Ana Səhifə » Bloq » Hamiləlik Testləri Haqqında Doğru Bilinən Yanlışlar

Hamiləlik Testləri Haqqında Doğru Bilinən Yanlışlar

Hamiləlik testi hamiləliyi erkən mərhələlərdə aşkarlamağa imkan verən test növüdür. Bu testlər qan və sidik nümunəsindən istifadə olunaraq həyata keçirilir. Sidik vasitəsilə edilən testlər ev şəraitində saniyələr içində hamiləliyi aşkarlamağa imkan verən cihazlardır.

sidik analizi

Apteklərdə bu test növlərinin geniş çeşiddə olmasına baxmayaraq, hamiləlik testləri arasında ciddi bir fərq yoxdur. Çünki testlərin işləmə prinsipi eynidir. Bütün bu testlər sidikdə HCG və ya XQ (Human Chorionic Gonadotropin və ya Xorionik Qonadotropin) hormonunun səviyyəsini müəyyənləşdirir. Beta XQ hormonu döllənmiş yumurtanın uşaqlıq divarına birləşdiyi dövrdən başlayaraq embrionun xovları tərəfindən sintez olunur. 

Bu hormon hamiləliyin baş verdiyi dövrdən qadının qanında və sidiyində aşkarlanır. Qanda XQ hormonu hamiləliyin daha erkən mərhələlərində aşkarlana bilir. Qan testlərinin sidik testlərindən üstünlüyü ondadır ki, XQ hormonunu hamiləliyin erkən mərhələlərində qan vasitəsilə aşkarlamaq olur. Çünki bu hormon qanda sidiklə müqayisədə daha tez yüksəlir. 

Onu da qeyd edim ki, hamiləliyin təsdiqlənməsi üçün qan analizi sidik testi ilə müqayisədə daha dəqiq metoddur. Hamilə olmayan qadınlarda XQ hormonu qan analizi nəticələrində, əsasən 0 və 0-a yaxın rəqəmləri göstərir. Ümumilikdə isə hormonun göstəricisi 5 mlU/ml-dən aşağı olur. Hamilə qadınlarda isə XQ hormonu qeyd olunan rəqəmdən daha yüksək olur. 

Hamiləlik testləri nə vaxt və necə aparılmalıdır ?  

  Hamiləlik testi, adətən aybaşının gecikdiyi gündən 2 həftə ərzində həyata keçirilir. Lakin əgər hamiləlik baş veribsə, test etmək üçün aybaşı gecikməsini gözləməyə ehtiyac yoxdur. Hətta aybaşı dövrünün ortasında belə test etmək mümkündür. Çünki mayalanma aybaşı dövrünün tam ortasında getdiyi üçün embrion uşaqlığa 10 gün ərzində birləşir. Nəticədə hamiləliyin göstəricisi olan XQ hormonu qanda və sidikdə yüksəlir, buna görə də test  müsbət nəticəni göstərə bilir.   

  Ev şəraitində sidik vasitəsilə hamiləliyi təyin edən testləri etməzdən əvvəl test təlimatlarını oxumaq vacibdir. Belə ki, işləmə prinsipi eyni olsa belə cihazların istifadəsi bir qədər fərqlənir. Məsələn, bəzilərində test kağızını sidik qabına batırmaq, bəzilərində isə istifadəsi çox rahat olan mini pipetlər vasitəsilə sidikdən qeyd olunduğu qədər nümunə götürülərək test aparılır. Nəticənin dəyərləndirilməsi də təlimatlarda qeyd olunduğu kimi aparılmalıdır. Bu vaxt adətən, 1-5 dəqiqə arasında dəyişə bilər. Odur ki, testi etmədən əvvəl təlimatları diqqətlə oxumaq məsləhətdir. 

Testi edərkən diqqət etməli olduğunuz daha bir vacib məqamı qeyd edim. Hamiləlik testini sidiyə gedən zaman birbaşa sidik axınının altına qoymaq və ya tutmaq olmaz. Bu, yanlış nəticəyə səbəb olacaq. Bundan başqa, nəticəni dəqiqləşdirmək üçün 1-3 gün ərzində testi yenidən etməyiniz məsləhətdir. Əgər nəticə yenə də müsbət çıxarsa, ilk növbədə ginekoloqa müraciət etməlisiniz.

Yanlış mənfi və yanlış müsbət cavab 
Neqativ ve ya pozitiv

“Ginekoloqa müraciət edin.” cümləsini boş yerə vurğulamadım, çünki testlərin göstərdiyi həm müsbət, həm də mənfi cavablar yanlış ola bilər. Doğru cavabı isə yalnız ginekoloq verə bilər. Gəlin, ilk olaraq yanlış müsbət cavaba səbəb olacaq faktorlara nəzər yetirək.  

