Ana Səhifə » Bloq » Hamiləlikdən Qorunma Həbləri Haqqında Bunları Bilməlisiniz

Hamiləlikdən Qorunma Həbləri Haqqında Bunları Bilməlisiniz

hamilelik hebleri

 Hamilə qalmamaq üçün qorunma yolları arasında hormonal kontraseptivlər xüsusi yer tutur. Hormonal kontraseptivlər tərkiblərindəki hormonların təsiri nəticəsində arzu olunmayan hamiləliyin qarşısını alırlar. Bu kontraseptiv vasitələrə həblər, inyeksiyalar (iynələr) və dərialtı implantlar daxildir.     

Hormonal həblər

Bu həblər 2 növdə olur: kombinə olunmuş həblər, ertəsi gün həbləri  

Kombinə olunmuş həblər

Hər gün daxilə qəbul edilən həblər olub, tərkibi progesteron və estrogen hormonlarından ibarətdir. Kontraseptiv həblər yumurtlama prosesinin baş verməsinin qarşısını alır, borulardakı hərəkəti yavaşladır, uşaqlıq boynundakı seliyi qatılaşdırır. Nəticədə yumurta hüceyrə ilə spermatozoidin birləşməsinin qarşısını alırlar. 

Müsbət cəhətləri 

  • Düzgün istifadə edildikdə 99% qorumaya malikdirlər;
  • Dərmanların qəbulu dayandıqdan sonra hamiləlik baş tuta bilir;
  • Uşaqlıqdan kənar hamiləlik riskini azaldır; 
  • Abort və düşükdən dərhal sonra qəbul edilə bilər;
  • Xoşxassəli şişlər zamanı qəbul edilə bilər;
  • Aybaşı zamanı şiddətli qanamanı və ağrıları azaldır;
  • Yumurtalıq kistaları və endometriozu olanlar üçün müsbət təsir göstərə bilir;
  • Yumurtalıq və uşaqlıq xərçəngi riskini azaldır;
  •  Polikistik over sindromunun əlamətlərini yüngülləşdirir (qeyri-müntəzəm qanama, tüklənmə və səpgilər); 
  • PMS (predmenstrual sindrom) zamanı gərginliyi azalmağa kömək edir. 

Mənfi cəhətləri

   Müəyyən müddət damcı şəklində qanamalar ola bilər. İlk aylarda ürəkbulanma, yüngül başgicəllənmə, libidonun azalması ola bilər. Ürəkbulanma və başgicəllənmənin qarşısını almaq üçün həblərin yatmadan əvvəl qəbul edilməsi məsləhətdir. Bundan başqa, qanın laxtalanmasını artıraraq damarlarda trombun əmələ gəlməsinə,venoz damarlarda genişlənmələrin əmələ gəlməsinə səbəb ola bilərlər. Şikayətlər davam edərsə, həkim məsləhəti ilə həblər dəyişdirilə bilər.

Digər dərmanlarla qarşılıqlı təsiri

  Müxtəlif xəstəliklər səbəbindən qəbul edilən hər hansı dərman kontraseptiv həblərin təsirini azalda bilər. Ona görə də hər hansı dərman qəbulu zamanı mütləq ginekoloqla məsləhətləşmək və ehtiyac olarsa, yanaşı qoruma vasitələrindən istifadə etmək lazımdır.

Əks-göstərişlər 

  • Aybaşı olmayan günlərdə qanama 
  • Yüksək arterial təzyiq 
  • Ürək-damar və qaraciyər xəstəlikləri 
  • Şəkərli diabet 
  • Süd vəzi xərçəngi
  • Miqren
  • Sidik kisəsi daşları
  • Depressiya diaqnozu 
  •  6 aya qədər uşaq əmizdirmə  
  • 35 yaşdan yuxarı siqaret istifadəsi
  • Qan qatılaşması
  • Yüksək xolesterin

Ertəsi gün həbləri 

Təcili kontrasepsiya hesab olunan bu həblər qorunmadan baş verən cinsi əlaqənin səhərisi gün hamiləliyin baş verməsinin qarşısını almaq üçün daxilə qəbul olunur.Bu həblərin tərkibi yüksək dozada sintetik progesterondan ibarətdir. Hamiləliyin baş verməməsi üçün həbləri cinsi əlaqədən sonra ən qısa vaxtda (12-24 saat ərzində) qəbul etmək vacibdir. İlk 24 saatda həblərin təsiri 98% olduğu halda, 48 saat sonra isə təsiri artıq 75%-ə qədər düşür. Ertəsi gün həbləri kombinə olunmuş həblərdən fərqli olaraq hər gün və müntəzəm qəbul edilməli deyil. Bədənə mənfi təsirlərini azaltmaq üçün ayda maksimum bir dəfə qəbul edilməsi məsləhət görülür.  

