir. Müvafiq olaraq dərini nəmləndirmək, günəşdən qoruyucu kremlərdən istifadə etmək narahatlıqların qarşısını alacaqdır. Lakin bu durum sizi narahat edirsə, həkiminizlə məsləhətləşə bilərsiniz. 

Həmçinin hamiləliyin doqquzuncu həftəsində göz ətrafında şişlik, qara dairələr və ya qızartı kimi problemlərə də rast gəlinir. Bol yuxu, nizamlı idman, su istehlakı və soyuq kompreslərin tətbiqi ilə bu problemləri aradan qaldıra bilərsiniz.

Hamiləlik dövründə hormonal dəyişikliklər və qan həcminin artması səbəbindən damarların genişlənməsi və varikoz genişlənməsi halı da baş verir. Çalışın bu mərhələdə uzun müddət ayaq üstə durmayın, nizamlı məşq edin. Həmçinin rahat paltar geyinmək və ayaqlarınızı dik tutmaq kimi ehtiyat tədbirləri görün. Varikoz damarlarının narahatlığı artarsa, həkiminizlə dərhal əlaqə saxlayın.

Hamiləliyin 9-cu həftəsi: sidik yollarının infeksiyası və müalicə üsulları

Hamiləlik dövründə, xüsusən də doqquzuncu həftədə sidik yollarının infeksiyası (UTI) riski artır. Hansı ki, ciddi qəbul olunmazsa, bu infeksiyalar hamiləlik dövründə ciddi problemə çevrilə bilər. Çünki hamiləlik zamanı immun sistemi zəifləyir və sidik yollarında struktur dəyişiklikləri baş verir. Hamiləliyin doqquzuncu həftəsində sidik yollarının infeksiyaları və müalicə üsulları haqqında bilməli olduğunuz vacib məqamlarla qısa olaraq tanış olaq.

Simptomlar

Sidik yollarının infeksiyasının simptomları aşağıdakı kimidir:

  • tez-tez sidik ifrazı;
  • sidik ifraz edərkən yanma və ya ağrı hissi;
  • köpüklü və ya qoxulu sidik;
  • aşağı qarındakı ağrı və ya təzyiq hissi;
  • sidikdə qan görmək.

Müalicəsi

Sidik yolları infeksiyasının mövcudluğu hamiləlik zamanı diqqətə alınması vacib olan bir haldır. Bu halın müalicəsi ilə bağlı nüansları diqqətinizə çatdırmaq istərdim.

Həkiminizlə dərhal əlaqə saxlayın. UTI simptomlarını gördüyünüz zaman dərhal həkiminizlə əlaqə saxlamağınız vacibdir. Həkiminiz sidiyi test edərək infeksiyaya diaqnoz qoyacaq.

Antibiotik müalicəsi. Hamiləlik dövründə sidik yolları infeksiyalarının müalicəsi adətən antibiotik preparatları ilə aparılır. Bununla belə, hamiləlik zamanı təhlükəsiz olan bəzi antibiotiklərə üstünlük verilir. Həkiminiz də sizin üçün uyğun olan antibiotiki təyin edəcəkdir.

Maye istehlakı. UTI müalicəsi zamanı bol su içmək vacibdir. Maye qəbulu sidik yolları infeksiyasının orqanizmdən çıxarılmasını asanlaşdırır.

Gigiyena. Sidik yolları infeksiyalarının qarşısını almaq üçün gigiyenik tədbirlərin görülməsi də vacibdir. Tualetdən sonra düzgün təmizlik, öndən arxaya silmək və pambıq materialında alt paltarından istifadə kimi ehtiyat tədbirləri görülməlidir.

Sidik yollarının tutulması və sidik ifrazı. Sidik yolu infeksiyalarının qarşısının alınmasında sidiyi mümkün qədər uzun müddət saxlamamaq və sidiyə getmə ehtiyacını gecikdirməmək vacibdir. Tez-tez sidiyə çıxaraq sidik yollarını təmizləyə bilərsiniz.

Sidik yollarının infeksiyaları hamiləlik zamanı ciddi fəsadlara səbəb ola bilər, buna görə də simptomları görəndə dərhal həkiminizlə əlaqə saxlayın.

Hamiləliyin 9-cu həftəsində qidalanma

Hamiləliyin bu həftəsi körpənizin sürətlə böyüdüyü bir dövrdür və bu prosesdə sağlam qidalanma böyük əhəmiyyət kəsb edir. 

Hamiləlik dövründə balanslaşdırılmış və müxtəlif pəhrizə riayət etmək vacibdir. Hər yeməkdə zülal, karbohidrat, sağlam yağlar, lif, vitamin və minerallar olan qidaları seçməyə çalışın. Meyvə, tərəvəz, bütün taxıllar, protein mənbələri (toyuq, balıq, yumurta, paxlalılar), sağlam yağlar (zeytun yağı, avokado) və süd məhsulları kimi qidaları ehtiva edən yemək menyusu hazırlayın.

Hamiləlik zamanı kifayət qədər maye qəbulu çox vacibdir. Su, təzə sıxılmış şirələr, bitki çayları kimi sağlam içkilərə üstünlük verin. Kofeinli içkilərin (qəhvə, çay, qazlı içkilər) istehlakını məhdudlaşdırmaq və ya müvəqqəti dayandırmaq tövsiyə olunur.

Hamiləliyin doqquzuncu həftəsində də fol turşusu və dəmirə ehtiyac artır. Həkimin tövsiyə etdiyi prenatal vitamin əlavələri qəbul etmək vacibdir. Prenatal vitaminlər adətən fol turşusu və dəmir ehtiva edir və bu da körpənizin sağlam inkişafına kömək edir.

Omeqa-3 yağ turşuları körpənizin beyin və göz sağlamlığı üçün vacibdir. Balıq, qoz, çia toxumu kimi omeqa-3 yağ turşuları olan qidaları rasionunuza daxil etmək faydalı olacaq. Bununla belə, tərkibində yüksək civə olan balıqları (köpək balığı, qılınc balığı kimi) istehlak etməmək tövsiyə olunur. Balıq istehlakı üçün həkiminizin tövsiyələrinə əməl edin.

Hamiləlik zamanı hazır yeməklərdən və “fast-foodlardan” çəkinin. Çünki belə qidaların qida dəyəri çox vaxt aşağı olur və tərkibində çoxlu miqdarda duz, şəkər və doymuş yağa rast gəlinir. Bunun əvəzinə təzə və təbii qidaları rasionunuza əlavə edin.

Unutmayın ki, hər bir hamiləlik fərqlidir. Buna görə də hamiləlik dövrünə fərdi yanaşılmalıdır. Ona görə də hansısa narahatlığınız olduqda mütləq həkiminizlə məsləhətləşməlisiniz. Əgər hamiləliyinizin sağlam və rahat davam etməyini istəyirsinizsə, 055 574 70 74 mobil nömrəsi vasitəsilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb, müayinəyə yazıla bilərsiniz.

Şərh yaz