Ana Səhifə » Bloq » Hamiləliyin 29-cu Həftəsi: Cinsi Əlaqə Qorxuludurmu?

29 heftelik hamilelik

Hamiləliyin 29-cu Həftəsi: Cinsi Əlaqə Qorxuludurmu?

Hamiləliyin 3-cü trimestrinə təsadüf edən 29 həftəlik hamiləlikdə ana bətnində olan körpə böyüməyə və inkişaf etməyə davam edir. Bu böyümə və inkişafı bədənin yağ və əzələ toxumasını artıraraq edir. Digər tərəfdən sümüklərin inkişafı da bu həftədə davam edir. Körpənin çəkisi də artır ki, bununla da o, uşaqlıqda kifayət qədər hərəkət yeri tapa bilmir. Buna görə də bu dar məkanda edilən fırlanma hərəkətləri hamilə qadın tərəfindən hiss edilir. 

29 Həftəlik Hamiləlikdə Nə Baş Verir?

Üçüncü trimestr bəzi hamilələrin xoşuna gəlməyəcək şikayətlər gətirə bilər. Braxton-Hicks sancıları, ayaq sancıları, mədə şikayətləri və qasıq ağrısı kimi şikayətlər üçüncü trimestrdə baş verə biləcək əlamətlər arasındadır. Hamiləliyin ilk dövrlərində yaşanan yorğunluq, ikinci trimestrdə enerji səviyyəsi yüksəldikdən sonra bu dövrdə yenidən ortaya çıxa bilər. Hamiləlik dövründə rast gəlinən başqa bir vəziyyət ayaqların və topuqların şişməsidir. 

29-cu həftədə qarın böyüməyə davam edir. Bu dövrdə döşlərdə də müəyyən dəyişikliklərin baş verməsi davam edir və bu dəyişikliklər döşlərdə böyümə şəklində özünü göstərir. Bu simptomlardan başqa, 29-cu həftənin simptomlarını aşağıdakı kimi ümumiləşdirmək olar:

  • Hormon səviyyələrindəki dalğalanmalar səbəbindən dırnaqlar normaldan daha sürətli uzanır;
  • Qəbizlik yaranır;
  • Ayaqlarda varikoz damarlarının əmələ gəlməsi baş verir;
  • Əhval dəyişikliyi olur;
  • Qarın və qasıq ağrısı olur;
  • Nəfəs darlığı yaşanır;
  • Baş ağrısı müşahidə edilir;
  • Çəki artımı baş verir;
  • Sancılar olur;
  • Sidik ifrazında artım olur;
  • Hemoroidə rast gəlinir;
  • Preeklampsi riksi yaranı. 

29 Həftəlik Hamiləlikdə Anadakı Dəyişikliklər

Hamiləliyin 29-cu həftəsində hamilələrin bir az daha yorğun hiss etmələri və gündəlik fəaliyyətlər zamanı ara sıra nəfəs darlığı yaşamaları adi haldır. Bədən körpənin inkişafı üçün dəyişməyə davam etdiyi üçün bu cür şikayətlərin artması olduqca normaldır. Həmin şikayətlər aşağıdakılar kimi göstərilə bilər:

Yuxu problemi

Son həftələr yaxınlaşdıqca yuxu probleminin artması çox normaldır. Yuxu mövqeyini tuta bilməmək və sancılar, narahatlıqlar yuxu problemlərinə səbəb olur. Yatmazdan əvvəl isti duş qəbul etmək və ya bir stəkan ilıq süd içmək bir az yuxu gətirə bilər.

Braxton Hicks sancıları

Saxta doğuş sancıları olaraq da bilinən bu sancılar bu həftələr ərzində arta bilər. Doğuşa hazırlaşan bədəndə zaman-zaman uşaqlıq yolundan yayılan ağrı ola bilər.

