Ana Səhifə » Bloq » Hamiləlik Zamanı Cinsi Əlaqə: Tez-Tez Verilən Suallara Cavab

Hamiləlikdə cinsi əlaqə - Rikslər və Fizioloji Təsirlər - Drxanim.az

Hamiləlik Zamanı Cinsi Əlaqə: Tez-Tez Verilən Suallara Cavab

Hamiləlikdə cinsi əlaqə bir çox hamilənin tərəddüd etdiyi bir mövzudur. Xüsusilə ilk aylarda körpəyə zərər vermə düşüncəsi və ya hamiləliyin sonrakı dövrlərində ananın qarnının böyüməsi tərəddüdləri daha da artırır.

Lakin bununla belə hamiləlik dövründə cinsi istəyin artması halları müşahidə olunur. Ancaq bu vəziyyətə baxmayaraq cinsi əlaqə zamanı uşaqlıq boynunun açılacağı, vaxtından əvvəl doğuşun başlayacağı, kişi cinsiyyət orqanının körpəyə zərər verəcəyi düşünülərək cinsi əlaqədən qaçınılır. Bu səbəbdən deyə bilərik ki, hamiləlik zamanı cinsi əlaqədə olub-olmamaq çox müzakirə olunan mövzudur.

 

Hamiləlik zamanı cinsi istək və hormon dəyişikliyi

Hamiləlik dövründə cinsi istək və hormonal dəyişikliklər qadınların yaşadığı təbii bir prosesdir. Hormon səviyyələrindəki dəyişikliklər qadının cinsi istək səviyyəsində də əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Hamiləlikdə cinsi istəyin artmasının bir neçə səbəbi var. Belə ki, hamiləlik dövründə estrogen və progesteron hormonlarının səviyyəsi yüksəlir. Bu hormonlar vaginal toxumaların qan tədarükünü və qadının cinsi həssaslığını artırır. Buna görə də bəzi qadınlar hamiləlik dövründə daha çox cinsi istək hiss edə bilərlər.

Ancaq hamiləlik dövründə cinsi istəyin azalması da olduqca sıx rastlanılan bir haldır. Hormon dəyişiklikləri hamiləliklə bağlı narahatlıqlar səbəbiylə cinsi istək səviyyəsinin azalmasına, həmçinin hamiləlik zamanı qadınlarda ürəkbulanma, yorğunluq və əhval dəyişikliyi kimi fiziki və emosional narahatlıqlara səbəb ola bilər.

 

Hamiləlikdə cinsi əlaqə təhlükəlidirmi?

Hamiləlikdə cinsi əlaqə normal və sağlam hamiləlik keçirənlər üçün hamiləliyin son gününə qədər heç bir zərərə səbəb olmur. Amnion kisəsi, yəni körpənin yerləşdiyi amniotik maye ilə dolu kisə və uşaqlığın güclü əzələləri bu əlaqə zamanı körpəni qoruyur. Bundan əlavə, bədən uşaqlığın girişindəki selikli təbəqə vasitəsilə infeksiyalara qarşı böyük bir maneə yaradır. Beləliklə, hamiləlikdə cinsi əlaqə zamanı yarana biləcək infeksiya riski də aradan qaldırılır.

Bir çox zaman hərəflər cinsi əlaqə zamanı kişi cinsiyyət orqanının körpə ilə təmasda olacağından qorxurlar. Lakin bilmək lazımdır ki, kişi cinsiyyət orqanı körpəyə toxunmur. Bu səbəbdən cütlüklər cinsi əlaqədən qorxmamalıdırlar. Amma orqazm zamanı uşaqlıq yolunda bəzi sancılar baş verə bilər ki, bu sancılar da tamamilə orqazmla əlaqəli sancılardır və müvəqqəti və zərərsizdir.

Hamiləlik dövründə cinsi əlaqə xüsusilə ilk aylarda düşük təhlükəsinə görə məsləhət olunmur. Ancaq bilinməlidir ki, hamiləliyin ilkin dövrlərində baş verən düşüklərin əksəriyyəti hamiləliklə bağlı problemlər və ya xromosom anomaliyaları səbəbindən baş verir. Bu səbəblə erkən dövrlərdə və xüsusilə ilk aylarda hamiləliyin düşüklə nəticələnməsinə səbəb cinsi əlaqə olduğunu söyləmək mümkün deyil.

Lakin hər bir halda mövzu ilə əlaqəli ginekoloq ilə məsləhətləşməli, onun tövsiyələrinə diqqət edilməlidir.

