Ana Səhifə » Bloq » Hamiləliyin 28-ci Həftəsi: Erkən Doğuş Riskim Varmı?

28 heftelik hamilelik

Hamiləliyin 28-ci Həftəsi: Erkən Doğuş Riskim Varmı?

28 həftəlik hamiləlik prosesi təxminən 7 ayı tamamladığınız deməkdir. Bu dövr həm də hamiləliyin üçüncü trimestrinə keçid dövrüdür. Hamiləlik bu həftədən sonra davam etsə də (10-12 həftə) 28-ci həftə doğum üçün hazırlıqlara başlamağa ideal vaxtdır. Bəs bu həftədə hansı dəyişikliklər olur, körpənin inkişafı necə gedir? Gəlin, bir az bu barədə danışaq.

28 Həftəlik Hamiləlikdə Körpə İnkişafı

Hamiləliyin 28-ci həftəsində körpənin boyu orta hesabla 37 sm.-ə çatır. Onun çəkisi isə orta hesabla 0,9-1,1 kq arasında dəyişə bilər. Göbək bağı plasenta vasitəsilə ana və körpə arasında qan mübadiləsini təmin edir. O, körpə üçün lazım olan qida və oksigeni daşımaqla yanaşı, körpənin metabolik fəaliyyətləri nəticəsində əmələ gələn tullantıların anaya keçməsini də təmin edir. Bu qan mübadiləsi körpənin inkişafı üçün çox vacibdir. Normalda 12-ci həftədə tam inkişaf edən göbək ciyəsi 28-ci həftədə həm uzununa, həm də eninə genişlənir.

28-ci həftədə hələ inkişaf mərhələsində olan gözlər körpə vaxtından əvvəl doğulsa belə görmə qabiliyyətinin qorunmasını təmin edəcək səviyyəyə çatır. Bu dövr həm də mühüm beyin strukturlarının inkişaf dövrüdür. Beynin şüurla əlaqəli hissələri 28-ci həftədə yavaş-yavaş işləməyə başlayır. Bu dövrdə körpələrin də yuxu görməyə başladığı düşünülür. Ana bətnində olan körpələrin beyin dalğaları ilə edilən müxtəlif araşdırmalarda körpələrin fərqli yuxu dövrləri olduğu və yetkinlik dövründə yuxu görərkən meydana gələn sürətli göz hərəkətlərinin (REM) bu yuxu dövrlərində də olduğu müşahidə edilmişdir. Bəzi körpələrin ultrasəs müayinəsi zamanı göz qırpması və ya müxtəlif üz ifadələri etməsi də müəyyən edilə bilər.

28 Həftəlik Hamiləlikdə Anadakı dəyişikliklər

28 həftəlik hamiləlikdə ən çox diqqət çəkən məsələlərdən biri uşaqla birlikdə böyüyən uşaqlıqdır. Hamiləliyin 28-ci həftəsində qasıq ağrısı, nəfəs almaqda çətinlik, ürək bulantısı və hemoroid kimi problemlər arta bilər.

Qarın ağrısı da hamiləliyin 28-ci həftəsində tez-tez olur. Bunun səbəbi döş qəfəsi ilə göbək arasında uşaqlığın genişlənməsidir. Bu ağrılar dözülməz hala gəlirsə, mütləq həkiminizə məlumat verməlisiniz. 

Həmçinin bu həftədə az miqdarda qəhvəyi axıntı ola bilər. Qəhvəyi axıntı normal hesab edilsə də, rəngi və miqdarı dəyişirsə, bu, plasentada problem olduğunu göstərir. Plasenta uşaqlığın daxili divarına yapışır və doğumdan sonra normal olaraq ayrılır. Lakin, plasenta uşaqlıq boynunu bağladıqda “plasenta previya” vəziyyətində ağrısız vaginal qanaxma baş verə bilər. Bir çox hallarda üçüncü trimestrin əvvəlində baş verən bu vəziyyət tünd qırmızı qanla özünü göstərir. Əgər belə halla qarşılaşsanız və xüsusilə qanaxma ilə müşayiət olunan ağrı varsa, dərhal həkiminizə məlumat verməlisiniz.

Hamiləliyin 28-ci həftəsində demək olar ki, ürək bulanmasına rast gəlinmir. Ancaq bu, hər qadında eyni olmaya bilər. Əgər ürək bulantılarınız bu həftə də davam edərsə, səhər yeməyini erkən saatlarda yeməyə diqqət etməli və bol su içməlisiniz. 

Bu həftədə olan müayinələr zamanı həkiminiz çəkinizi və qan təzyiqinizi yoxlayacaq, anemiya və ya hamiləlik diabeti kimi şərtlərin inkişafı ilə bağlı müxtəlif testlər verməyinizi məsləhət görəcəkdir. 

Qarın boşluğunda böyümənin davam etməsi bəzi hamilələrdə oturarkən və ya uzanarkən rahat mövqe tapmaqda çətinlik çəkməsinə səbəb olur. Gərgin qarın dərisində zaman zaman qaşınma kimi müxtəlif şikayətlər də meydana gələ bilər. Həkim tövsiyəsi daxilində qarın dərisini losyon və ya təbii yağlardan istifadə edərək nəmləndirmək bu şikayətlərin idarə edilməsində təsirli ola biləcək bir tətbiqdir.