Sidik qaçırma

Hamiləlik irəlilədikcə sidik qaçırma ehtimalı da artır. Körpəniz inkişaf etdikcə və böyüdükcə kiçik, lakin güclü bədəni sidik kisəsinə təzyiq edir və buna görə də hamilə qadında sidik qaçırma baş verir. Həftələr irəlilədikcə güləndə belə sidik sızıntısı bilər. Ona görə də bu vəziyyətə hazır olmaq yaxşıdır. Lakin bu hal narahat edəcək qədər olarsa, mütləq həkimə məlumat vermək lazımdır. 

Çatlar

Bədəniniz çəki almağa davam etdikcə dəri dartılır və bu da çatların əmələ gəlməsinə səbəb olur. 

Həzmsizlik və qaz sancıları

Həzmsizlik və buna bağlı olaraq qaz sancılarından əziyyət çəkə bilərsiniz. İdman etmək və asan həzm olunan qidaları qəbul etmək sizə fayda verəcəkdir.

Omba və qabırğa ağrısı

Körpənin çəkisi sümüklərinizə və orqanlarınıza təzyiq göstərdiyi üçün bel ağrısı və qabırğalarda təzyiq hiss etməyiniz normaldır.

Nəfəs almada çətinlik

Körpənin böyüməsi və artan çəki ilə uşaqlıq ağciyərlərə təzyiq göstərir. Ağciyərləriniz sıxıldığı üçün isə nəfəs almaqda çətinlik çəkə bilərsiniz.

Qasıq ağrısı

Qasıq ağrısı hamiləlik dövründə ən çox görülən şikayətlərdən biridir və adətən müalicə ilə nəzarət altına alına bilər. Lakin, hamilə qadınlarda baş verən bütün ağrılar kimi qasıq ağrısında da bu barədə həkimə məlumat verilməlidir. Çünki bu ağrı arzuolunmaz hadisələrin, problemlərin xəbərçisi ola bilər.

29 Həftəlik Hamiləlikdə Çəki Artımı

Hamiləliyin 29-cu həftəsinə qədər olan dövrdə alınan çəkinin orta miqdarı 8,6-11,3 kq arasında dəyişir. Bu dövr üçün tövsiyə olunan gündəlik kalori qəbulu gündə təxminən 2400 kaloridir. Bu dəyər digər insanlar üçün tövsiyə ediləndən 500 kalori yüksəkdir. Hamiləlik dövründə hormon səviyyələrindəki dalğalanmalar qadının kilo almasına səbəb ola biləcəyi üçün qidalanma mövzusunda diqqətli olmaq tövsiyə olunur.

29 Həftəlik Hamiləlikdə Körpənin İnkişafı

Qeyd etdiyim kimi,  29 həftəlik hamiləlik körpənin sürətlə böyüdüyü və yetkinləşməyə davam etdiyi bir mərhələdir. Hamiləliyin 29-cu həftəsində körpənin inkişafı ilə bağlı bilməli olduğunuz bəzi əsas məqamlar bunlardır:

Ölçü və Çəki: Hamiləliyin 29-cu həftəsində körpənin boyu adətən 37-39 sm, çəkisi isə orta hesabla 1,2-1,4 kq civarında olur. Unutmayın ki, körpənizin ölçüsü və çəkisi fərdi olaraq dəyişə bilər.

Dəri: Körpənizin dərisi hələ də nazik və qırışlıdır. Lakin hamiləliyin 29-cu həftəsində piy vəziləri inkişaf etməyə başlayır və dərinin altında piylər yığılmaqda davam edir. Bu yağ təbəqəsi körpənin dərisini qoruyur və temperaturun tənzimlənməsinə kömək edir.

Ağciyər inkişafı: Hamiləliyin 29-cu həftəsində körpənizin ağciyərlərinin inkişafı əhəmiyyətli irəliləyiş əldə edir. Adekvat oksigen mübadiləsini təmin etmək üçün ağciyərlər hava kisələri ilə doldurulur. 