Hamiləlik zamanı cinsi əlaqə nə zaman risklidir?

Hamiləlik zamanı cinsi əlaqə bəzi hallarda riskli ola bilər. Ona görə də nəzərə alınmalı olan vacib detallar var. Bəzi xüsusi hallarda hamiləlik zamanı cinsi əlaqədən çəkinmək lazımdır. Bu vəziyyətlər həkim tərəfindən cütlüklərə bildirilir. Belə hallara:

  • hamilənin daha öncədən etdirdiyi abortlar və ya düşük təklükəsi;
  • əvvəlki hamiləliklərdə vaxtından əvvəl doğuş tarixi (37 həftədən əvvəl doğum edən analar üçün);
  • erkən doğuş riskləri;
  • uşaqlıqda sancılar;
  • səbəbi olmayan və izah olunmayan vaginal qanaxma;
  • hamiləlik kisəsinin vaxtından əvvəl açılması səbəbindən amniotik mayenin, yəni suyun gəlməsi;
  • uşaqlıq boynunun vaxtından əvvəl açılması;
  • uşaqlıq boynunun plasenta tərəfindən qismən və ya tam bağlanması;
  • kişinin cinsi yolla keçən xəstəliyin daşıyıcısı olması;
  • əkiz, üçəm və s. hamiləliklərdə hamiləliyin son 3 ayında olması;
  • tək hamiləliklərdə (əkiz, üçəm və s. olmayan) hamiləliyin son 1 ayında olması kimi hallar daxildir.

Yuxarıda sadalanan halların hamısı hamiləlikdə cinsi əlaqə zamanı nəzərə alınmalı vacib məsələlərdir. Belə hallarda həkim tərəfindən cinsi əlaqəyə qadağa qoyulur. Bu səbəbdən həkim tərəfindən qadağan olunarsa, hamiləliyi təhlükəyə atmamaq üçün cinsi əlaqəyə girməmək lazımdır.

Hamiləlik zamanı cinsi əlaqədən sonra nələrə diqqət edilməlidir?

Bütün bunlarla yanaşı, hamiləlik zamanı cinsi həyatlarında diqqət etməli olduqları məqamlar var. Xüsusilə cinsi əlaqədən sonra qanaxma olarsa, bu vəziyyət həkimə dərhal bildirilməli və həkimə müraciət edilməlidir. Hamiləlik dövründə qadağalar istisna olmaqla, cinsi əlaqə sayına heç bir məhdudiyyət yoxdur. Ancaq bir sıra nüanslara diqqət edilməlidir. Cinsi əlaqə zamanı qarın və uşaqlığın çox gərgin olmamasına xüsusi diqqət yetirilməlidir.

 

Kimyəvi sürtkü yağları istifadə edilməməlidir. Həmçinin spermada olan prostaglandin uşaqlıq boynunun stimullaşdırılmasına səbəb olur. Beləliklə, bu stimullaşdırmadan sonra uşaqlığın daralması müşahidə olunur. Uşaqlığın daralmasının qarşısını almaq üçün isə cinsi əlaqədən sonra spermanın vaginaya axmasının qarşısı alınmalıdır. Bunun üçün geri çəkilmə üsulu və ya prezervativlərin istifadəsi tövsiyə olunur. Lakin prezervativlərdən istifadə zamanı onun kimyəvi maddələrinin olmamasına diqqət yetirilməlidir. Hamiləlik dövründə sadə və normal prezervativlərə üstünlük verilməlidir.

Diqqət olunmalı digər məsələ isə istirahətdir. Belə ki,  Hamiləlik zamanı cinsi əlaqədən sonra orqanizmin istirahətə ehtiyacı var. Buna görə də, yataqda dincəlmək bədəninizin bərpası üçün vacibdir.

Cinsi əlaqədən sonra cinsiyyət orqanının təmizlənməsi də vacibdir. Təmiz bir parça və ya dəsmal istifadə edərək genital bölgəni yumşaq bir şəkildə təmizləyin.

Cinsi əlaqə zamanı infeksiya ilə rastlaşmağı heç kim istəməz, xüsusən də hamilələr. Ona görə də seksdən sonra sidiyə çıxmaq infeksiya riskini azaltmağa kömək edəcəkdir. Buna görə də cinsi əlaqədən sonra sidiyə çıxmaq vacib hesab olunur.

Unutmayın ki, hamiləlikdə cinsi əlaqədən sonra ağrı və ya qanaxma normal deyil. Bu hallarla qarşılaşsanız, dərhal bir tibb işçisinə müraciət edin, həkiminizlə danışın.

