Ana Səhifə » Bloq » Hamiləliyin 15-ci Həftəsində Sizi Nələr Gözləyir?

15 həftəlik hamiləlik

Hamiləliyin 15-ci Həftəsində Sizi Nələr Gözləyir?

Hamiləlik həm həyəcanın, həm də stresin olduğu dövrdür. Bu dövrdə valideyn olmağa hazırlaşanlar hər şeyin rəvan getməsi üçün çox səy göstərirlər. Hamiləliyin 15-ci həftəsi ikinci trimestr adlanan dövrdə baş verir. Bu dövr körpənin orqanlarının fəaliyyət göstərdiyi mühüm dövrdür. Belə ki, bu dövrdə hamilələr bir sıra ümumi simptomlar və dəyişikliklər hiss edəcəklər.

Bu yazımda məhz həmin dəyişikliklərdən, qidalanmadan və bir sıra məsələlərdən bəhs edəcəyəm. 

Hamiləlikdə 2-ci trimestr: 15 həftəlik hamiləliyin simptom və dəyişiklikləri

 

Hamiləliyinin 15-ci həftəsində olan qadınları hamiləliyin bu dövründə nə baş verir sualı maraqlandırır. Hamiləliyin bu dövründə qarın həm körpənin, həm də körpəni əhatə edən amnion kisəsi və amniotik maye kimi strukturların böyüməsi ilə böyüməyə başlayır.

15 həftəlik hamiləlikdə nə baş verir?

15 həftəlik hamiləlikdə nə baş verir sualı da tez-tez verilən suallar arasındadır. Belə ki, hamiləliyin bu dövründə dəridə qaşınma başlaya bilər. Bu qaşınma dərinin dartılması və hormonal disbalans səbəbindən meydana gələ bilər. Lakin bu qaşınmalar şiddətli hal alarsa, mütləq həkiminizə müraciət edin. Çünki bu, daha ciddi xəstəliklərin və patalogiyanın xəbərçisi ola bilər. 

Hamiləliyin 15-ci həftəsi ikinci trimestr deyilən dövrdə baş verir. Bu dövrə gəldikdə isə uşaqlıq və yumurtalıqların yerləşdiyi çanaq nahiyəsinə qan axını artır. Nəticədə, leykoreya adlanan və vaginanı infeksiyadan qorumağa xidmət edən vaginal axıntının artması müşahidə olunur. Vaginal axıntınızın:

  • rəngində dəyişiklik varsa;
  • əgər qoxusunda dəyişiklik varsa, məsələn, balıq iyi gəlirsə;
  • teksturasında dəyişiklik varsa, məsələn, köpüklüdürsə, həkimə müraciət etmək lazımdır.

Həmçinin sidik ifrazı zamanı yanma, vaginada qaşınma və ağrı kimi simptomların olması halında həkimə müraciət edilməlidir.

15 həftəlik hamiləliyin simptomları hansılardır?

15 həftəlik hamiləliyin simptomları ilə bağlı danışmamışdan öncə bilmək lazımdır ki, hamiləlik dövründə qadınlar müxtəlif simptomlarla qarşılaşırlar. Görünən simptomların sayı və şiddəti təbii ki, qadından qadına fərqlidir. Belə ki, ikinci trimestrin başlandığı bu həftədə bəzi qadınlarda simptomlar çoxluq təşkil etsə də, bəzilərində çox az sayda olur. Ortaq olan əsas simptom qarın böyüməsidir ki, bu da hamilələr arasında fərqlilik göstərir. Bu simptomlar arasında qəbizlik, sidik yollarının infeksiyaları, baş ağrısı, ürəkbulanma və qusma, vaginal axıntı, ayaqlarda sancı, döşlərdə həssaslıq kimi dəyişiklikləri qeyd etmək olar. 

Qeyd edilən simptomlar normaldır və əksər hallarda müvəqqəti xarakter daşıyır. Ancaq son dərəcə ciddi simptomlar yaşayır və bundan narahat olursunuzsa, həkiminizlə əlaqə saxlamağınız vacibdir.

15 həftəlik hamiləlikdə körpənin hərəkətləri hiss edilirmi?

15 həftəlik hamiləlikdə körpənin hərəkətləri hiss olunmur, çünki hərəkət etməsi üçün hələ çox balacadır. Belə ki, hamiləliyin 15-ci həftəsində körpə təxminən alma ölçüsündədir. Körpənin boyu təxminən 12 sm, çəkisi isə 85 qr olur. Körpənin hərəkətləri adətən 17-20-ci həftələrdə hiss olunmağa başlayır. 

Lakin bu zaman körpənizdə bir sıra dəyişikliklər olur. Belə ki, hamiləliyin bu həftəsində körpənin orta qulaq sümükləri inkişaf etməyə başladığı üçün ilk dəfə səsləri eşitməyə başlayır. 

