Ana Səhifə » Bloq » Hamiləliyin 25-ci Həftəsi: Bu Həftədə Nələr Olur?

hamileliyin 25-ci heftesi

Hamiləliyin 25-ci Həftəsi: Bu Həftədə Nələr Olur?

Hamiləliyin ikinci trimestri olan 25-ci həftə körpənin inkişafında mühüm mərhələdir. Bu dövrdə körpənin boyu təxminən 30 sm-ə çatır və çəkisi artmağa davam edir. Körpənin orqanları daha da inkişaf etdikcə ağciyərləri tənəffüs üçün hazırlaşmağa başlayır. Hərəkətləri ana bətnində hiss edilməyə davam edən körpə sürətlə böyüyür. Bu dövrdə analar uşaqlığın böyüməsi ilə əlaqədar bədənlərində bəzi dəyişikliklər hiss edə bilərlər. Bunlara bel ağrısı, qəbizlik və tez-tez sidiyə getmə kimi simptomlar daxil ola bilər. Hamiləliyin bu həftəsi müntəzəm müayinələrin vacibliyini vurğulayan bir dövrdür. Ona görə də, əgər hər hansı bir narahatlığınız varsa, həkiminizlə məsləhətləşməlisiniz.

Hamiləliyin 25-ci həftəsində baş verən dəyişikliklər

Hamiləliyin bu həftəsi hamilə qadında bir çox fiziki və emosional dəyişikliklərin yaşandığı bir dövrdür. Körpənin böyüməsi və inkişafı sürətləndikcə orqanizmdə müxtəlif uyğunlaşma prosesləri baş verir. Bu dəyişikliklərə qarın böyüməsi, döşlərdə dəyişikliklər, emosional həssaslıq, yuxu rejiminin dəyişməsi və sair daxildir. 

Qarın böyüməsi. 25 həftəlik hamiləlikdə körpə kifayət qədər böyüdüyü üçün qarının böyüməsi hiss olunur. Uterus böyüdükcə bağlar, əzələlər və oynaqlar dartılır ki, bu da bəzi qadınlarda bel ağrısı və ya narahatlığa səbəb ola bilər.

Mədədə təzyiq. Böyüyən uşaqlıq mədəyə təzyiq göstərə bilər və bu da mədə yanması və ya həzmsizlik kimi problemlərə səbəb ola bilər. Bu dövrdə az-az və tez-tez yemək, yeyərkən də yavaş yemək və dik oturmaq kimi tədbirlər görərək sözügedən narahatlıqları aradan qaldıra bilərsiniz.

Döşlərdəki dəyişikliklər. Hamiləlik irəlilədikcə döşlərin ölçüsü də böyüyür və daha da həssaslaşır. Məmə ucları da tündləşir və bəzi qadınlarda hamiləliyin bu dövrlərdində artıq süd vəzilərindən maye gəlir. Tövsiyə olunur ki, büstqalter seçimində diqqətli olasınız, rahat geyim gün ərzində sərbəst olmağınıza şərait yaradacaqdır. 

Tez-tez sidiyə getmə. 25-ci həftədə böyüyən uşaqlıq sidik kisəsinə təzyiq edir və bu da tez-tez sidiyə getmə hissinə səbəb olur. Bu hal normaldır və sidiyə çıxmadan əvvəl maye qəbuluna diqqət yetirmək, çox maye qəbul etməmək kimi tədbirlərlə aradan qaldırıla bilər.

Emosional dəyişikliklər. 25 həftəlik hamiləlikdə hormonal dəyişikliklər bəzi qadınlarda emosional dalğalanmalara səbəb ola bilər. Bəzi günlər özünüzü xoşbəxt, bəzi günlər isə kədərli və ya narahat hiss edə bilərsiniz. Dəstəyə ehtiyac duyduğunuzda yaxınlarınız və ya həkiminizlə danışmaq vacibdir.

Körpənin hərəkətləri. Hamiləliyin bu həftəsində körpənin hərəkətləri daha qabarıq olur. Körpənin hərəkətləri artıq daha güclü və daha tez-tez hiss edilə bilər. Başlanğıcda yüngül toxunuşları hiss edilirdisə, indi daha güclü təpiklər, qıvrımlar və dönmələr kimi hiss oluna bilir. 

Yuxu rejimi. Hamiləliyin bu dövründə yuxu rejimi dəyişə bilər. Bəzi hallarda böyüyən qarın, tez-tez sidiyə getmə ehtiyacı, narahatlıq və emosional dalğalanmalar səbəbindən yuxuda rahatlıq tapmaq çətin olur. Qeyd edim ki, hamiləlikdə yan tərəfli uzanmış vəziyyətdə yatmaq bədən üçün ən rahat vəziyyət hesab edilir. 