Hərəkətlər: Hamiləliyin 29-cu həftəsində körpənin hərəkətləri daha qabarıq olur. Körpəniz daha güclü əzələlərə malik olduğundan daha mürəkkəb hərəkətlər edə bilər. Oyandığınızda və ya istirahət etdiyiniz zaman körpənizin hərəkətlərini daha çox hiss edə bilərsiniz. Siz körpənizin hıçqırığını da duya bilərsiniz. 

Duyğu orqanları: Körpənin duyğu orqanları da inkişaf etməyə davam edir. Hamiləliyin 29-cu həftəsində körpənizin gözləri daha açıqdır və işığa reaksiya verir. Həmçinin, körpənizin qulaqları inkişaf edir və ətrafdan gələn səsləri eşitməyə başlayır.

Həzm sistemi: Körpənizin həzm sistemi inkişaf etməyə davam edir. Hamiləliyin 29-cu həftəsində körpənizdə mədə turşusu istehsal olunmağa başlayır və udma refleksi inkişaf edir. Bununla da  körpənin mədə və bağırsaqlarının funksionallığı hazırlanır.

Həmçinin bu dövrdə körpənin sümükləri də bərkiyir. Sümüklərdə qırmızı qan hüceyrələri də inkişaf etməyə davam edir. 29-cu həftədə körpə başı aşağı vəziyyətdədir və ya keçməyə hazırlaşır. 29-cu həftədə körpənin baş quruluşunun da inkişaf edən beyin strukturlarına uyğunlaşmaq üçün böyüdüyünü müşahidə etmək olar. Öncəki həftədə başlayan beyin inkişafı 29-cu həftədə də davam edir. 

29 Həftəlik Hamiləlikdə Körpənin Hərəkətləri

Hamiləliyin 29-cu həftəsi gələcək ananın körpəsini qucağına alması üçün çox az vaxt qaldığı hamiləlik dövrüdür. Ana bətnində olan körpə bu dövrdə çox tez böyüməyə davam edir və fiziki cəhətdən çox aktivdir. 29-cu həftədən etibarən hamilə qadın kifayət qədər çox təpik hiss edə bilər. Bu zərbələr körpənin əzələlərini inkişaf etdirir. Bətndə hər şeyin qaydasında olduğunu anlamaq üçün bu hərəkətləri gündə 1-2 dəfə izləmək vacibdir. Körpənin hərəkətlərini sayarkən arxa üstə durmaq tövsiyə olunur. Əgər bel ağrısı səbəbiylə uzanmaqdan narahatsınızsa, bunu oturarkən də edə bilərsiniz. Əgər körpənizin hərəkətlərində azalma müşahidə edirsinizsə, həkiminizə bu barədə məlumat verin.

Körpə Hamiləliyin 29-cu həftəsində doğulsa nə olar?

37 həftədən əvvəl olan doğuşlar vaxtından əvvəl doğuşlar hesab olunur. Vaxtından əvvəl doğulmuş körpələrin sağ qalma şansı onların neçə həftəlik doğulmasından və müvafiq olaraq orqanlarının nə qədər inkişaf etməsindən asılıdır. 29 həftəlik körpənin immun sistemi və ağciyərlərinin çoxu inkişaf etdiyi üçün doğuşdan sonra tibbi yardımla yaşamaq şansı yüksəkdir. Hər bir körpənin doğum şəraiti və sağlamlıq vəziyyəti fərqlidir, ona görə də sağ qalma şansı da dəyişir. 

29 Həftəlik Hamiləlikdə Ultrasəs Müayinələri

Ultrasəs həm ananın sağlamlığını, həm də körpənin inkişafını izləmək üçün hamiləlik dövründə tez-tez istifadə edilən görüntüləmə üsuludur. Hamiləliyin 29-cu həftəsində ultrasəs müayinələri körpənin ətraflı anatomik qiymətləndirilməsini və ana üçün vizual təcrübə təmin edir. Belə ki, bu müayinə zamanı körpənin orqanlarını, sümüklərini, əzələlərini və bədəninin digər hissələrini ətraflı şəkildə müşahidə etmək mümkündür. Bu dövrdə körpənin üz cizgiləri daha qabarıq görünür.

