Ana Səhifə » Bloq » Hamiləliyin 7-ci həftəsi: Nə olur, Nə baş verir ?

hamileliyin 7-ci heftesi

Hamiləliyin 7-ci həftəsi: Nə olur, Nə baş verir ?

Hamiləlik son menstruasiya dövründən hesablandığı üçün hamiləliyin bu həftəsi menstruasiyadan 7 həftə sonraya düşür. Bu dövrdə embrion sürətlə böyüməyə davam edir və bir çox mühüm inkişaf mərhələsindən keçir. Bu mərhələdə ürək döyüntüsü ultrasəsdə görünür və embrionun əsas onurğası da əmələ gəlir. Bundan əlavə, beyin, göz, qulaq və digər vacib orqanlar da əmələ gəlməyə başlayır. Hamiləlik dövründə hər həftə əhəmiyyətlidir və bu dövrdə həkiminizin tövsiyələri və təqibi böyük əhəmiyyət kəsb edir.

Hamiləliyin 7-ci həftəsi: simptomlar

Hamiləliyin bu həftəsində bir çox simptomlar baş verir. Hər bir qadının təcrübəsi fərqli olsa da, aşağıdakı simptomlar ümumidir:

Bulantı və qusma: Hamiləliyin bu həftəsində ürəkbulanma tez-tez artır və bəzi qadınlarda qusma halı da yaşanır. Bu vəziyyətə “səhər bulanması” da deyilir, lakin günün istənilən vaxtında baş verə bilər.

Yorğunluq: Hamiləlik hormonları yorğunluq və tükənmə hisslərinə səbəb olur. Bu simptom xüsusilə ilk trimestrdə daha çox yaşanır.

Döşlərin həssaslığı və böyüməsi: Hamiləlik dövründə döş toxuması dəyişir və döşlər daha da həssaslaşır. Döş böyüməsi və dolğunluq hissi də müşahidə olunan hallardandır.

Tez-tez sidiyə getmə: Hamiləlik dövründə qan axınının artması və böyrəklərin daha çox işləməsi səbəbindən bir çox qadında tez-tez sidiyə getmə hissi yarana bilər.

İştah dəyişiklikləri: Hamiləlik dövründə bəzi qadınlar iştahında dəyişikliklər yaşayır. Yeddinci həftədə bəzi qadınlarda müəyyən qidalara istək, digər qidalara qarşı isə iştahsızlıq yaranır.

İshal və ya qəbizlik: Hamiləlik hormonları bağırsaq hərəkətlərinə təsir göstərir və bəzi qadınlarda ishal və ya qəbizlik müşahidə olunur.

Bu simptomlar 7 həftəlik hamiləlikdə tez-tez yaşanır, lakin daha öncə qeyd etdiyim kimi hər bir qadında fərqli şəkildə görünə və ya bəzi simptomlar daha dominant hal ala bilər. Hamiləlik dövründə orqanizm çoxlu dəyişikliklərə məruz qaldığından hər hansı bir narahatlıq halında həkimə müraciət etmək vacibdir.

Hamiləliyin 7-ci həftəsi: bədəndəki dəyişikliklər

7 həftəlik hamiləlikdə qadın orqanizmində müxtəlif dəyişikliklər baş verir. Hamiləliyin bu həftəsində bu dəyişikliklərlə qarşılaşa bilərsiniz:

Döşdə dəyişikliklər: Hamiləlik hormonları döşlərdə əhəmiyyətli dəyişikliklərə səbəb olur. Döşlər daha həssaslaşır, böyüyür, məmə ucları qaralır.

Dəri dəyişiklikləri: Hamiləlik hormonları dəridə də bəzi dəyişikliklərə səbəb olur. Xüsusilə üzdə və döş ətrafında ləkələr yaranır. Bunlara “hamiləlik maskaları” deyilir və günəşə məruz qalma ilə dəriyə daha da mənfi təsir edə bilər.

Artan qan dövranı: Hamiləlik dövründə qan həcmi artır. Bu da öz növbəsində dəridə qan axınının artmasına və müəyyən bölgələrdə qızartıya səbəb olur.

Həzm sistemində dəyişikliklər: Hamiləlik hormonları həzm sistemini də yavaşladır. Bu, qəbizlik, şişkinlik və qaz kimi həzm problemlərə gətirib çıxarır.

7 həftəlik hamiləlikdə körpənin inkişafı

Hamiləliyin bu həftəsi körpənin sürətlə inkişaf etdiyi bir dövrdür. Bu mərhələdə embrion sürətlə böyüməyə davam edir. Yeddinci həftədə embrionun orqanları da əmələ gəlməyə başlayır. Hətta ultrasəsdə ürək döyüntüləri də görünür. Beyin, gözlər, qulaqlar, ağciyərlər və böyrəklər kimi digər mühüm orqanlar da əmələ gəlir. Yeddinci həftədə embrionun əsas onurğası da əmələ gəlməyə başlayır ki,  bu da körpənin skelet sisteminin əsasını təşkil edir. Həmçinin bu dövrdə embrion sürətlə böyüyür və inkişaf edir. Uzunluğu təxminən 4-5 mm-ə çatır. Əl və ayaq bükümləri aydınlaşmağa başlayır və orqanların əmələ gəlməsi davam edir. Körpənin ölçüsü və inkişafı ananın fərdi xüsusiyyətlərindən, onun genetikasından və hamiləlik prosesindən asılı olaraq dəyişir.