Ertəsi gün həbi qəbul etmək istəyənlər nələri bilməlidir?
  • Ertəsi gün həbləri bir dəfə qəbul olunduqda belə mənfi təsir göstərə bilirlər. Həbin qəbulundan sonra baş ağrısı, ürəkbulanma və qusma, başgicəllənmə, qarın ağrısı və sancı, halsızlıq, süd vəzilərində həssaslaşma, damcı şəklində qanama, ödem və aybaşı pozulmaları baş verə bilir;
  •  Həblərin qəbulundan sonra əksər hallarda aybaşı 1 həftə gecikir. Həmçinin, aybaşı zamanı qanama daha şiddətli ola bilir; 
  •  Bu həblər gündəlik istifadə olunan hormonal həblərin təsirini azalda bilərlər; 
  •  Qəbuldan sonra iki saat ərzində qusma baş verərsə, daha bir həb qəbul edilməlidir; 
  •  Ertəsi gün həbləri bir ayda bir neçə dəfə qəbul edilərsə, hormonal balansa ciddi zərər yetirə bilirlər;. 
  •  Artıq çəkili və piylənməsi olan qadınlara bu həblərin 3 dəfə az təsir etməsi müəyyənləşdirilib. 

Aylıq inyeksiyalar (iynələr)   

Həblərdən fərqli olaraq gündəlik istifadəyə ehtiyac olmayan hormonal kontraseptiv vasitələrdən biri aylıq iynələrdir.  Bu iynələr 28 gündən bir və ya 3 ayda bir həkim tərəfindən əzələ daxilinə vurulur və yumurtlama prosesinin qarşısını alır.  Aylıq iynələrin tərkibində progesteron, həmçinin progesteron və estrogen hormonları olan növləri var. İynələr aybaşı dövrünün ilk 5 günü ərzində vurulmaldır.  Müntəzəm vurulduqda 99% qorumaya malikdirlər.

Müsbət cəhətləri

  • Süd verən qadınlar doğuşdan 6 ay sonra, süd verməyən qadınlar isə 6 həftə sonra iynə vurdura bilərlər;
  • Siqaret çəkən qadınlara vurula bilər;  
  • Abort və düşükdən dərhal sonra vurula bilər;
  • Uşaqlıq xərçəngi riskini azalda bilirlər;
  • Hamiləlik baş verərsə, doğulacaq körpəyə zərəri yoxdur.

 Mənfi cəhətləri  

İlk aylarda aybaşı pozulmaları, aybaşı kəsilməsi, damcı şəklində qanama baş verə bilir. Bunban başqa, tüklənməyə, dəri səpgilərinin artmasına, süd vəzilərində həssaslığın artmasına, osteoporoza, çəki artımına səbəb ola bilirlər. Həmçinin,  süd vəzi və uşaqlıq boynu xərçəngi riskini artırırlar.   

 Əks-göstərişlər   

  • Miqren  
  • Süd vəzi xərçəngi
  • Yüksək arterial təzyiq
  • Ürək-damar və qaraciyər xəstəlikləri
  • Ateroskleroz  

Dərialtı implantlar

Son illər sürətlə populyarlaşan hormonal kontraseptiv vasitələrdir. Dərialtı implantlar yumurtlama prosesinin qarşısını alır, uşaqlıq boynundakı şirəni qatılaşdıraraq spermanın uşaqlığa keçməsinə mane olurlar. Həmçinin, uşaqlıq divarını incəldərək hamiləliyin baş verməsinin qarşısın almış olurlar.

