Ana Səhifə » Bloq » Hamiləliyin 2-ci Trimestri: Mən Niyə Ehtiyat Etməliyəm ?

2ci-trimestsr

Hamiləliyin 2-ci Trimestri: Mən Niyə Ehtiyat Etməliyəm ?

Artıq ikinci trimestrə keçmisinizsə, deməli 1-ci trimestr kimi çətin bir müddəti arxada qoymusunuz. Birinci trimestrdən fərqli olaraq, ikinci trimestr, adətən, daha enerjili və xoşbəxt anlarla dolu keçir.  

Hamiləliyin 2-ci trimestrində hansı dəyişikliklərin sizi gözlədiyini bilmək istəyirsinizsə, yazını oxumağa davam edin.  

hamiləliyin 2-ci trimestri

Qarın və süd vəziləri böyüyür

Uşaqlıq genişlənərək körpə üçün yer açdıqca qarın da böyüməyə başlayır.  Qarın böyüdükcə qarnın dərisində çəhrayı, qırmızı və bənövşəyi rəngdə çatlar yarana bilir. Çatların yaranması həm genetik faktorların, həm hormonal dəyişikliklərin, həm də dərinin elastikliyinin az olması və su çatışmazlığı səbəbindən ola bilər. Bunun üçün qida və su rejiminə diqqət etmək, həmçinin, dərini kokos və ya zeytun yağ ilə yağlamaq, nəmləndirici kremlərdən istifadə etmək məsləhətdir.  

Süd vəzilərinin böyüməsi sizə ağırlıq verməsin deyə, hamilələr üçün nəzərdə tutulmuş geniş qayışlı dəstəkləyici büstqalter və ya idman büstqalteri geyinməyə çalışın.

Brakston-Hiks sancıları (Braxton-Hicks) yaranır   

Bu yüngül, qeyri-müntəzəm sancıları qarnınızda zəif spazmlar şəklində hiss edə bilərsiniz. Bu sancılar daha çox günorta və ya axşam, fiziki aktivlikdən, həmçinin cinsi əlaqədən sonra da hiss edilə bilər. Əgər sancılar davamlı olarsa və güclənərsə bunu həkiminizə bildirin. Çünki bunlar erkən doğuşun əlamətləri ola bilər. 

Yuxusuzluq yaranır

Hamilələrdə bu trimestrdə müxtəlif səbəblərdən yuxusuzluq yaranır. Bunlara həm fiziki, həm də psixoloji səbəblər daxildir. Burun tutulması ilə bağlı nəfəs almanın çətinləşməsi, ürəkdöyüntüsünün artması, tez-tez sidiyə çıxma, ayaq əzələlərində qıcolmalar, bel və kürək ağrısı, mədə qıcqırması ananı yatmağa qoymur. Bunların qarşısını almaq üçün yatmadan əvvəl ilıq duş almaq, ayaqların arasına, həmçinin, bel və kürək nahiyələrinə yastıqlar qoymaqla özünüzü daha yaxşı hiss edərək, yuxuya düşə biləcəksiniz.  

Rahat yatmaq üçün sol böyrü üstə yatmaq məsləhətdir. Çünki bu pozada körpəyə gedən qan axını artır, körpə yaxşı qidalanır, həm də ananın böyrəklərindən maye daha rahat süzüldüyü üçün ödem azalır.

Gecə fiziki diskomfortdan başqa, ananı həm də müxtəlif düşüncələr yatmağa qoymaya bilir. Bu halda köməyinizə ilıq duş, meditasiya, yüngül yoqa hərəkətləri və kitab oxumaq gələcək. Bunlar sizi sakitləşdirərək daha tez yuxuya düşməyinizə kömək edəcək. Əgər bunlar kömək etməzsə, psixoterapevt dəstəyi almağınız məsləhətdir.

yuxusuzluq

Ayaqda qıcolmalar baş verir  

Ananı gecə yatmağa qoymayan səbəblərdən biri yuxarıda da qeyd etdiyim kimi, ayaqlardakı qıcolma tutmalarıdır. Gecə ilə yanaşı, gündüz də baş verə bilən qıcolmaların qarşısını almaq üçün  həmin nahiyəni buzla masaj etmək, yüngül dartınma hərəkətləri etmək, gün ərzində  fiziki aktiv qalmaq və maye qəbul etmək vacibdir.