Bu həftədə bəzi hamilələrdə erkən süd ifrazının gəldiyi görülür. Kolostrum zülal, yağ, igA və minerallarla zəngin bir ifrazatdır. Doğuşdan sonrakı ilk həftədə də yetkin ana südü zülal, yağ, laktoza və sudan ibarətdir. Bu ilk ifrazatlar körpə üçün çox vacibdir və doğuşdan sonra yüksək igA tərkibi sayəsində körpəni müxtəlif infeksiyalardan qorumağa kömək edir.

28 Həftəlik Hamiləlikdə Körpənin İnkişafı

Ana bətnində olan 28 həftəlik körpənin orqanları öz inkişafını tamamlamaq üzrədir və onların əksəriyyəti kifayət qədər yaxşı işləyir. Həmçinin bu həftədə körpənin ağciyərləri doğuşdan sonrakı tənəffüs üçün hazırlanır.

Körpənin dərisinin altındakı piy qatının inkişafı hamiləliyin 28-ci həftədə sürətlənir. Dərinin alt qatının yağlanması ilə yanaşı, orqanların ətrafında yağ təbəqələri əmələ gəlməyə başlayır. Körpənin beyin inkişafı davam edir və bu inkişaf doğuşa qədər və hətta doğuşdan sonra da davam edəcək. Davam edən beyin inkişafı ilə yanaşı, körpənin sinir sisteminin əlaqələri də tamamlanır. Əvvəlki həftələrdə inkişaf etmiş toxunma, eşitmə və dad duyğuları ilə yanaşı 28-ci həftədə körpənin görmə qabiliyyəti də inkişaf edir və körpə gözlərini hərəkət etdirə, göz qapaqlarını açıb bağlaya bilir.

28 Həftəlik Hamiləlikdə İdman

Hamiləlik sağlamlığınızın və körpənizin inkişafının dəstəklənməsi üçün vacib bir dövrdür. İdman etmək isə bu müddətdə ümumi sağlamlığınızı qorumağa və hamiləlik zamanı bədəninizin ehtiyaclarını ödəməyə kömək edir. Hamiləlik dövründə idman etməyin əhəmiyyətləri bunlardır:

Fiziki sağlamlığı dəstəkləyir: İdman qan dövranını yaxşılaşdırır, əzələ gücünü artırır və elastikliyi qoruyur. Bunlar bədəninizdə ağrı və narahatlığı azaltmağa və gündəlik fəaliyyətlərinizi daha rahat yerinə yetirməyə kömək edir.

Enerji səviyyələrini artırır: Hamiləlik dövründə hormonal dəyişikliklər və vücudunuzun böyüməsi ilə enerji səviyyələri azala bilər. İdman etmək isə enerji səviyyənizi artıracaqdır.

Yuxu keyfiyyətini yaxşılaşdırır: Hamiləlik dövründə nizamlı yatmaq vacibdir. İdman yuxu keyfiyyətini yaxşılaşdırır və yuxuya getməyi asanlaşdırır. 

Zehni sağlamlığı dəstəkləyir: Hamiləlik stres və emosional dalğalanmaların daha tez yaşandığı bir dövrdür. Məşq isə əhvalınızı yaxşılaşdırır və endorfinlərin ifrazını artıraraq stresi azaldır.

Hamiləlik müddətində məşq etmək bütün bunlarla yanaşı həmçinin doğuşdan sonrakı sağalma müddətini də sürətləndirir. Belə ki, güclü əzələyə sahib bədən özünü daha sürətli bərpa edir. 

28 həftəlik körpənin ultrasəs görüntüsü necədir?

28 həftəlik körpə balaca insan formasındadır. Ultrasəs görüntüsündə onun bədəni ayaqları, qolları, əlləri və başı olan kiçik bir insan görünüşünü vermək üçün inkişaf etmişdir. 28 həftəlik körpənin boyu təxminən 38-39 sm, çəkisi isə təxminən 1000 qr.-dır. Ultrasəs görüntüsündə 28 həftəlik körpənin barmağını əmdiyi, göbək ciyəsindən tutduğu və müxtəlif mimikalar etdiyi görünür.

28 Həftəlik Hamiləlikdə Müayinələr

Qeyd etməliyəm ki, hamiləlik müntəzəm sağlamlıq yoxlamalarını tələb edən bir prosesdir. Hamiləliyin öncəki həftələrində olduğu kimi 28 həftəlik hamiləlikdə də bəzi gecikmiş, lakin vacib skrininq testləri, ultrasəs müayinələri aparılır. Bu müayinələr körpənin sağlamlığına nəzarət etmək, potensial riskləri müəyyən etmək və hamilənin sağlamlığını qorumaq üçün həyata keçirilir. 28-ci həftədə ediləcək skrininq testləri və ultrasəs müayinələri bunlardır:

Şəkər yükləmə sınağı (qlükoza yüklənmə sınağı)

Qlükoza tolerantlıq testi kimi də bilinən şəkər yüklənmə sınağı hamiləlik diabetinin aşkarlanması üçün aparılan skrininq testidir. Belə ki, hamiləlik dövründə bəzi qadınlar hamiləliyə xas olan müvəqqəti diabet növü olan gestational diabetə meylli ola bilərlər. Bu test adətən 24 ilə 28 həftə arasında edilir və nəticələr hamiləlik dövründə gestational diabetin varlığını və ya olmamasını göstərir.

