Ana Səhifə » Bloq » Hamiləliyin 3-cü Trimestri: Bu Dövrdə Məni Nələr Gözləyir ?

Hamiləliyin 3-cü Trimestri: Bu Dövrdə Məni Nələr Gözləyir ?

Hamiləliyin 3-cü trimestri hamilə qadın üçün ən həyəcanlı aylardır. Çünki körpəni qucağına almağa cəmi 10-12 həftə qalıb. Bu son həftələrdə körpə sürətlə böyüyür, ananın bədəni isə doğuma adaptasiya dövrünü keçir.  

Hamiləlik Dövrləri

3-cü trimestrdə körpə necə inkişaf edir?

Hamiləliyin son 3 ayı, yəni 3-cü trimestrdə körpə artıq kiçik insan formasını alıb.  Əlləri və ayaqları inkişaf edib. Ultrasəs müayinəsində üzündə fərqli ifadələr, müxtəlif hərəkətlər etdiyini görmək olur. Hətta göbək ciyəsi ilə belə oynadığını görmək olar. Çox hərəkətli olduğu üçün ciyə onun qoluna, ayaqlarına, boynuna dolana bilər. Bunlar normal hal hesab olunur. 

Körpə gözlərini açıb, bağlayır. Müayinə zamanı göz qırpdığını görmək mümkündür. Kirpiklər və qaşlar artıq formalaşıb. Anasının və atasının səsini tanıya bildiyi üçün onlara reaksiya verə bilir.  

Körpə təpikləyir, dartınır və əllə tutma hərəkətləri edir. Hamiləliyin 30-cu həftəsi körpənin gözləri geniş açılır. Gözlərini tez-tez açıb bağlamaq vərdişi yaranır. Gözləri işıq mənbəyini izləyə bilər, hətta işığa toxunmaq üçün işığa tərəf uzana bilər. Göz yaşı da sintez edə bilər. Bu həftə körpənin saçları artıq xeyli artmış ola bilər. Ultrasəsdə görünən döş qəfəsinin ritmik hərəkətləri hıçqırıq tutmalarından xəbər verir.

Ayaq dırnaqları çıxmağa başlayır. Beyindəki çuxurlar və oyuqlar yaranmağa başlayır. Əvvəlki həftələrdə körpəni tam örtən Lunago adlı yumşaq tüklər yox olmağa başlayır. Onların əvəzinə körpənin bədən temperaturunu beyni və yeni yaranan piy hüceyrələri nizamlamağa başlayır. Körpələr bu həftələrdə xüsusilə gecə saatlarında aktiv və hərəkətlidirlər.

Hamiləliyin Həftələri

31-ci həftədən başlayaraq körpənin çəkisi sürətlə artmağa başlayır. Çəki artdıqca üzündəki və bədənindəki qırışlar açılmağa başlayır. Duyğu orqanlarından gələn siqnalları, beyin vasitəsilə aldığı məlumatları incələməyə başlayır. İşığı və eşitdiyi səsləri incələyir. Öz ətrafında dönə bilir, ayaqları ilə sanki pedal çevirir. Hıçqırmaqla yanaşı, udquna bilir. 33-cü həftədən etibarən artıq işığı görməyə başlayır. Buna görə də göz bəbəkləri böyüyüb kiçilə bilir. Anadan aldığı antitellər sayəsində immuniteti güclənməkdə davam edir.

Kələ sümüyü hələ də yumşaqdır. Bu xüsusiyyət doğum zamanı körpənin uşaqlıq yolundan rahat keçməsinə imkan yaradır. Doğuma 5-7 həftə qalanda orqanlar demək olar ki, tam inkişaf edib. Beyindəki sinir hüceyrələri bir-biri ilə əlaqə qururlar. Qan dövranı funksiyasını tam yerinə yetirir. Bu dövrdə körpə artıq ananın kədərli və hirsli, xoşbəxt və ya yorğun olduğunu hiss edə bilir. Körpənin göz rəngi mavidir, ancaq doğumdan sonra gün işığı ilə reaksiyaya girərək əsl rəngini alacaqdır. Qulaqları tam inkişaf edib, səsləri ayırd edə bilir. Dadbilmə və iybilmə inkişaf edib, əmmə refleksi inkişaf etməkdə davam edir.   