Bu vəziyyəti yüngülləşdirmək üçün ayaqları büküb açmaq, ayaq barmaqlarını dizə doğru çəkmək məsləhətdir. Bundan başqa, ayağa qalxaraq həmin ayağa düşən yükü azaltmaq mümkündür. Həmçinin, ayaqqabı seçiminə diqqətlə yanaşın. Ayaqqabılarınızın maksimum rahat olmasına diqqət edin.

Dərinin vəziyyəti dəyişir  

  Hamiləlikdə baş verən hormonal dəyişikliklər piqment hüceyrələrinin (melanin) çoxalmasını stimullaşdırır. Nəticədə üz dərisində qəhvəyi ləkələr yarana bilir. Bu ləkələrlə yanaşı, qarında tünd rəngli “Linea nigra” adlanan xəttin yarandığını müşahidə edəcəksiniz. Bu dəyişikliklər, adətən doğuşdan sonra yox olur.

Göbək dəliyində ağrı yaranır

Körpənin və uşaqlığın böyüməsi ilə qarın əzələləri gərginləşmiş olur. Bu səbəbdən göbək dəliyində ağrı baş verə bilir. Bəzi qadınlarda isə eyni səbəbdən göbək yırtığı yarana bilir. Bu ağrı gələcək ananı qorxuda bilər, lakin bu, qorxulu bir hal deyil.  

Su gəlməsi baş verə bilər

   Hamiləlik zamanı risk yaradan vəziyyətlərdən biri su gəlməsidir. Belə ki, bu hal erkən doğum riskini artırmış olur. Erkən doğum riskini infeksiyalar yarada bilir. Əgər infeksiya varsa, bu dövrdə həkim nəzarətində olmaq vacibdir. Bəzən hamilələr vaginal axıntını su gəlməsi ilə qarışdıra bilirlər. Bu hal sizi də narahat edirsə,  bunu həkiminizə bildirin, o, sizə doğru istiqamət verəcək.  

Burunla nəfəsalma çətinləşir

 Hamiləlik dövründə hormonların səviyyəsi ilə yanaşı, bədəndə olan qanın miqdarı da artır. Bu, burnun selikli qişasının şişməsinə, qurumasına və nəticədə burun tıxanmasına səbəb olur. Bundan başqa, burundan qan da gələ bilər. Bu əlamətləri yüngülləşdirmək üçün buruna duz tərkibli damcılar tökün və ya burnu duzlu su ilə yaxalamağa çalışın. Həmçinin, ilıq duş almaq burnun yumşalmasına və daha rahat nəfəs almanıza kömək edəcək.  

Diş və diş əti problemləri yarana bilir

Hamiləlik diş ətlərində həssaslıq yarada bilir. Nəticədə dişləri fırçaladığınız və ya dişləri sapla təmizlədiyiniz vaxt kiçik qanamalar ola bilir. Ağız boşluğunu duzlu su ilə yaxalamaq və daha yumşaq diş fırçasına keçmək qıcıqlanmanı azaldacaq. Tez-tez baş verən qusma da diş minasına təsir edə və kariyesin artmasına gətirib çıxara bilər. Buna görə də hamiləlik dövründə dişlərə qulluq müntəzəm olmalıdır.

Başgicəllənmə ola bilər

2-ci trimestrdə çox rast gəlinən əlamətlərdən biri də başgicəllənmədir. Sizi də başgicəllənmə narahat edirsə, uzun müddət ayaq üstə durmaqdan çəkinin. Ayağa qalxdığınız zaman və ya mövqeyinizi dəyişərkən kəskin hərəkətlər etməməyə çalışın. İmkan olarsa, başgicəllənmə hiss etdiyiniz zaman yan tərəfdə uzanın.

Baş ağrısı narahat edə bilər

Bu trimestrdə baş ağrısı müxtəlif səbəblərdən meydana çıxa bilir. Baş ağrısına ananın az su qəbul etməsi, dincəlməməsi və yuxusuzluğu səbəb ola bilir. Baş ağrısının qarşısını almaq üçün susuz qalmamaq, gündə 8 stəkan su qəbul etmək, gün ərzində dincəlmək və yuxu rejimini maksimum düzəltmək məsləhətdir.  

