Ana Səhifə » Bloq » Hamiləliyin 1-ci trimestri: Nə Gözləmək Olar?

Hamiləliyin 1-ci trimestri: Nə Gözləmək Olar?

Hamiləlik bir qadının həyatındakı ən xoşbəxt dövrlərdən biridir. Lakin ana olmağın verdiyi sevinc hissinə, 1-ci trimestrin yaratdığı çətinliklər bir qədər kölgə sala bilər. Ancaq gələcək ana hamiləlik dövründə həm öz sağlığınıın, həm də körpənin sağlığının qeydinə nə qədər düzgün qalarsa, hamiləliyi də bir o qədər sağlam və xoşbəxt anlarla dolu keçər. Bunun üçün isə ilk növbədə qadın hamiləlik barədə daha çox məlumatlı olmalıdır.

Gələcək ananı hamiləliklə bağlı bir çox suallar narahat edir. Qarnım nə vaxt böyüyəcək? Bədənim necə dəyişəcək? Körpəm hər həftə necə böyüyür? Hamiləlikdə hansı müayinələrdən keçməliyəm? Hamiləlik boyu məni nələr gözləyir? Hansı hallarda həkimə müraciət etməliyəm?

Bu və digər sualların cavablarını bilən qadın hamiləliyin yaratdığı çətinliklərə daha hazırlıqlı olub, hansı dövrdə nə edəcəyini daha yaxşı anlamağa başlayır. Beləliklə, məlumatsızlığın verdiyi stresdən uzaq qalaraq, sağlam hamiləlik keçirmiş olur. Əgər siz də hamiləliyiniz barədə yeni öyrənmisinizsə, bu məlumatların sizə çox köməyi dəyəcək.  

Hamiləliyin ilk həftələrindən qadında hansı dəyişikliklər baş verir? 

    Hamiləliyin ilk həftələri həm qadın bədənində, həm də dölün inkişafında sürətli dəyişikliklərin baş verdiyi ilk 3 aydır. Bu aylar qadın üçün heç də asan keçmir. Belə ki, həm fiziki, həm də psixoloji vəziyyətində əvvəl görülməyən hallar meydana çıxır. I trimestrdə qadını ən çox narahat edən, əsasən ürəkbulanma və qusma, süd vəzilərindəki həssaslıq olur. Bundan başqa, hormonal dəyişikliklər və gələcək ananın övladına görə narahat olması, həyatının tamamilə dəyişəcəyini anlaması, hamiləliyin gedişi ilə bağlı şübhələrin olması hamilənin eyni vaxtda həm sevinc, həm həyəcan hissləri keçirməsinə səbəb olur. I trimestrdə baş verən hormonal dəyişikliklər özü ilə narahatlıq və tükənmişlik hissini də gətirə bilir. 

I trimestr

Ürəkbulanma və qusma kimi toksikoz əlamətləri 1-ci trimestrin sonuna qədər davam edir. Bu əlamətlər hamiləliyin erkən əlamətləridir və onları yüngülləşdirmək üçün az-az və tez-tez yeməli, mədənin boş qalmamasına diqqət edilməlidir. Qusma nəticəsində bədəndə susuzluğun yaranmaması üçün bol su qəbulu məsləhət görülür.

Hamiləliyin ilk 3 ayında yorğunluq, davamlı yatmaq istəyi hamilə qadını narahat edən əlamətlərdəndir.  Bundan başqa, tez-tez sidiyə çıxma, həzmsizlik, ödem, qəbizlik və meteorizm də müşahidə oluna bilər.   

1-ci trimestrin ortasında hamilə qadının diş ətlərində qanama və dişlərdə həssaslıq meydana çıxa bilər. Buna görə də əgər hamiləlik planlaşdırılması edirsinizsə, mütləq şəkildə ağız boşluğu və dişlərdə olan problemləri aradan qaldırıb, daha sonra hamilə qalmaq məsləhətdir. Çünki dişlərdəki kariyesi vaxtında müalicə etmədikdə və ağız boşluğunun gigiyenasına riayət olunmadıqda bədəndə davamlı olaraq bir infeksiya mənbəyi olur. Əgər artıq hamiləlik baş veribsə və ağız boşluğunda problemlər olduğu kimi qalırsa, ağız gigiyenası və dişlərin müalicəsi üçün stomatoloqa müraciət edin.   

