Ana Səhifə » Bloq » Hamiləlikdən Qorunmağın Yolları: 100% Effektiv Üsullar Bunlardır

Hamiləlikdən Qorunmağın Yolları: 100% Effektiv Üsullar Bunlardır

Arzu olunmayan hamiləliklərin qarşısını almaq üçün tətbiq olunan metodlar kontrasepsiya adlanır. Kontrasepsiyanın əsas məqsədi yumurta hüceyrə ilə spermatozoidlərin birləşməsinin qarşısını almaq, həmçinin artıq döllənmiş yumurtanın uşaqlığa birləşməsinə mane olmaqdır. Müasir tibb hamilə qalmamaq üçün bir çox effektiv metodlar təklif edir. Bunlar arasında həm qadınlar, həm də kişilər üçün fərqli yollar var.    

hamilelik hebleri

Hamiləlikdən qorunma yolları aşağıdakılardır:

  • Hormonal metodlar
  • Uşaqlıq daxili metodlar
  • Baryer metodlar
  • Cərrahi metodlar  
  • Təbii yollar   
  • Xalq təbabəti metodları

 Qadınlar üçün olan hormonal metodların bir neçə növü var. Bunlara hamiləlikdən qorunma həbləri, iynələr və dərialtı implantlar daxildir.  

Hamiləlikdən qorunma həbləri

  Bu həblər progesteron və estrogen hormonlarının kiçik dozalarından ibarət olub, yumurtlama prosesinin baş verməsinin qarşısını alır. Düzgün istifadə edildikdə 99% qorumaya malikdirlər.   

  Digər kontraseptiv həb növü mini həblərdir. Onların tərkibində yuxarıdakılardan fərqli olaraq yalnız progesteron hormonu vardır. Mini həblər 97% qorumaya malikdirlər.

   Ertəsi gün həbləri cinsi əlaqədən sonrakı ilk 12 saatda qəbul edilməsi məsləhət görülən həblərdir. Bu həblər döllənmiş yumurtanın uşaqlıq daxilinə yerləşməsinin qarşısını alırlar. 80-85% qorumaya malikdirlər. 

  Tərkibi progesteron və estrogen tərkibli aylıq iynələr hər ay davamlı vurulduqda 99% qorumaya malikdirlər. Üç aydan bir vurulan progesteron tərkibli üç aylıq iynələr isə hormonal metodlar arasında ən yüksək qoruyuculuğa malikdirlər.

  Digər hormonal metod dərialtı implantlardır. Yumurtlama prosesinin qarşısını alan bu implantlar 3 il ərzində 99% faiz qorumaya malikdirlər.

Uşaqlıq daxili metodlarda uşaqlıq daxilinə iki növ spiral yerləşdirilir: adi -mis tərkibli və hormonal spirallar.

Baryer metodlarına gəlincə, onların 3 növü var: 

  • Prezervativ
  • Diafraqma 
  • Spermisidlər 
prezervativler

Prezervativlər cinsi əlaqə zamanı penisin sərtləşməsi anında taxılan qoruma vasitəsidir. Hamiləlikdən 88% qorumaya malik olan prezervativlər bu funksiya ilə  yanaşı, cinsi yolla keçən infeksiyalardan qoruduğu üçün həkimlər tərəfindən ən çox məsləhət görülən metodlardan biridir. 

Diafraqma adlandırılan metodda isə cinsi əlaqədən əvvəl uşaqlıq yolunun ağzına papağa bənzər kauçuk yerləşdirilir. Bu metod 82% qorumaya malikdir. 

Spermisidlər cinsi əlaqədən əvvəl uşaqlıq yoluna yeridilən vasitələrdir. Krem, köpük, tablet, gel və digər formalarda olan spermisidlər 70-79% qorumaya malikdirlər.    

