Ana Səhifə » Bloq » Boru Hamiləliyi Nə Vaxt Bilinir? Sualının Cavabı Budur

boru hamileliyi

Boru Hamiləliyi Nə Vaxt Bilinir? Sualının Cavabı Budur

Hər bir qadın hamiləliyinin sağlam olmasını, övladını tez bir zamanda qucağına almağı istəyir. Lakin bəzən hamiləlik düşünüldüyü kimi baş vermir. Hər nə qədər arzulanmasa da bəzi qadınlarda uşaqlıqdankənar hamiləlik baş verir. Uşaqlıqdankənar hamiləlik özü də qarın boşluğu hamiləliyi, yumurtalıq hamiləliyi, uşaqlıq boynu hamiləliyi və boru hamiləliyi olaraq təsnifatlaşdırılır.

Uşaqlıqdankənar hamiləliklər içərisində ən sıx rastlanan isə boru hamiləliyidir. Qadınlarda mayalanmadan doğuşa qədər olan prosesin sağlam şəkildə tamamlanması müəyyən addımlar tələb edir. Bunlardan biri də döllənmiş yumurtanın uşaqlığın daxilində öz yerini düzgün tutmasıdır. Sağlam hamiləliyin formalaşmasında mayalanmış yumurta uşaqlıqda endometrium təbəqəsinə yapışır və öz inkişafına başlayır. Döllənmiş yumurtanın (embrionun) borularda yapışmasına isə boru hamiləliyi deyilir. Bu, uşaqlıqdankənar hamiləlik olduğu və sağlam hamiləlik olmadığı üçün ananın sağlamlığında həyati risklər yaradır. Bu şəkildə inkişaf edən hamiləliyin davam etdirilməsi mümkün deyil və ən qısa zamanda hamiləlik sonlandırılmalıdır.

 

Boru hamiləliyinin simptomları: Erkən diaqnoz üçün nələrə diqqət etmək lazımdır?

Uşaqlıqdankənar hamiləliyin bu növü adətən fallop və ya uşaqlıq borularında baş verir, lakin bəzi hallarda yumurtalıq və digər yerlərdə də görünə bilər. Belə hamiləliyin simptomları aşağıdakıları əhatə edir:

Qarın ağrısı. Bu hamiləlik çanaq nahiyəsində və ya qarında şiddətli ağrıya səbəb ola bilər. Bu ağrı adətən birtərəfli olur və davamlı olaraq davam edir.

Ağır menstrual qanaxma. Uşaqlıqdankənar hamiləlikdə qanaxma normal menstruasiya dövründən fərqli olur. Belə ki, qanama daha yüngül olmaqla yanaşı, həm də çox şiddətli ola bilər.

Çanaq bölgəsində həssaslıq. Sözügedən hamiləlikdə çanaq bölgəsində həssaslıq hiss edilir. Bu həssaslıq isə ağrı və ya narahatlığa səbəb olur.

Ürəkbulanma və qusma. Ürəkbulanma və qusma hamiləliyin ümumi simtomu olsa da, uşaqlıqdankənar hamiləlikdə də baş verir.

Baş gicəllənməsi və özündəngetmə. Qanaxma və qan təzyiqindəki dəyişikliklər səbəbiylə başgicəllənmə və özündəngetmə kimi halların yaşanması mümkündür.

Boru hamiləliyi tarixçəsi. Əvvəllər elə hamiləlik keçirmiş qadınlarda bu halın təkrarlanma riski daha yüksəkdir.

Bu durumun müalicəsində erkən diaqnoz çox vacibdir və bunun üçün nəzərə alınmalı bəzi məqamlar var. Belə ki, uşaqlıqdankənar hamiləliyin diaqnozu üçün hamiləlik ələmətlərini təqib etmək, müntəzəm ginekoloji müayinələrdə olaraq USM etdirmək, risk faktorlarının qiymətləndirilməsi olduqca önəmlidir.

Qeyd etmək lazımdır ki, diaqnoz erkən vaxtlarda qoyulmazsa və müalicə olunmazsa, hamilə həyati təhlükə ilə qarşılaşa bilər. Buna görə də hamiləlik əlamətlərində hər hansı dəyişiklik görsəniz, dərhal ginekoloqunuzla əlaqə saxlamalısınız.