15 Həftəlik Hamiləlik - Qidalanma, Diqqət Edilməli Məsələlər

15 həftəlik hamiləlikdə sağlam qidalanma çox vacibdir. Körpənin böyüməsi və inkişafı üçün kifayət qədər qida qəbulu lazımdır. Hamiləlik dövründə qidalanmada nəzərə alınmalı bəzi məqamlar var:

Zülal: Hamiləlik dövründə zülala ehtiyac artır. Ət, balıq, toyuq, yumurta, quru paxlalılar kimi proteinlə zəngin qidalara üstünlük verilməlidir.

Karbohidratlar: Tam taxıl çörəyi, bulqur, tam buğdalı makaron, kompleks karbohidratlar qəbul edilməlidir.

Tərəvəz və meyvələr: Bol tərəvəz və meyvə qəbulu sağlam qidalanma üçün vacibdir. Vitamin və minerallarla zəngin olan bu qidalar körpənin sağlam inkişafı üçün lazımdır.

Süd və süd məhsulları: Kalsium körpənin sümüklərinin inkişafı üçün lazımdır. Süd, qatıq, pendir kimi süd məhsulları qəbul edilə bilər.

Su: Hamiləlik dövründə kifayət qədər su içmək çox vacibdir. Gündə ən az 2-2,5 l su içmək lazımdır.

Həm də hamiləlik dövründə həddindən artıq çəki almaqdan uzaq durmaq lazımdır. Sağlam çəki artımı körpənin sağlam inkişafı üçün vacibdir. Hamiləlik dövründə idman etmək də tövsiyə olunur. 

Həmçinin hamiləliyin bu dövründə fol turşusu və bir sıra vitaminlərin qəbulu da sağlam hamiləlik üçün olduqca önəmlidir. Təbii ki, qeyd edilənlərin hər biri həkim nəzarəti altında olmalıdır. 

15 həftəlik hamiləlikdə cinsi əlaqə

15 həftəlik hamiləlikdə cinsi əlaqə öncəsində həkiminizlə mütləq danışın. Hamiləliyiniz irəlilədikcə cinsi əlaqə ilə bağlı narahatlığınız ola bilər. Buna görə də, cinsi fəaliyyətlə bağlı hər hansı məhdudiyyətin olub-olmadığını öyrənmək üçün həkiminizlə danışın. Əgər həkiminiz bununla bağlı hansısa məhdudiyyət qoymayacaqsa, cinsi əlaqə zamanı rahat bir mövqe seçin. Belə ki, hamiləlik irəlilədikcə rahat bir mövqe seçmək cinsi əlaqə zamanı özünüzü daha rahat hiss etməyinizə səbəb olacaqdır. Cinsi əlaqə zamanı ağrı və ya qanaxma olarsa, mütləq həkimə məlumat verin. 

15 həftəlik hamiləlikdə bel ağrıları

Hamiləliyin irəliləyən həftələrində olduğu kimi bu vaxtı da hamilələr bel ağrıları yaşaya bilərlər. 15 həftəlik hamiləlik zamanı görünən bu ağrılar bədən çəkisinin artması və hormonal dəyişikliklər səbəbindən baş verə bilər. Lakin hamiləliyin daha rahat keçməsi üçün bu ağrıları aradan qaldırmaq vacibdir.

Həkim nəzarəti ilə edilən idman bel ağrılarını aradan qaldırmağa kömək olacaqdır. Həmçinin həkiminizin icazəsi ilə edə biləcəyiniz məşqlər bel əzələlərinizi də gücləndirməyə kömək edəcəkdir.

Bununla yanaşı düzgün oturma və uzanma mövqeləri də bel ağrısının qarşısını alacaqdır. Belə ki, dik oturacaqlardan istifadə etmək onurğanızı düzgün şəkildə hizalamağa kömək etdiyi üçün bel ağrılarının azaldığını müşahidə edə bilərsiniz.

Hamiləliyin 15-ci həftəsində stres

Hamiləliyin 15-ci həftəsində stres bir sıra hamilələrdə rast gəlinən bir haldır və idarə edilməsi çox vacibdir. Həm ananın, həm də körpənin sağlamlığı üçün stres səviyyəsini azaltmaq lazımdır. Bunu bildirdikdə isə hamilələr hamiləlikdə stresi necə azaltmaq olar sualını verirlər. 

Qeyd etmək lazımdır ki, gündəlik həyatınızda yavaşlamaq stresinizi azaltmağa kömək edə bilər. Özünüzə vaxt ayırın və sakit şəkildə edə biləcəyiniz fəaliyyətlərlə məşğul olun. Hamiləlik dövründə yoqa və ya meditasiya kimi fəaliyyətlər sizə sakitləşmək və rahatlamaq üçün kömək edə bilər.

Həmçinin sağlam qidalanın. Hamiləlik dövründə streslə mübarizə aparmaq üçün sağlam qidalanma da vacibdir. Düzgün yemək sizi sağlam saxlayır və streslə mübarizə aparmağa kömək edir.