Cərrahi metodlar

Hamiləlikdən qorunmaq üçün cərrahi metodlar həm kişilər, həm də qadınlar üçün keçərlidir. Bunun üçün qadınlarda cərrahi yolla uşaqlıq boruları bağlanır. Kişilərdə isə vazektomiya adlanan sperma kanalları bağlanması əməliyyatı həyata keçirilir. Cərrahi metodlar geri dönüşü çox çətin metodlar olduğu üçün 100% uşaq istəməyən cütlüklərin bu yolu seçməsi məsləhətdir.

Hamiləlikdən təbii qorunma yolları  

Aile planlamasi

Müasir kontraseptiv vasitələrin çoxluğuna baxmayaraq təbii qorunma yollarına hələ də çox üstünlük verilir. Bunun əsas səbəbi insanlar arasında təbii qorunma yollarının daha sağlam olması düşüncəsidir. Belə ki, təbii qorunma zamanı bədənə heç bir hormonal və tibbi müdaxilə olunmadığı üçün insanlar bunun daha təhlükəsiz yol olduğunu düşünürlər. Lakin paradoks ondadır ki, təbii qorunma yolu hamiləliyə ən çox səbəb olan yoldur. Hamiləlik baş verdikdən sonra isə hamiləliyi dayandırmaq üçün bədənə istər-istəməz müdaxilə olunmalı olur.

Təbii qorunma yolları aşağıdakılardır:

  • Cinsi əlaqənin yarıda kəsilməsi (xaricə boşalma)
  • Təqvim metodu  
  • Uşaqlıq yolunun yuyulması  
  • Vaginal seliyə nəzarət  
  • Bazal temperatura nəzarət     

  Cinsi əlaqənin yarıda kəsilməsi metodunda kişi sperma boşalması zamanı geri çəkilir və spermanın  uşaqlıq yoluna daxil olmasının qarşısını alır. Bu metodun bir çox mənfi cəhəti var. Bunlardan birincisi hamiləlikdən qoruma faizinin cəmi 60%-ə qədər olmasıdır. Qoruma faizinin bu qədər aşağı olmasının bir neçə səbəbi var. Məsələn, boşalma vaxtı düzgün təyin edilmədikdə sperma uşaqlıq yoluna axa bilər. Həmçinin, boşalma zamanı spermanın çox hissəsi xaricə boşaldılsa belə, bir hissəsi uşaqlıq yoluna axa bilər. 

Xaricə boşalma metodu ilə hamilə qalmaq riski xüsusilə də qadınlarda yumurtlama dövründə yüksəkdir. Bu metod həm də ona görə risklidir ki, sperma boşalmasına qədər penisdən şəffaf rəngli, sürüşkən maye ifraz olunur. Bu mayenin içində isə hamiləliyə gətirib çıxara bilən yüz minlərlərə sperma vardır.   

Cinsi əlaqənin yarıda kəsilməsi psixoloji olaraq da cütlükləri narahat edən bir yoldur. Belə ki, cinsi əlaqə zamanı kişinin nə zaman və necə boşalacağı haqqında düşüncələri, qadının hamilə qalmaq qorxusu prosesə fokuslanmanı azaldaraq həzz hissinin azalmasına səbəb olur. Cinsi əlaqə zamanı yaşanan bu narahatlıqlar davamlı olarsa, cinsi istəksizliyə, cütlük arasındakı münasibətin pozulmasına gətirib çıxara bilir.

Təqvim metodu   

  Bu metoddan yararlanan qadınlar yumurtlama dövrünü hesablayaraq, hamiləlikdən qorunmağa çalışırlar. Aybaşı dövrü müntəzəm olan qadınlarda bu metod 75%-ə qədər qorumaya malikdir. Hər qadında aybaşı dövrü müxtəlif olduğu (21-35 gün arası) üçün yumurtlama dövrü fərqli günlərdə baş verir. Məsələn, 28 günlük aybaşı dövrü olan qadınlarda yumurtlama dövrün ortasına, yəni 13-14-cü günlərə düşür. Hamiləlik riskinin az olduğu günlər aybaşıdan sonrakı 2-5 gün və aybaşıya çox yaxın günlərdir. Təqvim metodunun mənfi cəhətlərinə gəlincə, deməliyəm ki, yumurtlama günləri qeyd olunan günlərdən tez və ya gec baş verə bilər. Xüsusilə də aybaşı dövrü qeyri-müntəzəm olan qadınlar üçün bu metod kifayət qədər risklidir.