Boru hamiləliyinin səbəbləri: Niyə baş verir və bunun qarşısını necə almaq olar?

Hər nə qədər də arzulanmasa da müəyyən səbəblərdən dolayı uşaqlıqdankənar hamiləlik baş verir. Sözügedən hamiləliyin səbəbləri arasında uşaqlıq borularının zədələnməsi, hormonal balanssızlıq, hamiləliyin qarşısını almaq üçün müraciət edilən üsullar və s. yer alır.

Fallop və ya uşaqlıq borularının zədələnməsi. Fallop boruları yumurtanın uşaqlığa çatmasını təmin edən kanallardır. Bu kanallarda hər hansı bir zədə və ya tıxanma olarsa, sperma və yumurtanın birləşməsindən mayalanan yumurta uşaqlıq borularında qala və nəticədə uşaqlıqdankənar hamiləlik yarana bilər.

Hormonal balanssızlıqlar. Hormonlardakı balanssızlıqlar da bu halın baş verməsinin səbəbləri arasındadır. Hormonlardakı bu balanssızlıqlar uşaqlıq borularının hərəkətinə təsir göstərərək hamiləliyin uterusda yerləşməsinə mane olur.

Doğuşa nəzarət üsulları. Uşaqlığın daxilinə yerləşdirilən spiral və bu kimi hamiləliyin qarşısını alan üsullar da nadir hallarda belə hamiləliyə səbəb olur.

Sonsuzluq müalicəsi. Sonsuzluq müalicəsi ilə yumurtalıqlar stimullaşdırılır və mayalanma təmin edilir. Bu prosedur zamanı döllənmiş yumurta uşaqlıq borularından başqa bir sahədə qalsa, uşaqlıqdankənar hamiləlik inkişaf edə bilər.

İnfeksiyalar. Bu növ hamiləliyin səbəbləri arasında infeksiyalar da yer alır. Uşaqlıq yolunda və ya fallop borularında baş verən infeksiyalar bu bölgələrin strukturunu poza və nəticədə belə hamiləliyə səbəb ola bilər.

Sözügedən hamiləliyin qarşısını tam almaq mümkün olmasa da, qarşısını almaq üçün müəyyən addımlar ataraq riski azaltmaq olar. Bu addımlara cinsi sağlamlığın və gigiyenanın qorunması, müntəzəm ginekoloji müayinələr, hamiləlikdən qorunma üsullarının düzgün seçilməsi və bu müddət ərzində diqqətli olmaq, həmçinin siqaret və alkoqollu içkilərdən istifadəni dayandırmaq daxildir.

Boru hamiləliyinin müalicəsi: hansı müalicə üsulları mövcuddur?

Belə hamiləlik təcili tibbi yardım tələb edən ciddi bir vəziyyətdir. Tibbi müdaxilə ilə embrion uşaqlıq borusundan çıxarılır və qanaxma, infeksiya kimi mümkün fəsadların qarşısı alınır. Belə hamiləliyin digər müalicə üsulları bunlardır:

Laparoskopik cərrahiyyə: Bu minimal invaziv cərrahi əməliyyat göbək altından kiçik bir kəsiklə aparılır. Laparoskopik cərrahiyyə embrionun fallop borusundan çıxarılmasını, o cümlədən borunun bərpası və ya çıxarılmasını əhatə edir.

Dərman müalicəsi: Dərman müalicəsi ilə embrionun böyüməsi dayandırılaraq hamiləlik sonlandırılır. Bu zaman dərman adətən venadaxili və ya əzələdaxili yeridilir. Bu üsul laparoskopik cərrahiyyə kimi təsirli ola bilər, lakin hamiləliyin erkən mərhələlərində daha uğurlu nəticəsi olur.

Təcili cərrahiyyə: Əgər embrionun uşaqlıq borusuna vurduğu zərər böyükdürsə, qanaxma ciddi bir hal ala və buna görə təcili əməliyyat oluna bilər. Belə olduqda isə uşaqlıq borusu tamamilə və ya qismən çıxarılır.

Hansı müalicə üsulunun istifadə ediləcəyi hamilənin vəziyyətindən və hamiləliyin gedişatından asılıdır. Həkim hamilənin sağlamlıq vəziyyətini və hamiləliyin gedişatını qiymətləndirdikdən sonra ən uyğun müalicə variantını təyin edəcək.