36-cı həftədə körpə amniotik kisənin böyük bir hissəsini tutur. Ana bətnində yer azaldığı üçün hərəkətlərində azalma hiss edilə bilər. Bu həftədən demək olar ki, körpə artıq doğuma hazır pozada, yəni başı çanağa doğru aşağı istiqamətdə yerləşib.

Doğuma son iki həftə qalmış körpənin əl və ayaq dırnaqları barmaqlara qədər uzanır. Bu həftə də doğum baş verə bilər. Buna görə də sonuncu həftələrdə artıq 3 gündən bir müayinələr həyata keçirilir.  Körpənin hərəkətləri, yerləşməsi və amniotik maye yoxlanılır. 

Hamiləliyin 40-cı həftəsində, yəni tam 9-cu ayında körpənin çəkisi artıq 3-4 kq, boyu isə 48-53 sm-ə çatır. Lakin genetik faktorlar və körpənin inkişafından asılı olaraq bu rəqəmlər dəyişə bilər.  Əgər doğuşun vaxtı gəlib keçirsə, lakin doğuş əlamətləri yoxdursa, qorxmayın. Çünki doğum tarixi hesablansa da,həmin tarixdən əvvəl və ya sonra doğuşun baş verməsi normaldır. Bu günlərdə vacib olan həkim nəzarətində olmaq və həkimin təlimatlarına riayət etməkdir. 

3-cü trimestrdə hamilə qadını nələr gözləyir?

Sancılar

Hamiləliyin 3-cü trimestrində Brekston Hiks adlanan (Braxton Hicks) sancılar artır. Bu sancılar bütün trimestr boyu ananı narahat edir. Qeyri-müntəzəm baş verən sancılar qarında yüngül bir sıxılma kimi hiss edilir. Günün istənilən vaxtında baş verə bilir. Əsasən, fiziki iş və ya aktivlikdən, həmçinin cinsi əlaqədən sonra sancılar tuta bilir. Brekston Hiks sancıları doğuma yaxınlaşdıqca daha tez-tez baş verir və güclənir. Əgər sancılar müntəzəm olub, güclənərsə, bu doğumun əlaməti ola bilər. Bu halda mütləq həkiminizlə əlaqə saxlayın.

3-cü trimestrdə sancıların doğuş sancıları olub-olmamasını müəyyənləşdirmək üçün NST müayinəsi aparılır. Bu müayinə uşaqlığın həqiqi yığılmalarını və doğumun başlayıb-başlamadığını təyin etməyə imkan verir.

Ağrılar 

3-cü trimestrdə hamilədə bədənin fərqli nahiyələrində ağrılar yaranır. Baş, bel və kürək, qasıq və qarın, süd vəzi və oynaq ağrıları meydana çıxır.

Baş ağrısı müxtəlif səbəblərdən meydana çıxa bilir: yuxusuzluq, burnun tıxanması, suyun az qəbulu, stress, bədən temperaturunun yüksəlməsi, yuxusuzluq, qeyri-sağlam qidalanma və s. Ancaq bununla yanaşı, baş ağrısının ciddi səbəbləri ola bilər. Ona görə də əgər baş ağrıları varsa, mütləq təzyiq ölçülməli və təzyiqə daim nəzarət olunmalıdır.

Bel və kürək ağrıları qarnın önə doğru böyüməsi, bədənin ağırlıq mərkəzinin yerdəyişməsi  nəticəsində yaranır. Qasıq və qarın ağrısı qarnın böyüməsi ilə əzələlərin dartılması, körpənin uşaqlıq yoluna doğru istiqamətdə yerdəyişməsi səbəbindən baş verir.