Hamiləlik zamanı cinsi əlaqənin fizioloji təsirləri

Bilmək lazımdır ki, hamiləlik zamanı cinsi əlaqənin fizioloji təsirləri də var. Belə ki, hamiləlikdə qan dövranı onsuz da artmış olur. Cinsi əlaqə zamanı isə qan dövranını daha da artır, ana və körpəyə daha çox oksigen və qida çatmasına şərait yaranır.

Həmçinin hormon səviyyələri dəyişir. Belə ki, cinsi əlaqə hormon səviyyələrinə də təsir edib ananın rahatlamasına və hamiləlik prosesini daha rahat keçirməsinə kömək edə bilər.

Daha əvvəldə qeyd etdiyimiz kimi cinsi fəaliyyət zamanı uşaqlıq sancıları ilə qarşılaşmaq mümkündür. Bu normaldır, lakin artıq sancılar ağrıya səbəb olursa, həkiminizlə əlaqə saxlamaq lazımdır.

Bunlardan savayı vaginal axıntı arta bilər. Hamiləlikdə cinsi fəaliyyət zamanı vaginal axıntı artarsa, hansısa narahatlığa ehtiyac yoxdur. Lakin bu axıntı pis qoxu və ya qaşınma kimi simptomlara sahibdirsə, həkiminizlə məsləhətləşmək vacibdir.

Hamiləlikdə cinsi əlaqə zamanı qadının rahat olması üçün nələr edilməlidir?

Hamiləlikdə cinsi əlaqə zamanı qadının rahatlaması həm qadın, həm də onun partnyoru üçün vacibdir. Hamiləlik dövründə hormonal və fizioloji dəyişikliklər, psixoloji faktorlar cinsi istəksizliyə və narahatlığa səbəb ola bilər. Ona görə də cinsi əlaqə zamanı qadının rahatlaması üçün müəyyən addımlar atılmalıdır.

Rahat bir mühit yaradılmalıdır. Rahat bir mühit cinsi əlaqəni xoş və rahat edəcəkdir. Yataq otağının təmizliyi, işıqlandırma və uyğun temperatur kimi amillərə diqqət yetirmək hamilə qadının rahatlamasına kömək olacaqdır.

Uyğun mövqelər sınanılmalıdır. Hamiləlik dövründə bədəndə baş verən dəyişikliklərə görə bəzi mövqelər qadın üçün narahat ola bilər. Rahat bir mövqe seçmək qadının özünü daha rahat hiss etməsinə kömək olacağı üçün bununla bağlı qərarı hamilə qadın verməlidir.

Yavaş və yumşaq olmaq lazımdır. Hamiləlik dövründə qadınlar daha həssas olurlar. Buna görə də partnyorunun mülayim və yavaş olması qadının özünü daha rahat hiss etməsinə səbəb olacaqdır.

Doğru vaxt seçilməlidir. Hamiləlik zamanı hormonal dəyişikliklər qadının cinsi istəklərinə təsir edə bilər. Qadının istədiyi vaxtları düzgün müəyyən etmək cinsi əlaqənin xoş və rahat olmasına kömək edəcəkdir.

Rahat paltarlara üstünlük verilməlidir. Hamiləlikdə qadınların geyindiyi paltarlar cinsi əlaqə zamanı da narahatlıq yarada bilər. Ona görə də rahat geyim seçmək məsləhət edilir.

Hər şeydən əvvəl bilmək lazımdır ki, hamiləlikdə cinsi əlaqə olduqca normal bir haldır. Lakin mütləq şəkildə bununla bağlı ginekoloqa məlumat verilməli, müntəzəm olunan ginekoloji müayinələr zamanı həkimin tövsiyələrinə diqqət edilməlidir. Həkimin icazəsi olmadığı halda cinsi əlaqəyə girilsə belə, mütləq şəkildə ehtiyatlı davranılmalı və sonrasında hər hansısa qanama, ağrı olarsa mütləq dərhal ginekoloqa məlumat verilməlidir.

Əgər hamiləlikdə cinsi əlaqə ilə bağlı hansısa suallarınız varsa, suallara cavab tapmamışdan əvvəl mütləq müayyinə olunmalısınız. 055 574 70 74 mobil nömrəsilə əlaqə saxlayıb mama-ginekoloq Xanım Adıgözəlovanın qəbuluna yazılıb ətraflı müayinə olunaraq suallarınıza cavab tapa bilərsiniz.

 

Şərh yaz