Dəri dəyişiklikləri. Hamiləliyin son həftələrində hormonal dəyişikliklər dəriyə də təsir edir. Ona görə də bəzi qadınlarda dəri daha parlaq və sağlam görünsə də, digərlərində quruluq, ləkələr və ya sızanaq kimi dəri problemləri olur. Dərinin təmizlənməsinə diqqət yetirmək, nəmləndirici kremlərdən və günəş kremindən istifadə etmək bu vəziyyəti yüngülləşdirə bilər.

Nəfəs almaqda çətinlik. Böyüyən uşaqlıq diafraqmanın hərəkətini məhdudlaşdıra və bəzi qadınlarda nəfəs almaqda çətinlik yarada bilər. Dərin nəfəs almaq, dik oturmaqla bu vəziyyəti yüngülləşdirə bilərsiniz.

Yekun olaraq bildirim ki, 25 həftəlik hamiləlikdə bir çox fiziki və emosional dəyişikliklər baş verir. Bu dəyişikliklər normaldır və hamiləlik prosesinin təbii bir hissəsidir. Bununla belə, hər hansı bir narahatlığınız varsa və ya simptomlarınızda hər hansı bir anormallıq hiss edirsinizsə, həkiminizlə əlaqə saxlamağınız vacibdir. Həmçinin sağlam bir hamiləlik üçün yaxşı qidalanma, müntəzəm idman, kifayət qədər istirahət və həkiminizin tövsiyələrinə əməl etmək vacibdir.

Hamiləliyin 25-ci Həftəsi: Körpənizin İnkişafı və Dəyişiklikləri

Bu dövrdə körpənizin bədəni və orqanları daha da inkişaf etməyə başlayır. Körpənizin inkişafı və hamiləliyin 25-ci həftəsində yaşaya biləcəyi dəyişikliklər haqqında bəhs edək. Belə ki, boyu 30 sm olan körpənizin çəkisi artmağa davam edir. Körpənizin dərisi artıq qalınlaşır və daha çox yağ saxlayır. Bu, körpənin dərisini hamar və dolğun göstərir. Əzələ və sümük inkişafı sürətləndikcə körpəniz güclənir.

25-ci həftədə körpənizin ağciyərləri nəfəs almağa hazırlaşmağa başlayır. Ağciyərlərdə hava kisələri meydana gəlir ki, bu da tənəffüs üçün lazım olan səth sahəsini artırır. Bu, körpənizin doğulduqdan sonra müstəqil nəfəs alması üçün vacibdir. Həmçinin körpənizin qulaqları indi daha həssas olur və ətrafdakı səsləri qəbul edə bilir. 

Hamiləliyin bu həftəsində körpənizin hərəkətləri daha da qabarıq olur. İndi ana bətnində daha aktiv şəkildə dönə və hərəkət edə bilər. Körpənizin təpiklədiyini hiss edə bilərsiniz və bu, ana ilə bətnindəki körpə arasında güclü bir əlaqə yaradır.

25 həftəlik hamiləlikdə körpə inkişafı və anomaliyaları

Qeyd etdiyim kimi, hamiləliyin bu həftəsi körpənin inkişafında kritik bir mərhələdir. Bu dövrdə körpənin böyüməsi sürətlənərkən orqanları da inkişaf etməyə davam edir. 

Öncəliklə bildirim ki, hər hamiləlikdə körpənin inkişafı fərqli ola bilər. Lakin adətən 25-ci həftədə körpənin boyu təxminən 30 sm-ə çatır və çəkisi artmağa davam edir. Onun ağciyərləri inkişaf edir və tənəffüs üçün hazırlaşmağa başlayır. Beyin və sinir sistemi sürətlə inkişaf edərkən əzələlər və sümüklər güclənir. Körpə gözlərini artıq aça bilir və göz rəngi formalaşmağa başlayır. Ancaq bəzi hallarda 25-ci həftədə bəzi anomaliyaların gecikmiş diaqnostikası aparılarkən bu anomaliyalara rast gəlinir. Bu anomaliyalar körpənin normal inkişafına təsir edə bilər və müxtəlif problemlər yarada bilər. Məsələn, anadangəlmə ürək anomaliyaları körpənin ürək strukturunda qüsurların olması deməkdir. Bu anomaliyalar körpənin ürəyinin düzgün işləməsinə mane ola və tibbi yardım tələb edə bilər.