Körpənin əlləri və ayaqları yeddinci həftədə önə çıxır. Əl və ayaq barmaqlarının əsası  qoyularkən onlar sonrakı həftələrdə daha da inkişaf edir.

Üz inkişafı: Yeddinci həftədə körpənin üzündə əhəmiyyətli dəyişikliklər baş verir. Gözlər, burun, ağız və qulaqlar daha qabarıqlaşır.

Cinsiyyət əlamətləri: Embrionun cinsini təyin etmək hələ tez olsa da, yeddinci həftədə cinsi inkişaf da başlamış olur. Bununla belə, ultrasəsdə cinsin aydın şəkildə görünməsi üçün hələ bir neçə həftə də lazımdır.

Qeyd edək ki, hamiləliyin bu həftəsi körpənin orqanlarının əmələ gəldiyi və inkişaf etməyə davam etdiyi kritik bir dövrdür. Bu dövrdə sağlam qidalanma, müntəzəm prenatal təqib və həkiminizin tövsiyələrinə riayət etmək vacibdir.

7 həftəlik hamiləlikdə hormonal dəyişikliklər

Hamiləliyin bu dövründə bədəndə bir sıra hormonal dəyişikliklər baş verir. Bu hormonal dəyişikliklər hamiləlik prosesini dəstəkləyir və körpənin sağlam inkişafını təmin edir. Baş verən bəzi hormonal dəyişikliklər bunlardır:

İnsan xorionik gonadotropin (hCG) hormonu: Hamiləlik zamanı plasenta tərəfindən ifraz olunan hCG hormonu embrionun inkişafına birbaşa təsir edir. HCG hormonu hamiləlik testlərində aşkar edilir və hamiləliyin mövcudluğunu təsdiqləyir.

Progesteron hormonu: Progesteron hormonu hamiləliyin qorunmasında mühüm rol oynayır. Yeddinci həftədə progesteron hormonunun səviyyəsi artmağa davam edir, bu da uşaqlığın selikli qişasının hamiləlik üçün uyğun olmasına, hamiləlik zamanı uşaqlığın daxili təbəqəsinin qalınlaşmasına imkan yaradır.

Bu hormonal dəyişikliklər embrionun böyüməsini dəstəkləyir və hamiləlik prosesinin normal gedişatını təmin edir. Bununla belə, hər bir qadının hormonal reaksiyaları fərqlidir və bəzi qadınlarda ürəkbulanma, yorğunluq və həssaslıq kimi hamiləlik əlamətlərinə bənzər hormonal dalğalanmalar da yaşanır. Hamiləlik dövründə hormonal dəyişikliklər də mütəmadi olaraq izlənilməli və lazım gəldikdə həkimə müraciət edilməlidir.

7 həftəlik hamiləlikdə hamiləlik testi

Hamiləlik testi yeddinci həftədə aparılarsa, nəticə adətən müsbət olur. Hamiləlik irəlilədikcə hamiləlik hormonu olan hCG səviyyəsi artır. Buna görə də yeddinci həftədə hamiləlik testi aparıldıqda bədəndə kifayət qədər hCG müəyyən olunur və nəticə etibarı ilə test müsbət nəticə verir.

Hamiləlik testi adətən sidik nümunəsi üzərində aparılır. Evdə istifadə olunan hamiləlik testləri hCG səviyyəsini təyin etmək üçün xüsusi olaraq hazırlanmışdır. Test istifadə təlimatlarına uyğun olaraq aparıldıqda adətən yeddinci həftədə dəqiq nəticə almaq mümkündür.

Bununla belə, hər bir hamiləlik testinin həssaslığı fərqlidir və dəqiq nəticələr üçün testin təlimatlara uyğun aparılması vacibdir. Test nəticəsində hansısa qeyri-müəyyənlik varsa və ya müsbət nəticəyə baxmayaraq hamiləlik əlamətləri yoxdursa, həkiminizlə əlaqə saxlamaq mütləqdir. Həkiminiz daha dəqiq diaqnoz üçün qan testi və ya ultrasəs kimi digər testlər təyin edəcəkdir.