Döş qəfəsindəki ağrı süd vəzilərinin böyüməsi və süd kanallarının doğuma görə hazır vəziyyətə gəlməsi ilə bağlı yarana bilir. Həmçinin, körpə böyüdükcə döş qəfəsi və qabırğalara təzyiq göstərdiyi üçün ağrı meydana çıxa bilir.

Həzm problemləri

Hamiləliyin hər üç trimestrində müxtəlif həzm problemləri hamilə qadını narahat edir. Əgər 1-ci trimestrdə ürəkbulanma və qusma kimi əlamətlər əsas olursa, 3-cü trimestrdə artıq mədə qıcqırması (mədə yanması), mədə ağrısı, qəbizlik yaranır.    

Mədə qıcqırması körpənin böyüməsi nəticəsində mədənin yuxarı doğru sıxılması və qida borusuna mədə möhtəviyyatının atılması sayəsində meydana çıxır. Mədə qıcqırmasının qarşısını almaq üçün az-az və tez-tez yemək. Həmçinin, qızardılmış, ədviyyatlı və duzlu qidalardan uzaq durmağınız məsləhətdir.  Həmçinin, yatarkən hündür yastıqdan istifadə etmək, yeməkdən sonra gəzmək mədə qıcqırmasını azaltmağa kömək edəcək.

3-cü trimestrdə müşahidə olunan qəbizlik hormonal dəyişikliklərin təsirindən bağırsağın hərəkətlərinin yavaşlaması nəticəsində meydana çıxır. Bunun qarşısını almaq üçün bol su içmək, lifli qidalar qəbul etmək və hər gün yürüş etmək məsləhətdir.

Halsızlıq   

3-cü trimestrdə halsızlıq əsasən, hormonal dəyişikliklər, yuxusuzluq, təngnəfəslik, çəkinin artması, arterial təzyiqin düşməsi, qan azlığı (anemiya) və qanda şəkərin düşməsi nəticəsində yaranır.  

Təngnəfəslik

Körpə böyüdükcə diafraqmanın və ağciyərlərin sıxılması, çəkinin artması, həmçinin, burun tıxanması çətin nəfəsalmaya səbəb olur.

Ödem

ödem

3-cü trimestrdə ən çox rast gəlinən problemlərdən biridir. Əllərdə, ayaqlarda, biləklərdə şişkinliyin yaranmasına səbəb hormonal dəyişikliklər, çəkinin normadan çox artması, qan miqdarının artması, bağırsaq hərəkətlərinin yavaşlaması, qeyri-sağlam qidalanma, normadan artıq duz, kofe və çay qəbuludur. Bununla yanaşı, ayaqüstə çox qalmaq, nəmli və isti mühit, intensiv rejim şişkinliyə yol açır.  

Su gəlməsi  

3-cü trimestrdə su gəlməsi erkən doğumun baş verdiyini göstərir. Su gəldiyi zaman mütləq xəstəxanaya yola düşmək vacibdir. Gələn suyun miqdarından asılı olaraq həkim erkən doğuma və ya müalicənin aparılmasına qərar verir.

Təzyiqin qalxması və düşməsi

Son 3 ayda hamiləlikdə aşağı təzyiq normal hesab olunur. Hamilə qadın çox ayaqüstə qalarsa, dincəlməzsə, çox yuxusuz qalarsa və normal miqdarda su qəbul etməzsə, həmçinin, qanda şəkər düşərsə bu təzyiqin düşməsinə səbəb ola bilər.

Təzyiq yüksəlməsi isə preeklamsiya kimi təhlükəli bir halın göstəricisi ola bilər. Ona görə də təzyiq qalxıbsa, gecikmədən bunu həkiminizə bildirin. Çünki həkiminiz təzyiq yüksəlməsinin səbəbini araşdırmalıdır.

Sidiyə tez-tez getmə

Bu əlamət əvvəlki trimestrlərdə rast gəlinsə də 3-cü trimestrdə, xüsusilə tez-tez baş verir. Çünki körpə böyüyür və sidik kisəsi daha da sıxılır. Öskürərkən, asqırakən və gülərkən, əyilib, qalxarkən sidiyi saxlamamaq halları belə yaşanır.