Boru hamiləliyinin risk faktorları: Kimlər yüksək riskdədir?

Boru hamiləliyi hər bir qadının başına gələ biləcək bir hamiləlikdir. Lakin müəyyən amillər var ki, bunlar belə hamiləliyin başvermə ehtimalını daha da artıracaqdır:

Yaş. 35 yaşdan yuxarı qadınlar belə hamiləlik üçün daha yüksək risk qrupundadırlar.

Əvvəlki hamiləliyin boru hamiləlik olması. Daha əvvəl belə bir hamiləlik keçirmiş qadınlar növbəti hamiləliklərində də bu hal ilə üzləşə bilərlər.

Boruların zədələnməsi. Uşaqlıq borularında hər hansı bir zədə və ya tıxanma da risk daşıyır.

Çanaq infeksiyaları. Cinsi yolla keçən infeksiyalar da uşaqlıqdankənar hamiləliyin riskini artıra bilər.

Doğuşa nəzarət metodundan istifadə etməmək. Doğuşa nəzarət metodundan istifadə etməmək hamiləlik şansını artırır və buna görə də paralel olaraq uşaqlıdankənar hamiləlik riski də artır.

Progesteron səviyyəsinin aşağı olması. Progesteron hormonu uşaqlıqdakı toxumaları qalınlaşdıraraq hamiləliyin davamını dəstəkləyir. Progesteron səviyyəsinin aşağı olması də risklidir.

Endometrioz: Endometrioz uşaqlığın içindəki toxumaların uşaqlığın xaricində böyüməsinə səbəb olan bir vəziyyətdir. Bu da özlüyündə belə hamiləliyinin riskini artıra bilər.

Uşaqlıqdankənar hamiləlik tez-tez simptomlar görünməzdən əvvəl aşkar edilmir. Bu səbəbdən belə hamiləlik riski olan qadınlar hamilə qalmağı planlaşdırdıqları zaman mütəmadi olaraq ginekoloji müayinədən keçməli və hamiləlik zamanı əlamətlər yarandıqda dərhal həkimə müraciət etməlidirlər.

Erkən diaqnoz sözügedən hamiləliyin ciddi fəsadlarının qarşısını almaq üçün çox vacibdir.

Boru hamiləliyinin sonrakı hamiləliklərə təsiri

Uşaqlıqdankənar hamiləlik keçirmiş qadınlar növbəti hamiləliklərində ehtiyat tədbirləri görmək üçün bəzi addımlar ata bilərlər. Birincisi, hamilə qalmadan əvvəl mütəmadi olaraq həkimə müraciət etməli və ginekoloji müayinədən keçməlidirlər. Bu, hər hansı risk faktorunu erkən aşkar etməyə kömək edəcəkdir.

Hamilə olduqda daha öncədən də belə bir hamiləlik keçirmiş qadınlar müntəzəm ginekoloji müayinələrlə yanaşı, bu halın erkən aşkarlanması üçün simptomları da izləməlidirlər. Belə hamiləliyin simptomlarına qarın ağrısı, vaginal qanaxma, başgicəllənmə, zəiflik, çiyin ağrısı və aşağı qan təzyiqi daxildir. Bu əlamətlər meydana çıxdıqda dərhal həkimə müraciət edə və erkən diaqnoz və müalicə üçün lazımi tədbirləri görə bilərlər.

Yekun olaraq qeyd edək ki, uşaqlıqdan kənar hamiləlik keçirmiş qadınlar növbəti hamiləliklərində həkimləri ilə yaxından işləməli və uşaqlıqdankənar hamiləlik riskini azaltmaq üçün lazımi tədbirlər görməlidirlər. Müntəzəm ginekoloji müayinələr, doğuşa nəzarət üsulları kimi addımlar boru hamiləliyinin riskini azaltmağa kömək edəcəkdir və unutmayın ki, sağlam hamiləlik üçün bu vacibdir.

Boru hamiləliyinin zamanında aşkarlanması qadının sağlamlığı üçün olduqca önəmlidir. Əgər sizin hamiləliyinizlə bağlı hansısa şübhələriniz varsa, zaman itirmədən 055 574 70 74 mobil nömrəsilə əlaqə saxlayıb mama-ginekoloq Xanım Adıgözəlovadan məsləhət ala və həkimin qəbuluna yazıla bilərsiniz.

Şərh yaz