Bundan başqa, baş ağrısı hamiləlik üçün təhlükəli bir vəziyyət olan preeklampsiyanın göstəricisi ola bilər. İkinci trimestrdə təəssüf ki, bəzi qadınlar bu vəziyyəti yaşamış olurlar. Sağlığınızı sığortalamaq üçün baş ağrılarınız varsa, həkim müayinəsindən keçməyi unutmayın.

Vaginal axıntı artır

Bunun olması hamiləlik üçün normal haldır. Əgər vaginal axıntı ağ və iysizdirsə, narahat olmağa dəyməz. Kəskin qoxuya malikdirsə və sarı, yaşıl və ya qəhvəyi rənglərə çalırsa, bu vaginal infeksiyanın əlaməti ola bilər. Bunları müşahidə etdiyinizdə mütləq həkiminizlə əlaqə saxlayın.

Sidik yolları infeksiyaları baş verə bilir

Bu infeksiyaların yaranması hamiləliyə xas xüsusiyyətdir. Sidiyi saxlamaqda çətinlik çəkirsinizsə, sidiyə çıxanda kəskin ağrı olursa, bulanıq sidik və ya kəskin qoxu ilə yanaşı hərarətiniz və ya bel ağrınız varsa, həkiminizlə əlaqə saxlamağınız vacibdir. Müalicə edilməzsə, sidik yollarının infeksiyaları ağırlaşa və böyrək infeksiyası ilə nəticələnə bilər.

2-ci trimestrdə körpə necə inkişaf edir? 

Görmə və eşitmə, dad və iybilmə    

2-ci trimestrdə körpə hələ görməyə başlamasa da işığa reaksiyası inkişaf etməyə başlayır. Trimestrin sonuna doğru artıq işığın istiqamətini izləyə bilir.  Göz qapaqları tam inkişaf edib və körpə gözlərini asta-asta hərəkət etməyə başlayır. Onun göz qapaqları açılıb, bağlana bilir. 2-ci trimestrin son həftəsində körpənin göz qırpmasını müşahidə etmək olur.

Bu trimestrdə körpə səsləri eşitməyə və ayırd etməyə başlayır. Belə ki, artıq anasının və atasının səslərini ayırd edərək, onlara reaksiya verə bilir. Dad alma hissi inkişaf etməyə başladığı üçün ananın yediklərinə hərəkətləri ilə reaksiya verə bilir. Körpənin dad və iy bilmə, eşitmə, hiss etmə və görmə mərkəzləri inkişaf etməkdə davam edir

Hərəkətlilik, sümüklər, oynaqlar və əzələlər   

2-ci trimestrdə körpənin sümükləri, əsasən də kəllə sümüyü və uzun sümükləri bərkiyir. Əzələləri isə möhkəmlənir. O, əllərini və ayaqlarını, oynaqlarını tərpədə bilir, barmağını əmir, hətta kiçik sıçrayışlar edə bilir. Körpə əmmə, əsnəmə, udma və hıçqırma hərəkətlərini edə bilir. İstəyəndə yuvarlanır və fırlanır. Bu trimestrdə körpə kalsium depolamağa başlayır. Ona görə də bu trimestrdə ana kalsium tərkibli qidaların miqdarına xüsusilə diqqət etməlidir.   

Bu trimestrin hər həftəsində hərəkətlilik get-gedə artır. Hamiləlik dövrünün tam ortasından, yəni 20-ci həftədən başlayaraq körpənin hərəkətlərini çöldən belə görmək mümkündür. Təpikləmələri güclənir. Körpə çox hərəkətli olduğu üçün göbək ciyəsi onun qoluna, ayaqlarına, hətta boynuna belə dolana bilər.  

Körpənin əzələləri get-gedə möhkəmləndiyi üçün başını dik tuta bilir. Körpə üz əzələlərini daha yaxşı hərəkət etdirə bilir. Nəticədə ultrasəs müayinəsində onun kədərli və qaşqabaqlı, hətta gülümsəyən üz ifadələrini görmək mümkün olur. 2-ci trimestrin sonunda, yəni 27-ci həftədə körpə artıq hərəkətlərini idarə edə bilir. İstəyəndə yumruq, təpik belə ata bilir. Ultrasəs müayinəsində əllərin və ayaqların barmaqlarını ayırd etmək olur.

Ürək

2-ci trimestr boyuürək döyüntüsü 120-160 arasında dəyişir. Trimestrin sonuna doğru ürək ritmi daha nizamlı olmağa və yavaşlamağa başlayır.