Müsbət cəhətləri

Həkim tərəfindən kiçik cərrahi müdaxilə edilərək, bir neçə dəqiqə ərzində qolun yuxarı hissəsindəki dərialtı nahiyəyə taxılır. Digər vasitələrdə olduğu kimi, implantlar da aybaşı dövründə taxılmalıdır. 3 il ərzində cəmi bir dəfə taxılan implant 99% faiz qorumaya malikdir. Süd verən qadınlar və 40 yaşdan yuxarı qadınlara taxıla bilər. Həmçinin, laxtalanma riski olan, yüksək təzyiqi, şəkərli diabeti olan, piylənmədən əziyyət çəkən, həmçinin siqaret istifadə edən pasiyentlərə də taxılması mümkündür. Çıxarıldıqdan 3 ay sonra hamiləliyin baş verməsi mümkündür.

 Mənfi cəhətləri  

  • Aybaşı pozulmalarına səbəb olur;
  • Düzgün taxılmadıqda çıxarılması çətinləşə bilər;
  • Dəri altında infeksiya yarada bilər;
  • Nadir halda bədənin başqa nahiyələrinə keçə bilər;
  • Baş ağrısına, süd vəzilərində həssaslığa, cinsi istəksizliyə, artıq çəkiyə səbəb ola bilər; 
  • Uşaqlıdan kənar hamiləlik baş verə bilər.

 Əks-göstərişlər  

  • Süd vəzi xərçəngi
  • Səbəbi bilinməyən vaginal qanama
  • Qaraciyər xəstəlikləri
  • Süd verən qadınlarda ilk 6 həftə    

Mini həblər  

Progesteron tərkibli həblər olub, hamiləlikdən qorunmaq üçün hər gün eyni vaxtda daxilə qəbul edilməlidir. Bir qutuda, adətən 28 və ya 35 həb olur. Təsir mexanizmi digər kontraseptiv həblərdə olduğu kimidir.

Müsbət cəhətləri   

Mini həblər hər gün eyni saatda qəbul edildikdə hamiləlikdən 99% qorunmanı təmin edirlər. Bəzi qadınlarda aybaşı ağrısını və aybaşı zamanı qanamanı azaltmaqla yanaşı, menstruasiya qabağı dövrdə (predmenstrual sindrom) gərginliyi azaltmaq xüsusiyyətinə malikdirlər.       

 Mənfi cəhətləri

  • Həblər hər gün eyni saatda qəbul edilməlidir, gecikmə olduqda effektivliyi azalır;
  • İlk iki saatda qusma olarsa, yeni həb içilməlidir;  
  • Ürək bulanma, qusma, baş ağrısı verə bilirlər.   

Mini həblərin digər mənfi cəhətləri süd vəzilərində həssaslıq yaratması, aybaşı pozulmalarına və cinsi istəksizliyə səbəb olmasıdır.  

 Əks-göstərişlər

Artıq çəkisi və piylənməsi olan qadınlar, qaraciyər xəstəlikləri və yüksək arterial təzyiqdən əziyyət çəkənlər, həmçinin, süd vəzi və uşaqlıq boynu xərçəngi, qan laxtalanma problemi yaşayanlar mini həbləri istifadə etməməlidirlər.    

Hamiləlikdən qorunma plastırları  

Hormonal kontrasepsiya üsullarından biri olan plastırlar bədənə yapışdırılaraq istifadə olunur. Plastırların tərkibi estrogen və progesteron hormonlarından ibarətdir. Təsir mexanizmi eynilə digər hormonal kontraseptiv vasitələrdə olduğu kimidir.

Hormonal plastırların istifadə qaydası

hormonal plastr

Plastırlar ayın 21 günü istifadə olunmalıdır. Hər həftə yeni plastır yapışdırılmalıdır. Beləliklə, 21 gün ərzində bədənə 3 plastır yapışdırılmış olur. 21 gün bitdikdən sonra aybaşı dövrünə düşən 7 gün ərzində plastır taxılmır.

Müsbət cəhətləri  

  • Düzgün istifadə edildikə ilk ildə 1/100 hallarda hamiləlik baş verə bilər;
  • Həftədə bir dəfə taxılır;  
  • Rahatlıqla yapışdırlır və istənilən vaxt rahatlıqla çıxarılır;  
  • Çıxarıldıqdan sonra tezliklə hamiləlik baş verə bilir.