Sevdiyiniz işlərlə məşğul olun. Belə ki, hamiləlik zamanı streslə mübarizə aparmaq üçün sevdiyiniz şeylərə vaxt ayırmaq – kitab oxumaq, film izləmək və ya hobbilərinizə vaxt ayırmaq sizi rahatlaşdıracaq.

Bu zaman stresin idarə edilməsi və istirahət üsulları həm hamilənin, həm də körpənin sağlamlığı üçün son dərəcə vacibdir. Edə biləcəyiniz sadə üsullarla stres səviyyənizi azalda və hamiləliyinizin sağlam keçməsinə nail ola bilərsiniz. Bununla belə, hər hansı bir sağlamlıq problemi və ya həddindən artıq stres halında mütləq həkiminizə məlumat verib ondan həll yolları üçün dəstək alın. 

Hamilələliyin 15-ci həftəsi: həkimdən tövsiyələr

Daim pəhrizinizə diqqət yetirin. Yeməkdən əvvəl və sonra bol su için. İçdiyiniz su digər qidalar kimi körpənizin inkişafına kömək edir. Belə ki, gündə ən az 8 stəkan su içməyə çalışın, axşam saat 18:00-dan sonra çox su içməyin, yoxsa gecə yuxunuza ara verərək sidiyə getməli olacaqsınız. Yatmaqdan söz düşmüşkən, hər gün eyni vaxtda yatıb, eyni saatda oyanmağa çalışın. Kofeinli içkilərdən, spirtdən və siqaretdən uzaq durun, daimi gəzintilər edin.

Otaq temperaturu 20° C olan yataq otağında yatmağa üstünlük verin, çox isti və ya çox soyuq sizi narahat edə bilər.

Bu dövrdə sizin üçün faydalı ola biləcək bəzi digər içkilər nar suyu, yaşıl çay və zoğal şərbətidir. Bu içkilərin tərkibindəki vitaminlər körpənizin inkişafına kömək edir və vitamin dəstəyi verir.

Ümumi sidik yolları infeksiyalarının qarşısını almaq üçün isə təmizliyinizə diqqət yetirin.

15 həftəlik hamiləlikdə risklər nələrdir?

Bəs 15 həftəlik hamiləlikdə risklər nələrdir? 15-ci həftəni əhatə edən ikinci trimestrdə hamilə qadınlar xəstəlik tarixçələrinə və körpə üçün problem yarada biləcək genetik şərtlərə uyğun olaraq təqib edilməlidir. İkinci trimestr körpənin ürəyinin, ağciyərlərinin, böyrəklərinin və beyni kimi həyati orqanlarının fəaliyyət göstərdiyi bir dövrdür. Buna görə də bu dövrdə körpənin orqan funksiyaları ultrasəs ilə izlənməlidir.

İkinci trimestrdə düşük ehtimalı birinci trimestrdən daha azdır. Ancaq infeksiyalar, plasenta və ya uşaqlıqdakı struktur anomaliyaları aborta səbəb ola bilər. İkinci trimestrdə ən çox görülən ağırlaşma servikal çatışmazlıq, yəni uşaqlıq boynu çatışmazlığıdır. Uşaqlıq boynu lazım olduğundan daha zəifdirsə, buna servikal çatışmazlıq, uşaqlıq boynu çatışmazlığı deyilir. İkinci trimestrdə körpənin böyüyən ölçüsü uşaqlıq boynunun genişlənməsinə səbəb ola bilər ki, bu da düşük və vaxtından əvvəl doğuşla nəticələnə bilər. Erkən dövrdə uşaqlıq boynu çatmazlığı fərq edildiyində uyğun müalicə ilə arzuolunmaz halların qarşısını almaq mümkündür. Qeyd edim ki, uşaqlıq boynunun uzunluğu normal olaraq 3 sm-dən yuxarı hesab olunur, əgər bu uzunluq 3 sm-dən aşağı olarsa, mütləq şəkildə ginekoloqa müraciət edib müvafiq müalicə tədbirləri görülməlidir. 

Ümumiyyətlə, hamiləliyin bütün mərhələləri yaxından izlənilməlidir. Çünki hamiləliyin hər dövrünün öz riskləri var. Həm ananın, həm də körpənin sağlam qalması üçün hamiləlik dövründə lazımi müayinələr edilməli və bunların nəticələrinə görə lazım olduqda müalicəyə başlanmalıdır. Hamiləlikdə mümkün problemlər nə qədər tez aşkar edilərsə, bu problemlər bir o qədər tez həll edilə bilər. Əgər hamiləliyinizin gedişatı ilə bağlı hansısa narahatlıqlarınız varsa, 055 574 70 74 mobil nömrəsi vasitəsilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlaya və müayinə üçün gün ala bilərsiniz.

Şərh yaz