Varikoz genəlmə

Qan miqdarının artması, həmçinin damarlara olan təzyiqin artması ayaq damarlarında genəlmələrə, həmçinin düz bağırsaq venalarının genəlməsinə (babasil) səbəb olur. Varikoz genəlməyə, həmçinin, hərəkətsizlik, uzun müddət oturmaq və ya ayaqüstə qalmaq, qəbizlik kimi hallar gətirib çıxarır.  

İnfeksiyalar

Hamiləlik zamanı uşaqlığın böyüməsi sidik kisəsini sıxdığından sidik kisəsi tam boşala bilmir. Bu isə bakteriyaların inkişafı üçün münbit şərait yaradır. Bundan başqa, genital təmizliyin çətin başa gəlməsi, immunitetin zəifləməsi sidik yolu infeksiyalarına səbəb olur. Sidiyə çıxarkən yanma və ağrı hissi varsa, sidiyin rəngi tündləşib və pis qoxuya malikdirsə, bunu mütləq həkiminizə bildirin. Çünki infeksiya müalicə olunmazsa düşük və ya erkən doğuma səbəb ola bilər.  

Vaginal axıntı   

Hamiləliyin bütün aylarında vaginal axıntının çoxalması normal bir haldır. Əgər vaginal axıntı ağ rəngdə və qoxusuzdursa, bu hormonal dəyişikliklər səbəbindən yaranır və normal hesab oluunur. Əgər qoxu varsa və axıntının rəngi sarı, yaşıl rənglərə çalırsa, genital nahiyədə qaşıntı varsa, bu, infeksiyanın göstəricisi ola bilər. Bu halda həkimə müraciət etmək vacibdir.

Əllərdə keyləşmə   

3-cü trimestrdə bədənin doğuma hazırlanması nəticəsində onurğanın istiqaməti dəyişdiyindən sinirlərdə olan sıxılma əllərdə, barmaqlarla keyləşməyə və batma hissinin yaranmasına səbəb ola bilir. Baş barmaq, şəhadət barmağı və orta barmaqlarda keyləşmə hiss olunarsa, “Karpal tunel” sindromundan şübhə etmək lazımdır.

Qaşınma   

Üçüncü trimestrdəhamilə qadını ən çox narahat edən həm də qaşınmadır. Əgər hamiləlikdən əvvəl ekzema, atopik dermatit və dərinin digər allergik xəstəlikləri olubsa, hamiləlik zamanı bu xəstəliklər aktivləşə bilər. Dərinin daha çox dartılan hissələrində, əsasən qarın və süd vəzilərində, dəri quruluğu yaranıb, elastiklik pozulduğu üçün qaşınma yaranır. Bunun qarşısını almaq üçün nəmləndirici kremlərdən istifadə etmək məsləhətdir.

Diş və diş əti problemləri

Hormonal dəyişikliklər diş ətlərinə də təsirsiz ötüşmür. Diş əti həssaslaşır və diş ətində qanamalar ola bilir. Kalsium ehtiyacının artması diş sağlamlığına neqativ təsir göstərərək, kariyesin yaranmasına səbəb ola bilir. 

Doğum qorxusu

Doğuşdan əvvəl hamilə qadını bir çox suallar narahat edə bilər. Doğuş ağrılı olacaqmı? Buna dözə biləcəmmi? Körpəm sağlam doğulacaqmı? Uşağıma yaxşı baxa biləcəmmi? Bu və digər suallar gələcək ananın əhvalına neqativ təsir göstərə bilir. Həmçinin, ətrafındakı neqativ doğuş hekayələri olan qadınlar da ananı təşvişə sala bilər. Lakin bilməlisiniz ki, doğuşla bağlı ilk olaraq sizi narahat edən məqamları həkiminizlə bölüşməyiniz və sualların cavabını ondan almağınız ən doğrusudur. Həkim sizin və körpənin sağlıq vəziyyətini bildiyi üçün doğuşun necə keçə biləcəyini, bütün risklər daxil olmaqla sizə izah edəcək. Beləliklə, siz doğuşa psixoloji hazır olduqda bu müddəti daha rahat keçirmiş olacaqsınız.  