Mənfi cəhətləri

Plastır təlimata uyğun istifadə olunmadıqda, yəni plastırı yapışdırmaq unudularsa və ya plastır qopub vaxtında dəyişdirilmədikdə hamiləlik riski artmış olur. Bu hallarda 100 qadından 7 və ya 8 nəfərdə hamiləlik baş verə bilir. Bununla yanaşı, plastırlar aşağıdakı mənfi reaksiyalara səbəb ola bilirlər:

  • Dəridə qıcıqlanma  
  • Baş ağrısı və  başgicəllənmə
  • Ürəkbulanma və qusma  
  • Qarında ağrı və diareya  
  • Çəkinin artması
  • Süd vəzidə ağrı
  • Aybaşı zamanı ağrılar
  • Dəridə səpgilər
  • Əhval dəyişkənliyi
  • Əzələ spazmı, yorğunluq və ödem
  • Vaginal infeksiyalar və axıntı

Həmçinin, plastırlar qan laxtalanması ilə bağlı meydana çıxa biləcək xəstəlikləri, infarkt və insult riskini yüksəldirlər. Bundan başqa, qaraciyər xərçəngi, öd kisəsi xəstəlikləri, yüksək arterial təzyiq riskini artırırlar. Bəzi araşdırmalar göstərir ki, hormonal plastırlar daxilə qəbul edilən kombinə olunmuş həblərlə müqayisədə qanda estrogen hormonunun miqdarını artıra bilirlər. Bu isə estrogen yüksəkliyi ilə bağlı bəzi xəstəliklərin yaranma riskinin plastır taxanlarda həb qəbul edilənlərlə müqayisədə daha yüksək olduğunu göstərir.Plastrın istifadəsinə əks-göstərişlər kombinə olunmuş həblərdə olduğu kimidir.

Hamiləlikdən qorunma üçün vaginal halqalar  

Müasir kontraseptivlər arasında istifadəsi getdikcə artan hormonal vasitələrdən biridir. 5 sm diametrdə ölçüyə malik vaginal halqalar xüsusi elastik və şəffaf materialdan hazırlanır. Hormonal halqalar fitil formasında vaginaya yerləşdirilərək 3 həftə ərzində orada saxlanılır. Üç həftə sonra halqa çıxarılır və 7 gün sonra yenidən yenisi taxılır. Təlimata uyğun düzgün istifadə edildikdə 99% qoruyuculuğa malikdirlər. Düzgün istifadə dedikdə halqanı təlimatda qeyd olunan günlərdə gecikdirmədən vaginaya daxil edilməsi nəzərdə tutulur.

Hamiləlikdən qorunma üçün vaginal halqalar  

Müsbət cəhətləri  

  • İstifadəsi rahat və sadədir
  • Qadın özü halqaları asanlıqla taxa və çıxara bilir;
  • Cinsi əlaqə vaxtı hiss olunmur və narahatlıq yaratmır;
  • İynə vurdurmaq və hər gün dərman içmək istəməyənlər üçün yaxşı alternativ variantdır;  
  • Halqa çıxarıldıqdan 1-2 ay sonra hamiləlik baş verə bilər;
  • Aybaşının müntəzəm olmasına kömək edir və ağrıları azaldır;
  • Səpgiləri azaldır;
  • Süd vəzidə və yumurtalıqlarda olan kistaların ölçüsünü azalda və ya tamamilə aradan qaldıra bilər;
  • Digər kontraseptivlərlə müqayisədə uşaqlıqdan kənar hamiləlik riskini azaldır;
  • Endometrium və yumurtalıqlarda xərçəng yaranma riskini azaldır.

Mənfi cəhətləri

Vaginal halqaların istfaidəsindən sonra bir neçə ay ərzində baş ağrısı, ürəkbulanma, döş qəfəsində ağrı yarana bilir.  Bəzi antibiotiklər, virus və göbələk əleyhinə preparatlar, epilepsiya müalicəsində qəbul olunan dərman preparatları hormonal halqaların təsirini azalda bilir. Bu hallarda ginekoloqla məsləhətləşib, daha uyğun kontrasepsiya metodu seçmək ən doğrusudur.

Son olaraq onu da qeyd edim ki, hormonal kontraseptivləri pasiyentin öz istəyinə görə seçməsi doğru deyil. Kontraseptivlər yanız ginekoloji müayinədən sonra individual olaraq ginekoloq tərəfindən təyin olunmalıdır.

Şərh yaz