  Süd vəzilər böyüməkdə və həssaslığı artmaqda davam edir. Süd vəzi böyüməsinin yaratdığı ağırlığın qarşsını almaq üçün hamilələr üçün nəzərdə tutulmuş xüsusi büstqalter geyinmək məsləhətdir. Bu dövrdə emosional həssaslıq müşahidə olunur. Qadının əhvalı tez-tez dəyişir, özünü çox xoşbəxt hiss etməklə yanaşı, həm də çox kədərli ola bilər. Bu əlamətlər XQ hormonunun (xorionik qonodotropin) çox yüksəlməsi (və ya pik həddə çatması) nəticəsində baş verir. I trimestrdə bu normal və keçici bir haldır.

1-ci trimestrdə vaginal axıntının miqdarı çoxala bilir. Əgər axıntının rəngi ağ və ya yüngül sarıya çalırsa və iysizdirsə bu, norma kimi qəbul olunur. Əksinə, axıntı iylidirsə, rəngi isə sarıya və ya yaşıla çalırsa, qaşınma  varsa, sidiyə çıxdığınızda ağrı olursa, bunu mütləq həkiminizə  bildirin. Çünki bu əlamətlər vaginal infeksiyanın xəbərçisi ola bilər.  

Hamiləlik boyu, xüsusilə də 1-ci trimestdə hamilə qadının qripə tutulması körpənin sağlamlığı üçün təhlükə yarada bilər. Qripə tutulmamaq üçün xəstə insanlardan uzaq olmaq, əl yuma kimi sadə gigiyenik qaydalara riayət etmək, sağlam qidalanmaq və həkimin təyin etdiyi vitaminləri müntəzəm qəbul etmək vacibdir. Əgər qripə tutuldunuzsa, özbaşına dərman qəbul etməyin. Həkiminizlə məsləhətləşin.

1-ci trimestrin son həftəsindən başlayaraq hamilə qadının çəkisi yavaş-yavaş artmağa başlayır. Xüsusilə incə qadınlarda qarın daha aydın görünməyə başlayır. Bu dövrdən başlayaraq hər həftə çəkinin 400-500 qr artması normal haldır.   

11-ci həftədən başlayaraq anada qasıq ağrıları yarana bilər, bunun əsas səbəbi körpənin və uşaqlığın böyüməsi nəticəsində əzələlərə ağırlığın düşməsidir. Əgər ağrılar şiddətli olarsa, səbəbi araşdırmaq üçün həkimə müraciət etmək vacibdir. Qan həcmi artdığı üçün hamilədə isti basma, tərləmə və çox su içmə ehtiyacı yarana bilir. 

Hamilənin lk həkim müayinəsi

   İlk həkim müayinəsində həkiminiz sizin ümumi sağlamlıq vəziyyətinizi qiymətləndirəcək. Ginekoloqunuz sizdən aşağıdakı məlumatları toplayacaq:

      • Aybaşı dövrü  

      • Keçirdiyiniz ginekoloji və infeksion xəstəliklər   

      • Genetik xəstəliklər

      • Əvvəlki hamiləliklərin gedişatı  

      • Keçirdiyiniz abortlar və düşüklər

      • İstifadə etdiyiniz dərmanlar və qida əlavələri   

      • Peyvəndlər

      • Həyat tərzi və zərərli vərdişlər  

      • Kofein qəbulu

      • Hamiləlik zamanı səyahət planları

    Bütün bunlar hazırkı hamiləliyin gedişatını düzgün qiymətləndirmək və maksimum sağlam hamiləlik keçirmək üçün həkimin verəcəyi təlimatlar üçün çox vacib məlumatlardır. Bu məlumatlar hamiləliyin gedişində risk yarada bilən halları dəyərləndirməyə imkan verir.  

    İlk müayinədə həkiminiz hamiləlik müddətinizi və təxmini doğum tarixinizi təyin edəcək. Bundan başqa, hamiləlikdə nə qədər çəki ala biləcəyiniz, hansı həddə alınan çəkinin sağlığınıza zərər vurmayacağı barədə sizi məlumatlandıracaq. Bunun üçün sizin boyunuza və çəkinizə əsasən bədən indeks kütləsini hesablayacaq.  