Uşaqlıq yolunun yuyulması   

Qadınlar arasında ən çox yayılan digər təbii qorunma yolu cinsi əlaqədən dərhal sonra uşaqlıq yolunun yuyulmasıdır. Lakin bu metodun heç bir qoruyuculuq xüsusiyyəti yoxdur. Zərəri isə kifayət qədərdir. Belə ki, sabun və su ilə uşaqlıq yolunun yuyulması floranın zədələnməsinə, pH səviyyəsinin dəyişməsinə və müxtəlif infeksiyaların yaranması üçün münbit şəraitin yaranmasına olur.

Vaginal seliyə (şirəyə) nəzarət metodu  

Bu metodun əsasında vaginal şirənin analizi durur. Şirənin konsistensiyasına, miqdarına və rənginə görə cinsi əlaqənin təhlükəsiz ola biləcəyi günlər seçilir. Məsələn, aybaşı bitdikdən dərhal sonra demək olar ki, şirə ofrazı olmur və bu dövr “quru” dövr adlanır. Bu dövrdəki cinsi əlaqə təhlükəsiz hesab olunur. Yumurta hüceyrənin yetişməyə başladığı dövrdə (ovulyasiya dövrü) vaginal şirənin miqdarı artır, rəngi tündləşə bilir və yapışqan konsistensiyaya malik olur. Bu “yaş” dövr isə cinsi əlaqə üçün təhlükəli günlər hesab olunur.

Temperatura nəzarət metodu

 Bu metodun əsasında bədənin bazal temperaturunun ölçülməsi durur. Bazal temperatur anusa termometr daxil edilməklə yoxlanılır. Menstrual dövrün əvvəlində qadın bədəninin istiliyi adətən, ovulyasiya olan günlərdən fərqli olaraq aşağı olur. Temperatur dəyişikliyinə nəzarət edərək, cinsi əlaqə üçün təhlükəsiz və təhlükəli günlər seçilir.

Hamiləlikdən qorunma üçün xalq təbabəti metodları

Xalq təbabətində istifadə olunan bəzi bitkilər erkən hamiləliyi poza bilir. Bu xüsusiyyətlərinə görə, bəzi qadınlar erkən hamiləliyi pozmaq üçün xalq təbabətinə üz tuturlar. Həmin bitkilər uşaqlığın yığılmasını artırır və qanı durulaşdıraraq qanaxma verir. Nəticədə erkən hamiləlik pozulur. Lakin bu metodlar qanaxmaya səbəb olduğu üçün kifayət qədər təhlükəlidirlər. Həmçinin, xalq təbabəti metodlarının təsirləri haqqında kifayət qədər araşdırmalar və təhlükəsizliyi barədə sübutlar olmadığı üçün həkimlər tərəfindən məsləhət görülmür.

   Gördüyünüz kimi, bütün metodların üstün və çatışmayan cəhətləri var. Bir metod bəzilərinə tam uyğun olduğu halda, digər cütlüklər üçün tamamilə uyğun olmaya bilər. Ona görə də arzulanmayan hamiləlikdən qorunmaq üçün sizin və partnyorunuzun sağlamlıq vəziyyətinə, yaşına, uşaq sahibi olub-olmama, cinsi həyatın aktivliyi kimi ciddi faktorlar nəzərə alınaraq individual şəkildə bir və ya bir neçə metod seçilə bilər. Buna görə də ən uyğun olan kontraseptiv metodları seçmək üçün qadınların ginekoloji müayinədən keçməsi, kişilərin isə sperma analizi verməyi məsləhətdir. Həkim alınan nəticələri analiz edərək, sizə uyğun kontraseptiv vasitələrin seçilməsində kömək olacaq.

Şərh yaz