Bundan başqa, müsbət doğuş təcrübəsinə malik insanlarla söhbət etmək də əhvalınızı müsbətə kökləməyə yardım edəcək.

3-cü trimestrdə hansı müayinələr olunur?

Üçüncü trimestr ərzində həkiminiz sizə tez-tez yoxlanışa gəlməyinizi məsləhət görə bilər. Belə ki, 32-ci həftədən başlayaraq iki həftədən bir, 36-cı həftədən isə hər həftə həkim müayinəsində olmalısınız. Əvvəlki ziyarətlərdə olduğu kimi həkim sizin çəkinizi, arterial təzyiqinizi yoxlayacaq, ultrasəs müayinəsi edərək, sizin və körpənizin ümumi sağlıq vəziyyətinizi qiymətləndirəcək.

Bununla yanaşı, 3-cü trimestrdə müxtəlif skrininq testləri verməli ola bilərsiniz:

Şəkərli diabetin təyini  

Bu tip diabet hamiləlik ərzində inkişaf edə bilir. Həkiminiz diabetin inkişaf edib-etmədiyini yoxlamaq üçün sizi analizə yönləndirə bilər. Əgər hamiləlik diabeti yaranmış olarsa, vaxtında olunan müalicə və sağlam həyat tərzi qanda şəkərin miqdarını tənzimləyə və körpənizin sağlam doğulmasına imkan verəcək.  

Dəmir azlığının təyini

Dəmir çatışmazlığı nəticəsində yaranan anemiya bədənin toxumalarına kifayət qədər oksigen çatdırılmasına mane olur. Bu isə orqanların funksiyalarına neqativ təsir göstərir, immuniteti zəiflədir. Hamilədə yorğunluq və halsızlıq yaradır. Ona görə də hamiləlik boyu dəmirin qandakı miqdarına nəzarət vacibdir.

NST müayinəsi  

NST Müayinəsi

Bu müayinə sancıların həqiqi və ya yalançı doğuş sancısı olduğunu müəyyənləşdirməyə imkan verir. NST müayinəsi uşaqlığın həqiqi yığılmalarını və doğumun başlayıb-başlamadığını təyin etməyə imkan verir. Bu müayinə ilə həmçinin, körpənin ürəkdöyünməsi yoxlanılır.

27 Həftəlik Hamiləlik: Körpəmin İnkişafı Necədir?

28 Həftəlik Hamiləlik: Erkən Doğuş Riskim Varmı?

29 Həftəlik Hamiləlik: Cinsi Əlaqə Qorxuludurmu?

30 Həftəlik Hamiləlik: Bu Həftədə Nəyə Diqqət Edim?

31 Həftəlik Hamiləlik: Körpəm Sağlam İnkişaf Edir?

32 Həftəlik Hamiləlik: Artıq Neçə Aylıq Hamiləyəm?

37 Həftəlik Hamiləlik: Doğuş Nə Zaman Olacaq?

Qeysəriyyə əməliyyatı: Nəticələr və uzunmüddətli təsirlər

Hamiləlikdə ayaq şişməsi: Əsas səbəbləri nələrdir?

Hamiləlik Zamanı Qarın və Bel Ağrıları: Səbəb və Müalicəsi

Hamiləlik zamanı infeksiyalar: Körpənizin sağlamlığı üçün risklər

Qeysəriyyə Əməliyyatından Sonra Bərpa: 6 Effektiv Məsləhət

Vaxtından Əvvəl Doğum: Səbəbləri və Mümkün Riskləri.

Dölün İnkişafdan Qalması: Diaqnoz və Müdaxilə

Şərh yaz