Buna səbəb testdəki texniki nasasızlıqdan tutmuş, ciddi ginekoloji xəstəliklər və bir çox faktorlar ola bilər. Həmçinin, testin təlimatlarına düzgün riayət etmədən yanlış istifadə olunması səhv nəticə göstərə bilər. Bunban başqa, hamiləlik testi sürətli edilərsə, böyük ehtimalla nəticə yanlış olacaq.  

 Abort və düşüklərdən sonrakı müsbət cavab 

Düşük, ölü doğum və abortdan sonra 2-4 həftə ərzində XQ hormonunun səviyyəsi düşməyə bilir. Bu səbəbdən həmin dövrdə edilən hamiləlik testinin cavabı yanlış olacaq.

Ciddi xəstəliklərin göstəricisi müsbət cavab

Təəssüf ki, bəzi hallarda müsbət nəticə göstərən test süd vəzi, mədə, beyin və ağciyər xərçənginin, həmçinin, yumurtalıq şişlərinin xəbərçisi ola bilər. Ona görə dəqiq diaqnostika üçün, həmçinin şübhələrdən və qorxulardan qurtulmaq üçün ginekoloq müayinəsindən keçmək vacibdir.  

 Süni mayalanma zamanı müsbət cavab  

Əgər qadın süni mayalanmaya hazırlaşdığı dövrdə hamiləlik test edərsə, testin müsbət çıxma faizi yüksəkdir. Çünki süni mayalanmadan əvvəl həkim tərəfindən yumurtlama üçün bəzi hormonal preparatlar təyin olunur. Bunlar XQ hormonunu yüksəltdiyi üçün yalnış nəticələrə səbəb olur.  

Doğumdan sonrakı müsbət cavab

Hamiləlik testi doğumdan sonrakı 3-4 həftə ərzində müsbət nəticə göstərə bilir. Bu səbəbdən doğumdan sonrakı bu dövrdə test etmək doğru deyil. Ancaq hər ehtimala hamiləliyi istisna etmək üçün ginekoloq müayinəsindən keçmək vacibdir.

Yanlış mənfi cavab  

Hamiləlik testinin nəticəsimənfi olarsa, bu əksər hallarda hamiləliyin baş vermədiyini göstərir. Lakin şübhə yaradan hamiləlik əlamətləri (səhər ürəkbulanması, başgicəllənmə, tez-tez sidiyə getmə, qarnın aşağı hissəsi və süd vəzilərində ağrı) olarsa, dəqiq diaqnostika üçün ginekoloq konsultasiyasına yazılmaq vacibdir.   

Testin mənfi çıxmasının digər səbəbləri arasında testin texniki nasaz olması, hamiləliyin aybaşıdan əvvəl baş tutması və XQ hormonunun lazımi səviyyəyə çatmaması, düşük olma ehtimalları da yer alır.  

Şübhə yaradan digər bir hal isə testlərin fərqli cavablar göstərməsidir. Bu və qeyd olunan digər bütün hallarda sizə dəqiq cavabı yalnız ginekoloq verə bilər. Çünki ginekoloq sizdən anamnez toplayaraq, lazım olan digər müayinələri edərək, sizin hamilə olub-olmadığınızı dəqiq deyə bilər.

Ev şəraitində alınan müsbət cavab hansı təhlükələrə yol aça bilər? Müsbət cavab aldıqdan sonra qadının növbəti addımı nə olmalıdır?

Təəssüf ki, hamiləlik heç də həmişə lazım olduğu yerdə, yəni uşaqlıqda baş tutmur. Praktikada uşaqlıqdan kənar hamiləliklərə kifayət qədər rast gəlinir. Bu növ hamiləliklər qadın sağlığı üçün, hətta həyatı üçün ölümcül təhlükə yarada bilir.      

     Uşaqlıqdan kənar hamiləlik necə baş verir?

Normalda döllənmiş yumurta Fallop (uşaqlıq boruları) borularından uşaqlığa gedərək orada inkişafına davam edir. Əgər yumurtanın hərəkətinə mane olacaq faktorlar olarsa, o zaman yumurta uşaqlıq borusunda qalmış olur. Nəticədə uşaqlıqdan kənar hamiləlik baş verir. 

Bəzən isə yumurta qarın boşluğu və bədənin digər nahiyələrində yerləşərək uşaqlıqdan kənar hamiləlik yarada bilir. Bu yumurta özünə vacib olan mühitdə, yəni uşaqlıqda olmadığı üçün inkişafdan qalacaq. Lakin vaxtında müdaxilə edilərək bədəndən xaric edilməzsə, uşaqlıq borusunun partlamasına və daxili qanaxma yaradaraq qadının ölümünə səbəb ola bilir.  Sağlamlığınızı bu cür təhlükəli hallardan sığortalamaq üçün testdən sonrakı növbəti addımınız ginekoloq müayinəsi olmalıdır.  

Şərh yaz