    Hamiləliyin sağlam keçməsi üçün digər vacib məsləhətləri də həkim məhz ilk müayinədə verir. Bunlara aşağıdakılar aiddir:  

        • Sağlam qidalanma prinsipləri

        • Hamiləlik boyu qəbul edəcəyiniz vitamin-mineral kompleksləri

        • Fiziki aktivlik və idman

        • Hamiləlikdə cinsi əlaqə  

        • Dişlərə və bədənə düzgün gigiyenik qulluq  

        • Hamiləlikdə səyahətlər zamanı görülməli vacib tədbirlər

      İlk müayinədə sizin üzərinizə düşən həkiminizdən heç nəyi gizlətməməkdir. Əgər hər hansı səbəbdən qəbul etdiyiniz dərmanlar varsa, həmçinin, sizi narahat edən və soruşmağa çəkindiyiniz suallar varsa, mütləq həkiminizdən soruşun. Çünki gizlədəcəyiniz şeylər sizə adi gəlsə də körpənizin və sizin sağlığına zərər vura bilər.

      İlk müayinədən sonra normalda ilk 32 həftədə hər 4 həftədən bir həmiləliyin gedişini izləmək üçün müayinələr planlaşdırılılır. Ancaq sizin sağlamlıq vəziyyətinizdən və gedişatdan asılı olaraq müayinələr daha tez-tez həyata keçirilə bilər.  

      I trimestrdə hamilə qadın hansı müayinələrdən keçməlidir?

      Hamilə qadının sağlıq vəziyyətini dəyərləndirmək və hamiləliyin gedişatını izləmək üçün I trimestdə müəyyən müayinələr aparılmalıdır. Bəzi hallarda isə müxtəlif xəstəliklər və hamiləlik üçün risk ola biləcək səbəblərdən dolayı həkim əlavə müayinələr təyin edə bilər. 

      Əsas müayinələrə aşağıdakılar daxildir:

          • Ürək, ağciyər və qalxanabənzər vəzin müayinəsi  

          • Süd vəzilərinin və kiçik çanaq orqanlarının müayinəsi

          • Qan qrupunun təyini  

          • Qanda hemoqlobin miqdarının təyini

          • Cinsi infeksiyaların təyini (Hepatit B, QİÇS,  sifilis, qonoreya, xlamidioz)

          • Sidik analizi

          • USM

        Hamilə qadının qan qrupunun təyini rezus faktorun müəyyənləşdirilməsi üçün vacibdir. Əgər ananın rezus faktoru mənfi, atanınkı isə müsbətdirsə hamiləlik xüsusi nəzarətdə olmalıdır. Bu, rezus konfliktin yaranmaması üçün vacibdir.

        Digər vacib qan analizi qanda hemoqlobinin miqdarının təyinidir. Bu ona görə vacibdir ki, hemoqlobin oksigeni toxumalara və bütün orqanlara çatdırır. Əgər hemoqlobinin miqdarı normadan az olarsa, yəni anemiya (qan azlığı) aşkarlanarsa, bu hamilə qadında həddindən artıq yorğunluğa, immunitetin zəifləməsinə və müəyyən infeksion, virus xəstəliklərinə qarşı (qrip, qızılca, suçiçəyi, və s. bədənin müqavimətini zəiflədə bilər.   

        Sidik analizinin verilməsi sidikçıxarıcı yollarda və sidik kisəsində infeksiyanın aşkarlanması üçün vacibdir. Həkim ehtiyac görərsə, vaginal axıntının müayinəsi də edilə bilər.

        muayine

        Bu müayinələrdən başqa, 1-ci trimestrdə prenatal testlərin verilməsi məsləhətdir. Prenatal testlər Daun sindromu kimi xromosom anomaliyalarını aşkarlamaq üçündür. Bu testlərə genetik skrininq testləri, ultrasəs müayinəsi və qan analizləri daxildir.

        I trimestrdə körpə necə inkişaf edir?  

        Körpə ana bətnində böyüməyə başlamadan əvvəl iki vacib mərhələdən keçir. Bunlar mayalanma və implantasiya mərhələləridir. Mayalanma mərhələsində körpənin əsası qoyulur,  yəni atanın spermatozoid hüceyrəsi ilə ananın yumurta hüceyrəsinin birləşməsindən birhüceyrəli ziqot yaranır. Növbəti implantasiya mərhələsində isə ziqot blastosistə çevrilərək uşaqlıq borusundan uşaqlığa keçir. Bu orqanizm növbəti həftələrdə embrion və dölə çevrilərək hamiləliyin qalan müddətini  uşaqlıqda inkişaf edərək böyüməyə başlayır.

        Hamiləliyin 5-ci həftəsindən başlayaraq sinir sistemi və həyati vacib orqanlar formalaşmağa başlayır. Ürək başlanğıcda boruya bənzər sadə bir formada olur, qan dövr etməyə başlayır.  Növbəti həftədən artıq ürəkdöyünməsini də eşitmək olur.   