Böyrəklər və sidikçıxarıcı sistem

2-ci trimestrin əvvəlində körpə sidik ifraz edir və içində olduğu suyu öz sidiyindən yaratmağa başlayır. Bu, yaxşı bir əlamət olub, körpənin böyrəklərinin düzgün işlədiyinin göstəricisidir. Bu trimestrdə körpənin böyrəkləri, sidik yolları və sidik kisəsi tam inkişaf edib.

Cinsiyyəti

2-ci trimestrdə körpənizin qız və ya oğlan olacağını öyrənəcəksiniz. Körpənin cinsiyyəti 20-ci həftəyə qədər pozalardan asılı olaraq görünməyə bilər, lakin 20-ci həftədə cinsiyyəti dəqiq təyin etmək mümkün olur. Bu trimestrdə oğlanlarda xayalar enməyə başlayır. Penis böyüməkdə davam edir. Qızlarda isə reproduktiv sistem və böyük cinsiyyət dodaqları inkişaf etmiş olur.    

Körpənin cinsiyyəti

Beyin   

Beyin inkişafı davam edir. Beyinlə əzələlər arasındakı əlaqəni təmin edən sinirlərin ötürücülük qabiliyyəti formalaşır. Beyin dalğaları gördüklərini və hiss etdiklərini nizamlamağa başlayır.

Ağciyərlər

Körpənin ağciyərləri inkişaf etməyə başlayır. Lakin bu trimestr körpə hələ ağciyərləri vasitəsilə tam nəfəs ala bilmir. Ağciyərlərdə surfaktant adlı maddə sintez olunmağa başlayır. Bu maddə ağciyərlərdəki hava kisəciklərinin şişib boşalmasından sonra bir-birinə yapışmasının qarşısını alır.

Dəri və saçlar   

2-ci trimestrin başlanğıcında körpənin dərisi hələ çox nazik və şəffafdır. Dərinin elastikliyi və dolğunluğu kifayət qədər olmadığı üçün körpənin dərisi qırışlarla örtülüb. Saçları trimestrin başlanğıcından yavaş-yavaş yaranmağa başlayır. Trimestrin sonunda isə saçlarını, həmçinin, qaşlarını və kirpiklərini ultrasəs müayinəsində görmək mümkün olur.   

II trimestrin ortasından başlayaraq körpə çəki almağa davam edir, bu da onun qırışmış dərisini hamarlaşdırır. Körpənin bədənində Lanugo adlanan tük örtüyü inkişaf edir. Bu tüklər körpə üçün ideal istilik yaratmağa kömək edir və doğumdan əvvəl yoxa çıxırlar.  

Körpədə digər qoruyucu bir örtük də inkişaf edir. Adı “Verniks caseosa” adlanan örtük körpənin zərif dərisini amniotik mayenin təsiri nəticəsində yarana biləcək aşınma, çatlama və sərtləşmədən qorumağa kömək edir.

İmmun sistemi   

14-cü həftədə körpənin dalağında qırmızı qan hüceyrələri əmələ gəlir. Daha sonra sümük iliyi də qan hüceyrələrini sintez etməyə başlayır. Ümumilikdə qan hüceyrələri qaraciyər, dalaq, öd kisəsi və sümük iliyi tərəfindən sintez olunmağa davam edir. Bu amil immun sistemin inkişafı üçün çox vacibdir. Həmçinin, bu proses immun sisteminin yarandığının göstəricilərindən biridir.  

Ölçüləri 

Körpə 2-ci trimestrdə 67 mm-dən 28-33 sm-ə qədər böyüyür. Çəkisi isə trimestrin sonunda artıq 850-950 qr-a çatır.   

Bunlarla yanaşı, 2-ci trimestrin sonunda körpənin əl və ayaq barmaqlarının izləri tam inkişaf etmiş olur.  Orqanların inkişafı demək olar ki, tamamlanır. Ultrasəs vasitəsilə onların görüntüsünü əldə etmək olur. Həmçinin, orqanlarda hər hansı anomaliyaların olmasını görmək mümkündür.

Körpənin dad və iy bilmə, eşitmə, hiss etmə və görmə mərkəzləri inkişaf etməkdə davam edir. O, artıq müntəzəm şəkildə yuxuya gedir və oyanır. Müayinədə hərəkətlərindən yatdığı və ya oyaq olduğunu bilmək olur.