Digər mümkün anomaliya körpənin onurğa beynində və ya beynində anadangəlmə problem olan spinal bifidadır. Spinal bifida onurğanın düzgün bağlanmadığı və körpənin sinir sisteminə təsir edən vəziyyətdir. Bu vəziyyətdə körpənin onurğa beyni mayesi çölə çıxa bilər və bu da əməliyyat tələb eədn bir haldır.

25-ci həftədə gecikmiş diaqnostikası edilən başqa bir anomaliya ağciyərlərin inkişafı ilə bağlı problemlərdir. Belə ki, körpənin ağciyərləri kifayət qədər inkişaf etmədikdə nəfəs almaqda çətinlik çəkə və buna bağlı olaraq tənəffüs dəstəyinə ehtiyac ola bilər.

Belə anomaliyaların zamanında aşkarlanması üçün müntəzəm prenatal nəzarət vacibdir. Həkiminiz ultrasəs və digər tibbi testlərlə körpənin inkişafını izləyəcək və hər hansı bir narahatlıqdan şübhələndiyi təqdirdə əlavə testlər tövsiyə edəcəkdir. Unutmayın ki, erkən diaqnoz müalicə variantlarını qiymətləndirmək və müvafiq tədbirlər görmək üçün vacibdir.

Bildirim ki, baş verə biləcək anomaliyalar qorxulu ola bilər. Ancaq unutmayın ki, əhəmiyyətli olan düzgün tədbirlər görmək və müalicə prosesinə başlamaqdır.

Vaxtından əvvəl doğuş riski: 25-ci həftədə nələrə diqqət edilməlidir?

25 həftəlik hamiləlikdə vaxtından əvvəl doğuş riski artır. Körpənin hələ tam inkişaf etməməsi vaxtından əvvəl doğuş halında bəzi sağlamlıq problemlərini gətirə bilər. Buna görə də 25-ci həftədə vaxtından əvvəl doğuş riskinə diqqət yetirmək lazımdır.

Prenatal nəzarət. 25-ci həftədə müntəzəm prenatal müayinələr çox vacibdir. Həkiminiz körpənin ölçüsünü, uterus daralmalarını və servikal uzunluğunu yoxlayacaq. Bu nəzarətlərdə vaxtından əvvəl doğuş əlamətlərini aşkar etmək və lazım gəldikdə müvafiq tədbirlər görmək vacibdir.

Vaginal qanaxmaya diqqət. Hamiləliyin 25-ci həftəsində vaginal qanaxma da vaxtından əvvəl doğuşun əlamətidir. Bu simptomla qarşılaşsanız, dərhal həkimə müraciət etməlisiniz.

Daimi istirahət. Vaxtından əvvəl doğuş riskini azaltmaq üçün müntəzəm olaraq istirahət etmək vacibdir. Uzun müddət ayaqda durmaq və ya həddindən artıq fiziki fəaliyyət uterusun daralmasına səbəb ola bilər. İstirahət etmək və stressi azaltmaq körpənizin sağlam inkişafına kömək edir.

Sağlam qidalanmaq. Hamiləliyin 25-ci həftəsində sağlam qidalanmaq körpənizin inkişafı üçün vacibdir. Balanslaşdırılmış qidalanma körpənin ehtiyac duyduğu qidaları almasına kömək edir. Bol meyvə, tərəvəz, tam taxıl və protein ehtiva edən yemək planına riayət etmək vacibdir.

Siqaret və spirtli içkilərdən qaçınmaq. Siqaret çəkmək və spirtli içki qəbul etmək erkən doğum riskini artıran amillərdir. Siqaret çəkmək körpənin inkişafına mənfi təsir göstərir və bu, az çəki, tənəffüs problemləri və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Alkoqol istehlakı da körpənin sağlamlığına zərər verə və vaxtından əvvəl doğuş riskini artıra bilər. Odur ki, hamiləliyin bu həftəsində mütləq siqaretdən və spirtli içkilərdən uzaq durmalısınız.

Stresdən uzaq durmaq. Erkən doğuş riskini artıran başqa bir faktor da stresdir. Hamiləliyin bu həftəsində stresdən mümkün qədər uzaq durmağa çalışmalısınız. Stresin öhdəsindən gəlmək üçün meditasiya, yoqa kimi üsulları sınaya bilərsiniz. Dəstək üçün bir ailə üzvü və ya dostunuzla danışmaq da stresi azaltmağa kömək edə bilər.

