Ana Səhifə » Bloq » Hamiləlikdə Ürəkbulanma, Qusma Haqqında Doğru Bilinən Yanlışlar

Hamiləlikdə Ürəkbulanma, Qusma Haqqında Doğru Bilinən Yanlışlar

Hamiləliyin ilk aylarında səhər ürəkbulanması və qusma hamilə qadın üçün xoşagəlməz hal olub, narahatlıq yaratsa da bu əlamətlər hamiləliyin sağlam inkişaf etdiyinin göstəriciləridir. Hamiləlik toksikozu əlamətlərinin hələ də tam olaraq niyə yarandığı məlum deyil. Lakin hormonal dəyişikliklərin əsas rol oynadığı güman edilir. Belə ki, hamiləlik zamanı dölün sağlam inkişafı üçün müəyyən hormonların sintezi artmağa başlayır. Bunlardan birincisi plasenta tərəfindən sintez olunan xorionik qonodotrpopin (XQ) hormonudur. Bu hormon mayalanmış yumurta hüceyrə uşaqlığa birləşdiyi andan sintez olunmağa başlayır. XQ hormonunun sintezi ilə bərabər ürəkbulanma və qusma əlamətləri meydana çıxır.  

urekbulanti

Ürəkbulanma və qusmanın artmasına səbəb olan digər faktor isə estrogen hormonunun artmasıdır. Araşdırmalar göstərir ki, ürəkbulanma və qusması olan qadınlarda ilk trimestrdə düşük olma riski bu əlamətlər olmayan qadınlardan daha azdır. Təbii ki, bu o demək deyil ki, ürəkbulanması və qusması olmayan qadınlar sağlam hamiləlik keçirmirlər. Hətta bəzi qadınlarda ümumiyyətlə, bütün hamiləlik boyu ürəkbulanması müşahidə olunmur. Ürəkbulanma və qusma, adətən hamiləliyin ilk 3 ayında daha çox rast gəlinir. Əksər hallarda isə 3 aydan sonra, yəni hamiləliyin 1-ci trimestrindən sonra azalaraq tamamilə keçib gedir.  

 Hansı qadınlarda ürəkbulanma və qusma olma ehtimalı böyükdür?  

Toksikoz hamilə qadınlar üçün normal hal olsa da bəzi qadınlarda meydana çıxmasına daha böyük ehtimal var. Məsələn, əgər hamilədə miqren və ya dəniz xəstəliyi (kinetoz) varsa, əvvəlki hamiləliyində ürəkbulanma və qusma olubsa, ekizlərə hamilədirsə, 99% halda ürəkbulanma və qusma olacaq. 

Ürəkbulanma və qusmanın dölə zərəri varmı?

Qadınları ən çox narahat suallardan biri də məhz budur. Lakin buna görə narahat olmağa dəyməz, çünki ürəkbulanma və qusmanın dölə heç bir zərəri yoxdur.

Qusma ciddi sağlıq probleminə səbəb ola bilərmi?  Nə vaxt həkimə müraciət etmək lazımdır?  

Hamiləlik üçün normal olan qusmadan fərqli olaraq, ağır dərəcəli qusma zamanı vaxtında müalicə başlanmazsa, bu zaman qadının sağlamlığına zərər dəyə bilər. Ağır dərəcəli qusma zamanı hamilə qadın günün əksər vaxtı demək olar ki, yediyi, içdiyi hər şeyi qusur. Bu tip şiddətli toksikozun tibbi adı “Hyperemesis gravidarum”dur. Bu patoloji hal hamilələr arasında 3% hallarda rast gəlinir və bütün hamiləlik boyu davam edə bilir.  

Ağır dərəcəli qusmaya daha çox qız uşağına və ekizlərə hamilə olan qadınlar, anası, bacısı və ailə üzvləri arasında “hyperemesis gravidarum” keçirənlər, həmçinin əvvəlki hamiləliklərində bu patoloji halı yaşayanlar məruz qalırlar. 