2-ci trimestrdə hansı müayinələr olunur?  

Hamiləliyin bu dövründə ultrasəs müayinəsi, qan və sidik analizləri aparılır. Körpənin ölçüləri təyin edilir. Həmçinin, sizə müxtəlif prenatal müayinələr təklif oluna bilər. Bu müayinələr hamiləliyin necə keçdiyini bilmək, körpənin və ananın sağlamlığı barədə bizə daha dolğun məlumatlar vermək üçündür.  

Genetik testlər

Müxtəlif xromosom anomaliyaları, Daun sindromu və ya spina bifida hallarını müəyyən etmək üçün qan analizi vermək təklif oluna bilər. Testlərin nəticələri narahatlıq doğurduğu halda həkiminiz əlavə diaqnostik test etməyi məsləhət görəcək.

Dölün ultrasəs müayinəsi  

Bu müayinə körpənin uşaqlıq daxilindəki görüntüsünü yüksək tezlikli səs dalğaları vasitəsilə görüntüləməyə imkan verir. Detallı ultrasəs müayinəsi ilə həkim dölün orqanlarının necə inkişaf etdiyini, körpənin hərəkətlərini və ölçülərini, həmçinin cinsiyyətini müəyyənləşdirə bilir.

Qan analizi

24-28-ci həftələr arasında qanda dəmirin səviyyəsini öyrənməklə yanaşı, hamiləlik diabetini istisna etmək üçün qan analizləri verilir. Diabetin təyini üçün, adətən, qeyd olunan həftələrdə qan analizləri verilir. Lakin bəzi hallarda daha erkən həftələrdə qan analizinin verilməsi vacibdir.  Bu hallara aşağıdakılar aiddir:

  • Diabeti olan hamilələr;
  • Əvvəlki hamiləlikdə şəkər olubsa;
  • Ailə üzvləri arasında diabet xəstəsi varsa;
  • Artıq çəki və ya piylənmə olarsa.    

Bundan başqa, valideynlər arasında rezus uyğunsuzluğu varsa, 28-ci həftədə qan uyğunluğu (Indirekt Coombs Testi) testi edilməlidir.  

 Sidik analizi

 Xüsusilə, ikinci trimestrdə vaginal infeksiya və sidik kisəsinin infeksiyaları daha çox baş verə bildiyindən həkiminiz şübhə doğuran hallarda sidik analizi təklif edəcəkdir.  

 Bu trimestrdə rast gəlinə biləcək neqativ halların qarşısını almaq üçün maksimum sağlam həyat tərzi sürmək vacibdir. Bunun üçün hamilə qadın hər gün yürüş və yüngül idman hərəkətləri etməli, az-az və tez-tez yeməli, bol iç içməlidir. Ayaqüstə çox dayanmamalı və dincəlməyə çalışmalıdır.  

Hamilə bunlara riayət edərsə, həmçinin, həkimin təyin etdiyi müayinələrə vaxtında gələrək, həkimin məsləhətlərinə riayət edərsə, sağlam və rahat hamiləlik keçirmə ehtimalı  daha da yüksəlir.  

15 Həftəlik Hamiləlik: Simptomlar və Qidalanma

Hamiləliyin 19-cu Həftəsi: Hansı Risklər Ola Bilər?

Hamiləliyin 21-ci Həftəsi: Hansı Simptomlar Olacaq?

Hamiləliyin 23-cü Həftəsi: Ana və Körpəni Nələr Gözləyir?

Hamiləliyin 25-ci Həftəsi: Bu Həftədə Nələr Olur?

26 Həftəlik Hamiləlik: Bu Həftəyə Diqqət Edin

Hamiləlik zamanı idman: Faydaları və Zərərləri

Hamiləlikdə Tonus Yaradan Qidalar: Tonusun Riskləri

Hamiləlikdə Dölyanı Maye: Azlığı və Çoxluğunun Riskləri

Dölün İnkişaf Prosesi: Addım-Addım Hamiləlik

 Hamiləlikdə MRT: Mümkün zərərləri və üstünlükləri

Hamiləlik zamanı çəki artımı: Düzgün qidalanma

Hamiləlik Zamanı Oruc Tutmaq: Körpə sağlamlığına təsirləri

Hamiləlikdə cinsi əlaqə: Rikslər və Fizioloji Təsirlər

Şərh yaz