Su qəbuluna diqqət yetirin. Hamiləliyin 25-ci həftəsində kifayət qədər su qəbulu bədəninizi nəmləndirmək və uşaqlıq sancılarını azaltmaq üçün vacibdir. Gündə ən az 8-10 stəkan su içməyə çalışın.

Yaxşı yuxu rejiminin qurulması. Yaxşı bir yuxu rejimi körpənin inkişafı və ananın ümumi sağlamlığı üçün vacibdir. Rahat yuxu mühiti yaradın və yuxu rejiminə diqqət yetirin. Yan uzanmış vəziyyətdə yatmaq körpənin qan dövranını və oksigenləşməsini yaxşılaşdırır.

Hamiləliyin bu həftəsində vaxtından əvvəl doğuş riskinə diqqət yetirmək vacibdir. Həkiminizin tövsiyələrinə əməl etmək, mütəmadi olaraq müayinədən keçmək və simptomlara diqqət yetirmək vacibdir. Unutmayın, hər hamiləlik fərqlidir və hər hansı bir narahatlığınız varsa, peşəkar kömək axtarmaq daha yaxşıdır. Körpənizin sağlam böyüməsini və inkişafını təmin etmək üçün özünüzə qulluq edin və tövsiyələrə əməl edin.

Hamiləliyin 25-ci həftəsində verilən suallar

Valideyn olmağı səbrsizliklə gözləyənlərin 25 həftəlik hamiləlikdə verdikləri bir sıra ümumi suallar var. Bu suallara nəzər yetirərək siz də yarana biləcək suallarınızın cavabını tapa bilərsiniz. 

25 həftəlik hamiləlikdə hansı məşqlər təhlükəsizdir?

Həkiminizin icazəsi ilə yüngül məşqlər etmək ümumiyyətlə təhlükəsizdir. Gəzinti, üzgüçülük, hamilə yoqa və ya hamilə pilates kimi az təsirli məşqlərə üstünlük verilə bilər. Bununla belə, həddindən artıq çətin və ya riskli fəaliyyətlərdən qaçınmaq vacibdir.

25 həftəlik hamiləlikdə hansı vitamin və mineral əlavələri qəbul edilməlidir?

Həkiminizin məsləhəti ilə prenatal vitamin və mineral əlavələri qəbul etmək vacibdir. Həmçinin fol turşusunun qəbulu da hamiləlik zamanı olduqca önəmlidir. Həkimin tövsiyə edəcəyi əlavələr körpənizin sağlam inkişafı üçün lazım olan vacib qidaları təmin edir.

25 həftəlik hamiləlikdə cinsi əlaqə olarmı?

Adətən cinsi əlaqə sağlam hamiləlikdə davam edə bilər. Ancaq hər hamiləlik fərqli olduğundan hər hansı bir narahatlıq və ya risk zamanı həkiminizin tövsiyələrinə əməl etmək və cinsi fəaliyyətləri məhdudlaşdırmaq vacibdir. Həmçinin hamiləlikdə cinsi əlaqə sonrasında genital gigiyena qaydalarına əməl etmək, düzgün mövqe seçmək olduqca önəmlidir. 

25 həftəlik hamiləlikdə hansı qidalar qəbul edilməlidir?

Hamiləliyin hər mərhələsində sağlam qidalanma vacibdir. Hamiləliyin bu həftəsində balanslaşdırılmış pəhriz saxlamaq üçün zülal, lif, vitamin və minerallarla zəngin qidalar seçməlisiniz. Təzə meyvə və tərəvəzlərin, tam taxılların, zülal mənbələrinin (toyuq, balıq, yumurta, paxlalılar), süd məhsulları, sağlam yağlar və kifayət qədər su qəbulu tövsiyə olunur.

25 həftəlik hamiləlikdə vaginal axıntının artması normaldırmı?

Hamiləlik dövründə vaginal axıntı arta bilər. Bu normaldır, lakin ifrazatın miqdarında və ya formasında anormal bir dəyişiklik görsəniz, həkiminizlə əlaqə saxlamağınız vacibdir. Xüsusilə pis qoxu, qaşınma və ya yanma hissi varsa, bu, infeksiyanın xəbərçisi ola bilər və mütləq zamanında müalicə edilməlidir.

Hər bir qadın hamiləliyinin rahat və sağlam keçməsini arzulayır. Bunun üçün isə müntəzəm müayinələr çox önəmlidir. Peşəkar müayinə və müalicə üçün 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayın və müayinə üçün gün alın. 

Şərh yaz