Ağır dərəcəli qusma diaqnozu nə vaxt qoyulur?  

Əgər hamilə qadın hamiləlikdən əvvəlki çəkisinin 5%-ni itiribsə və susuzlaşma əlamətləri varsa, ağır dərəcəli qusma diaqnozu qoyulur. Susuzlaşmaya səbəb qusma nəticəsində bədəndən çox miqdarda mayenin itirilməsidir. Susuzlaşma olduqda hamilədə bu əlamətlər meydana çıxır: 

  • Sidiyin miqdarı azalır və rəngi tündləşir; 
  • Sidiyə çıxmaq çətinləşir;  
  • Qəbul etdiyi mayeləri davamlı qaytarır;   
  • Ayağa durduqda başı gicəllənir və ürəyi gedir;
  • Ürək döyünməsi artır.

 Bu əlamətlər varsa, susuzlaşmanı aradan qaldırmaq üçün təcili tədbirlər görülməli və bədəndə mayenin bərpası üçün müalicə başlanmalıdır.

Ağır dərəcəli qusmanın təhlükəsi nədir?

Əsas təhlükəsi bədənin susuzlaşmasıdır. Ağır dərəcəli qusma nəticəsində çəkinin və mayenin itirilməsi qaraciyərin, qalxanvari vəzin və digər orqanların işinə mənfi təsir göstərir. Buna görə də ilk əlamətlərdə vəziyyət ağırlaşmadan təcili həkimə müraciət etmək vacibdir.

qarin
Qusma hər hansı xəstəliyin əlaməti ola bilərmi?    

Hamiləlikdə qusma bəzən xəstəliklərin işarəsi ola bilər. Bu zaman qusmanın nə zaman başladığına və digər əlamətlərin olub-olmamasına diqqət etmək lazımdır. Əgər qusma 9 həftədən sonra ilk dəfə baş verirsə, qarında ağrı və ağırlıq varsa, yüksək temperatur və baş ağrısı, boynun ön hissəsində qalxanvari vəzin böyüməsi müşahidə olunursa, yanaşı xəstəliklərdən şübhələnmək lazımdır. Bu xəstəliklərə mədə-bağırsaq xorası, öd kisəsinin və qalxanvari vəzin xəstəliklərini misal göstərmək olar.

yuxu

  Ürəkbulanma və qusma zamanı qadın özünə necə kömək edə bilər?  

   İlk növbədə qidalanma rasionunu və yemək rejimini bir qədər dəyişmək lazımdır. Bunun üçün aşağıdakıları etmək məsləhətdir:

  • Səhər yerinizdən qalxmadan az da olsa yemək yeyin. Yataqdan qalxdıqdan sonra boş mədə ilə hərəkət etmək ürəkbulanma və qusmanın artmasına səbəb olur; 
  • Mədəniz uzun müddət boş qalmasın deyə, gündə 3 dəfə yediyiniz yeməyi 5-6 kiçik porsiyaya bölüb yeyin;
  • Daha çox yumşaq və yağlılığı az olan qidalara üstünlük verin. Çünki onlar daha asan həzm olunur;  
  • Ədviyyatlı və yağlı qidaları rasiondan çıxarın;
  • Zülal tərkibli qidalardan daha çox süd məhsullarına (məsələn, qatıq), badam, fındıq, qoz və müxtəlif toxumlara üstünlük vermək məsləhətdir;  
  • Gün ərzində 8-12 stəkan təmiz su içməyə çalışın. Suyun az qəbul olunması susuzluğa səbəb olur, bu isə ürəkbulanma və qusmanı artıra bilir;
  • Həkimin təyin etdiyi hamiləlik vitaminlərini müntəzəm qəbul edin.

Bu sadaladıqlarımdan başqa, stresdən uzaq olmaq və daha çox dincəlməyə çalışmaq toksikoz əlamətlərini yüngülləşdirə bilir.

Şərh yaz