        Baş, baş beyin və onurğa beyni də 1-ci trimestrdə yaranmağa başlayır. Əllər və ayaqlar normal formasını almadan əvvəl tumurcuqlara bənzər formada olur. 8-ci həftədə dölün burnu və yuxarı dodağı, qulaqları formalaşmış olur. Gözlər daha aydın seçilir, ancaq göz qapaqları hələ  bir neçə ay bağlı olaraq qalacaq. Körpənin bədəni C formasından dəyişməyə başlayaraq yavaş-yavaş düzləşir.  

        1-ci trimestdə körpə əzələlərini hərəkət etdirməyə başlayır. Dirsəkləri və dizləri yarandığı üçün əllərini və ayaqlarını bükə bilir. Bu trimestrin sonuna doğru qan dövranı, endokrin, tənəffüs və həzm sistemi inkişaf etməyə başlayır. Diş rudimentlərinin əsası qoyulur. Cinsindən asılı olaraq penis və ya klitor və böyük cinsiyyət dodaqları inkişaf etməyə başlayır. Plasenta sürətlə böyüyür. Körpənin səs telləri formalaşır və nəfəs hərəkətləri etməyə başlayır. Bağırsaq artıq qarın boşluğunda yerləşmiş olur. Dalaq və qaraciyər öz funksiyalarını yerinə yetirməyə başlayırlar.     

        I trimestrin sonuncu həftəsində körpənizin həyati vacib bütün orqanları demək olar ki, formalaşır.

        Körpə yarandığı andan 1-ci trimestrin sonuna kimi xeyli böyüyərək, uzunluğu 61 mm-ə, çəkisi isə 13-14 qrama çatır.    

        körpə

        1-ci trimestdə hamilə qadın nələri bilməlidir?

            • Siqaret və alkoqol kimi zərərli vərdişlər varsa, onları dərhal dayandırmalıdır;

            • Qeyri-sağlam qidaları, rəngli, qazlı və kofein tərkibli içkiləri rasiondan çıxarmalıdır;

            • Ağır işlər görməməli və ağırlıq qaldırmamalıdır;  

            • Həkimin təyin edəcəyi fol turşusu (hər gün 400 mikroqram) və digər vitamin-mineral kompleksini hər gün müntəzəm qəbul etməlidir; 

            • Həkimin təyin etdiyi müayinələri vaxtlı-vaxtında keçməlidir; 

            • Rentgen, kompüter tomoqrafiyası kimi radioloji təhlükəsi olan müayinələrdən, həmçinin radiasiya ola biləcək ərazilərdən uzaq olmalıdır;  

            • Müxtəlif infeksiyalara yoluxmamaq üçün gigiyena qaydalarına riayət etməlidir. 

            Hamiləliyin ilk ayları bütün hamilələr üçün ən riskli və düşüklərin ola biləcəyi müddət hesab olunur. Ona görə də ilk 3 ayda maksimum şəkildə sağlam həyat tərzi keçirmək və həkiminizin təyin etdiyi müddətlərdə müayinəyə gəlmək vacibdir. Unutmayın ki, körpənizin sağlam inkişafı əksər hallarda sizdən asılıdır. 

          Erkən Hamiləlik Əlamətləri Neçənci Gündən Etibarən Hiss Olunur?

          Erkən Hamiləliyin Əlamətləri: Hamiləliyin ilk Həftələri

          Hamiləliyin 2-ci Həftəsi: Baş Verən Bütün Dəyişikliklər

          Hamiləliyin 3-cü Həftəsi: Diaqnoz və Düzgün Qidalanma

          Hamiləliyin 5-ci Həftəsi: Hamiləliyin Erkən Simptomları

          Hamiləliyin 6-cı Həftəsi: Risklər və Ananın Sağlamlığı

          Hamiləliyin 7-ci Həftəsi: Ürək Döyüntüsü və Döl İnkişafı

          Hamiləliyin 8-ci Həftəsi: Hamiləlikdə erkən dəyişikliklər

          Hamiləliyin 9-cu həftəsi: Bu Həftədə Nələr Baş Verir?

          Hamiləlikdə dölün İnkişafdan Qalması: Diaqnoz və Müdaxilə

          Hamiləlikdə dölün inkişaf prosesi – Məlumatlar

          Hamiləlikdə Dölyanı Maye: Azlığı və Çoxluğunun Riskləri

          Hamiləlik Testi necə edilməlidir?

          Boru hamiləliyi necə olur?

          Hamilə olduğumu necə bilim? 

          Şərh yaz