Uşaqlıq daxili vasitələr hamiləliyə qarşı ən effektiv qoruma vasitələrindən biridir. Xalq arasında “spiral” adı ilə tanınan bu alətlərə çox üstünlük verilməsinin kifayət qədər səbəbləri var. Belə ki, cəmi 1-2 dəqiqə ərzində ağrısız taxılan spiralın rahatlığı, az hallarda problem yaratması, illərlə qoruyuculuq təsirinə malik olması, davamlı maddi xərc tələb etməməsi, süd verən anaların belə spiraldan yararlana bilməsi ən əsas üstünlükləridir.
Uşaqlıq daxili vasitələrin iki növ olur: Mis tərkibli (adi) və hormonal spirallar.
Adi spirallar
Bu spirallar mis tərkibli olub, spermanın hərəkətinə mane olaraq, döllənmə prosesini pozur. Həmçinin, embrionun uşaqlığa birləşməsinə imkan vermir.
Mis tərkibli uşaqlıqdaxili vasitələr 3 ildən 5 ilə qədər etibarlıdır.
Mis tərkibli spirallar aybaşı pozulmalarına, qanamalara, aybaşı zamanı qan miqdarının artmasına, qasıq nahiyəsində ağrılara, uşaqlıqdan kənar hamiləliklərə səbəb ola bilirlər. Qanamanın artması müxtəlif mikroorqanizmlərin inkişafı üçün münbit şərait yaratmış olur. Bu isə vaginit (uşaqlıq yolunun iltihabı) və endometrit (uşaqlığın endometrium qatının iltihabı) kimi problemlərə səbəb ola bilir.
Əks-göstərişlər
Spiralların ümumi əks-göstərişləri ilə yanaşı, misə allergiyası olan və Wilson xəstəliyi (beyin, qaraciyər və digər orqanlarda mis toplanmasına səbəb olan nadir xəstəlik) olan qadınlara mis tərkibli spirallar əks-göstərişdir.
Hormonal spirallar
Bu spiralların işləmə mexanizmi onların tərkibindəki sintetik progesteron hormonu olan levonorgestrel molekulasının təsiri nəticəsində baş verir. Bu molekula spermotozoidlə yumurta hüceyrənin döllənməsinə mane olduğu üçün, həmçinin uşaqlıq divarını incəltdiyi üçün istənməyən hamiləliyin qarşısını alır. Uzunluğu 3-4 sm olan bu spirallar elastik plastikdən hazırlanır. Hormonal spirallar uşaqlığa yerləşdirdiyi andan etibarən hormon sintezinə başlayır.
Müsbət cəhətləri
- 5 illik təsir müddətinə malikdirlər
- Aybaşı sancılarını azaldırlar
- Ana südü və yeni doğulan körpənin inkişafına neqativ təsirləri yoxdur.
Ən müsbət cəhətlərindən biri də odur ki, mis tərkibli spirallardan fərqli olaraq qanama yaratmırlar. Bu xüsusiyyətinə görə, hormonal spiralları hətta aybaşı zamanı çox qanaması olub, güclü ağrıları olan qadınlarda, mioma zamanı və menapauza qabağı qanaxması olan qadınlara müalicə növü kimi təyin olunur.
Mənfi cəhətləri
Hormonal spiral taxılan anda qarnın aşağı hissəsində və beldə ağrı, diskomfort hissi, yüngül qanama, baş gicəllənməsi baş verə bilər. Bundan başqa, dəridə aknenin çoxalması, süd vəzinin həssaslığının artması, aybaşı pozulmaları, uşaqlıqdan kənar hamiləlik müşahidə oluna bilir. Ən çox rast gəlinən mənfi cəhətlərindən biri ləkələnmə şəklində qanamalardır. Lakin bunun qadın bədəninə heç bir zərəri olmadığı üçün müalicəyə ehtiyac yoxdur.
Əks-göstərişlər
Ümumi əks-göstərişlər daxil olmaqla, həmçinin progesteron allergiyası olan qadınlara hormonal spirallar əks-göstərişdir.
Spiral necə taxılır?
Spiral asan taxıla bilən bir alətdir. Bu alət klinika şəraitində steril və təmiz mühitdə ginekoloji stolda həkim tərəfindən taxılır. Spiral taxılmadan əvvəl vaginaya ginekoloji alət yerləşdirilir. Uşaqlıq yolu və uşaqlıq boynu antiseptik maye ilə yuyulur. Bundan sonra spiral uşaqlığa doğru yeridilir və spiral iplərinin artıq qalan hissələri kəsilir. Spiral taxıldıqdan dərhal sonra qadın öz normal həyatına davam edə bilir. Prosedurdan sonra bəzən qasıq nahiyəsində yüngül ağrılar ola bilir, bunlar qısa vaxtda keçib gedir.
Spiral nə vaxt taxıla bilər?
Spiral taxmadan əvvəl ilk olaraq qadının hamilə olub-olmaması müəyyənləşdirilməlidir. Hamiləlik yoxdursa, spiralı aybaşı vaxtı və ya bitdikdən dərhal sonra taxmaq mümkündür. Lakin aktiv qanama, vaginal axıntının çox olduğu və infeksiyanın aktiv dövründə spiral taxılmamalıdır. Bu hallar aradan qaldırıldıqdan sonra spiral taxıla bilər.
Spiral qoyulduqdan sonra nə vaxt və hansı hallarda həkim müayinəsindən keçmək lazımdır?
Spiral taxıldıqdan sonra ildə bir dəfə heç bir şikayət olmasa belə, ginekoloji müayinədən keçmək vacibdir. Lakin bəzən gözlənilməz hallar meydana çıxa bilər. Bu hallarda gecikmədən ginekoloqa müraciət etmək şərtdir. Bunlar aşağıdakılardır:
- Səbəbi bilinməyən qızdırma
- Şiddətli qasıq ağrısı
- Aybaşı gecikməsi
- Pis iyli vaginal axıntı
- Səbəbsiz huşun itməsi (ürəkgetmə)
- Aybaşıdan kənar vaxtlarda qanamalar
- Aybaşı vaxtı şiddətli ağrılar
- Cinsi əlaqə vaxtı spiralın hiss edilməsi
Spiral necə çıxardılır?
Spiral çox asanlıqla çıxarılan bir alətdir. Heç bir ağrı vermədən aparılan bu prosedur zamanı spiral bir ipindən tutularaq xüsusi alətlə çıxarılır.
Hansı hallarda spiral taxılması əks-göstərişdir?
Spiralların növünə görə əks-göstərişlər fərqli ola bilir. Lakin aşağıdakı hallarda bütün növ spiralların taxılması əks-göstərişdir.
- Hamiləlik
- Kəskin vaginal və kiçik çanaq orqanlarının infeksiyaları, həmçinin cinsi yolla yoluxan infeksiyalar
- Uşaqlıq boynu, uşaqlıq və süd vəzi xərçəngi
- Qaraciyər xəstəlikləri
- Son 3 ay ərzində keçirilmiş düşük
- QİÇS və xərçəng kimi xəstəliklər nəticəsində zəifləmiş immunitet
- Vaginal qanaxma
- Uşaqlıq daxili anomaliya (uşaqlıqda pərdənin olması)
PAP smear testinin nəticəsinin qənaətbəxş olmaması