Hamiləliyin 7-ci həftəsində cinsiyyətin təyin edilməsi

7 həftəlik hamiləlikdə cinsiyyəti NIPT testi ilə, yəni Non-İnvaziv Prenatal Diaqnoz ilə təyin etmək mümkündür. Bu test həm də genetik xəstəliklərin də təyinində edilir. NIPT testinin etibarlılığı isə 80%-dən yüksək qiymətləndirilir. Test anadan alınan qan nümunəsi ilə edilir. Həmçinin cinsiyəti 16-20-ci həftələrdə ətraflı ultrasəs müayinəsi ilə, 12-ci həftədən sonra isə amniosentez testi ilə öyrənmək olar. Amniosentez testi ilə də döldəki qüsurları təyin etmək olar. Cinsiyyətin təyin olunmasının ən dəqiq üsulu amniosentez testləridir. 

Hamiləliyin 7-ci həftəsində dəridəki dəyişikliklər

7 həftəlik hamiləlikdə hormonal dəyişikliklər dəri üzərində müxtəlif təsirlər göstərir. Hər qadının təcrübəsi fərqlidir. Belə ki, bu həftədə qadınlarda sızanaq, dəri tonunun dəyişməsi, yağlılıq və ya quruluqla yanaşı dəridə həssalıq da yaranır. 

Bu dəri dəyişikliklər adətən müvəqqəti xarakter daşıyır və doğuşdan sonra yaxşılaşmağa başlayır. Hamiləlik zamanı dəri dəyişiklikləri yaşayan birisinizsə, həddindən artıq günəşdə qalmamağa, müntəzəm olaraq nəmləndirici istifadə etməyə, dərinizi mütəmadi təmizləyəməyə, həmçinin təmizləyici vasitələr seçərkən həkiminizin tövsiyələrinə əməl etməyə çalışın.

Hamiləliyin 7-ci həftəsində qidalanma

Yeddinci həftədə sağlamlıq üçün pəhriz saxlamaq tövsiyə olunur. Belə ki, müxtəlif qida qruplarını kifayət qədər almaq üçün balanslaşdırılmış pəhriz edin. Buraya meyvə, tərəvəz, taxıl, protein (ət, balıq, toyuq əti, paxlalılar) və sağlam yağlar daxil edilməlidir.

Fol turşusu körpənin sağlam sinir sisteminin inkişafı üçün vacibdir. Yaşıl yarpaqlı tərəvəzlər, sitrus meyvələri, bütün taxıllar və tərkibində fol turşusu qida əlavələrindən kifayət qədər fol turşusu qəbul edə bilərsiniz.

Körpənin inkişafı üçün kifayət qədər protein almaq da vacibdir. Ət, balıq, toyuq əti, yumurta, süd məhsulları, paxlalılar və soya məhsulları kimi protein mənbələri ilə zəngin bir pəhriz menyusu tərtib etməyiniz tövsiyə olunur.

Dəmir, kalsium sağlam yağlar, lifli qidalar istehlakı hamiləlik dövründə ciddi şəkildə diqqət etməli olduğunuz məqamlardır. Onu da qeyd edək ki, spirt, siqaret və kofein kimi zərərli maddələrdən çəkinməlisiniz. Bunlar körpəyə zərər verəcəkdir.

Hamiləliyin 7-ci həftəsində idman

Yeddinci həftədə fiziki məşq etməyin əhəmiyyəti hamiləlik dövründə sağlam qalmaq üçün olduqca önəmlidir. Yeddinci həftədə idman etmək enerji səviyyənizi artıracaq, yuxu keyfiyyətinizi yaxşılaşdırıb stresinizi azaldacaqdır.

Əzələ gücünüz və onun elastikliyi hamiləlik zamanı bədəninizdəki dəyişikliklərə uyğunlaşmaq üçün vacibdir. Düzgün məşqlərlə əzələlərinizi gücləndirə və elastikliyinizi artıra bilərsiniz. Əlavə olaraq qeyd edim ki, fiziki məşqlər doğuş zamanı dözümlülüyü artıracaq və bədəninizin doğuş prosesinə uyğunlaşmasına kömək edəcəkdir. Xüsusilə, çanaq əzələlərini gücləndirən məşqlər doğum prosesini asanlaşdıracaqdır.

Hamiləliyin bu həftəsində fiziki məşqlər edərkən nəzərə alınmalı məqamlar:

Həkiminizlə məsləhətləşin: Hamiləlik dövründə hansı məşqləri edə biləcəyinizi müəyyən etmək üçün həkiminizlə məsləhətləşin. Hər bir qadının vəziyyəti fərqlidir, buna görə fərdi tövsiyələr almaq vacibdir.

Təhlükəsiz məşqləri seçin: Hamiləlik üçün az təsirli məşqlərdən və tövsiyə olunan məşqlərdən faydalanın. Gəzinti, üzgüçülük, yoqa, pilates kimi fəaliyyətlər təhlükəsizdir.

Son olaraq qeyd edək ki, hamilə olduğunuzu öyrəndiyiniz ilk andan artıq həkim tövsiyəsi almağa başlamalısınız. Bu vəziyyətdə dəqiq diaqnoz və düzgün müalicə üçün 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb, müayinəyə yazıla bilərsiniz.

Şərh yaz