Hemoqlobin səviyyəsinə nəzarət

Hamiləlik dövründə dəmir çatışmazlığı anemiyası riski artır. Dəmir çatışmazlığı isə hemoqlobin səviyyəsinin azalmasına və anemiyaya səbəb ola bilər. Hamiləliyin hər həftəsində yoxlanıla bilən hemoqlobin səviyyəsi 28-ci həftədə də yoxlanılır. Əgər hemoqlobin səviyyəsi aşağı olarsa, həkiminiz müvafiq mülaicə planı tərtib edərək dəmir əlavələri tövsiyə edəcəkdir.

Rh (rezus) Qan Qrupu və Anticisim Skrininqi

Qan qrupu mənfi Rh (rezus) olan hamilələrin qanında anticisim yoxdursa, ona 28-ci həftədə birinci doza anti-D immunoglobulin iynəsi vurulur. 

Ultrasəs müayinəsi

28-ci həftədə ultrasəs müayinəsi körpənin böyüməsini və inkişafını qiymətləndirmək üçün vacibdir. Bu ultrasəs müayinəsi ilə:

  • körpənin ölçüsü və çəkisi;
  • plasentanın yeri və funksiyası;
  • amniotik mayenin səviyyəsi;
  • körpənin orqanları;
  • körpənin ürək döyüntüsü;
  • körpənin hərəkətləri yoxlanılır.

Körpənin sağlamlığını izləmək, hamilə qadının sağlamlığını qorumaq üçün həftəlik skrininq testləri və ultrasəs müayinəsi çox vacibdir. Bu yoxlamalar sizə potensial problemləri erkən aşkar etmək və lazım gəldikdə müdaxilə etmək şansı verir. 

28 Həftəlik Hamiləlikdə Risklər və potensial Fəsadlar

Hamiləlik prosesi bir çox sevincli və həyəcanlı anları ehtiva etsə də, bəzi risklər və potensial ağırlaşmalarla gələ bilər. 28 həftəlik hamiləlikdə xüsusi diqqət tələb edən bəzi risklər var:

Vaxtından əvvəl doğuş riski

Hamiləliyin 28-ci həftəsi erkən doğum riskinin artdığı bir dövrdür. Erkən doğumun simptomları arasında qeyri-müntəzəm və ya tez-tez sancılar, çanağa doğru təzyiq, amniotik mayenin gəlməsi, vaginal qanaxma və ya çanaq ağrısı yer alır. Bu simptomlar baş verərsə, dərhal həkiminizlə əlaqə saxlamaq vacibdir.

Preeklampsi

Preeklampsi hamiləliyin ikinci yarısında baş verə bilən bir vəziyyətdir. Yüksək qan təzyiqi, şişlik və sidikdə protein itkisi kimi əlamətlərlə özünü göstərir. Preeklampsi ana və körpəsi üçün ciddi risk yarada bilər və nəzarət edilməli olan bir vəziyyətdir. 28-ci həftədə müntəzəm müayinələrdə qan təzyiqi və sidik analizi kimi testlərlə preeklampsini aşkar etmək mümkündür.

Plasenta Problemləri

Plasenta körpənin qida və oksigen alması üçün vacib orqandır. Plasentanın vəziyyəti və funksiyası 28-ci həftədə də mütəmadi olaraq yoxlanılır. Plasenta previa adlanan bir hal yarana bilər ki, bu da plasentanın körpəni kifayət qədər qida və oksigenlə təmin edə bilməməsidir. Bu cür plasenta problemləri müntəzəm müayinələrlə aşkar edilə bilər və lazım olduqda müvafiq tədbirlər görülə bilər.

Körpənin İnkişaf Problemləri

Körpənin böyüməsi və inkişafı bu həftədə də qiymətləndirilir. Ultrasəs müayinəsi ilə körpənin ölçüsü, çəkisi, orqan və sistemləri yoxlanılır. Bu müayinə zamanı körpənin inkişafında potensial problemlər aşkarlana bilər.

Ancaq unutmayın ki, hər hamiləlik fərqlidir və hər qadının təcrübəsi fərqli ola bilər. Bu riskləri minimuma endirmək və sağlam hamiləlik prosesinə sahib olmaq üçün müntəzəm həkim müayinəsi və sağlam həyat vərdişləri vacibdir. Bu səbəbdən hamiləliyinizin gedişatı ilə bağlı hansısa suallarınız varsa və müayinə olunmaq istəyirsinizsə, 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb müayinəyə yazıla bilərsiniz.

Şərh yaz