29 Həftəlik Hamiləlikdə Qidalanma

Hamiləliyin 29-cu həftəsində hamilələrin əməl etməli olduqları ən əhəmiyyətli həyat tərzi vərdişi balanslı və sağlam qidalanma proqramına riayət etməkdir. Bu qidalanma vərdişi böyüməyə və inkişaf etməyə davam edən körpə üçün də vacibdir. Kalsium bu dövr üçün xüsusi bir mineraldır. Ana bətnində olan körpənin xüsusən də skelet sisteminin əzələlərinin, sinirlərinin, ürəyinin və dişlərinin inkişafı üçün kalsiuma ehtiyacı var. Əgər hamilə qadın kifayət qədər kalsium qəbul etmirsə, körpə lazımi kalsiumu ananın sümüklərindən alır. Buna görə də 29-cu həftə qidalanma proqramına kalsiumla zəngin qidaları əlavə etmək üçün ideal vaxtdır.

Qəlyanaltılar üçün quru meyvə, qoz-fındıq, qatıq kimi qidalara üstünlük verilməsi ana və körpənin sağlamlığına müsbət təsir edəcək. Hamiləlik dövründə ağır, yüksək şəkər və çox yağlı qidalardan uzaq durmaq lazımdır. Həmçinin ana hamiləliyin bütün həftələrində spirt və siqaretdən uzaq durmalıdır. 

29 Həftəlik Hamiləlikdə İdman

Hamiləliyin hər dövründə olduğu kimi bu həftədə də idman etmək həm fiziki, həm emosional sağlamlıq üçün faydalıdır. Lakin hər hansı bir məşq proqramına başlamazdan əvvəl, xüsusilə də hamiləliyinizin gedişində bir risk varsa, həkiminizlə danışmaq vacibdir. Həkimin məsləhətilə özünüzü rahat hiss etdiyiniz və zövq aldığınız məşqləri seçərək sağlam və aktiv hamiləlik prosesinə sahib ola bilərsiniz.

29 Həftəlik Hamiləlikdə Cinsi Əlaqə

Hamiləlik dövründə cinsi əlaqə tərəflər arasında yaxınlıq və bağlılığın qorunmasında mühüm rol oynayır. Hamiləliyin 29-cu həftəsində körpə sürətlə böyüyür və ananın bədəni əhəmiyyətli dəyişikliklərə məruz qalır. Cinsi əlaqə hamiləliyin təbii bir hissəsidir. Həkim tərəfindən məhdudiyyət olmadığı təqdirdə hamiləlik dövründə cinsi fəaliyyət davam edə bilər. 

Həmçinin hamiləlik dövründə baş verən hormonal dalğalanmalar qadınların cinsi əlaqə zamanı hiss etdiyi duyğuların dəyişməsinə səbəb ola bilər. Bəzi qadınlarda hormonal dalğalanmalar cinsi istəksizliyə səbəb olur. 

Yenə də, unutmamaq lazımdır ki, hər hamiləlik fərqlidir və hər qadının təcrübəsi fərqli ola bilər. Riskləri minimuma endirmək və sağlam hamiləlik prosesinə sahib olmaq üçün müntəzəm həkim müayinəsi və sağlam həyat vərdişləri vacibdir. Bu səbəbdən hamiləliyinizin gedişatı ilə bağlı hansısa suallarınız varsa, müayinə olunmaq istəyirsinizsə, 055 574 70 74 mobil nömrəsi vasitəsi ilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlayıb müayinəyə yazıla bilərsiniz.

Şərh yaz