Ana Səhifə » Bloq » 4 Həftəlik Hamiləlikdə Bu Əlamətlər Nədən Xəbər Verir?

4 Həftəlik Hamiləlikdə Bu Əlamətlər Nədən Xəbər Verir?

4cu hefte

Hamiləliyin 4-cü həftəsində ev şəraitində və ya  klinikada verilən qan analizi vasitəsilə hamiləliyin baş verdiyi bəlli olur. Test müsbət cavab göstərsə də, hamilə qadın bu ərəfədə özündə xüsusi dəyişiklik hiss etmir. 4-cü həftədə əksər hallarda erkən hamiləlik əlamətləri müşahidə olunmur. Ən çox rast gəlinə biləcək əlamətlər arasında menstruasiyanın gecikməsi, süd vəzilərinin həssaslaşması və iştah artmasını qeyd etmək olar. Hamiləliyin birinci trimestri olan bu həftədə bəzi qadınlarda aşağıdakı əlamətlərə də rast gəlmək mümkündür:   

  • Ürəkbulanma
  • Şişkinlik
  • Sancılar  
  • Ləkələnmə şəklində qanama
  • Tez-tez sidiyə getmə
  • Vaginal axıntının artması 
  • Ağızda qəribə metallik dad
  • İylərə qarşı həssaslıq
  • Yeməklərdən diksinmə
  • Əhvalın ani dəyişilməsi

4-cü həftədə hamiləliyin təyini necə aparılır?   

4cu hefte teyini

Bu həftədə, adətən hamiləlikdən şübhə yarandığı üçün hamiləlik testləri edilir. Qadınlar əksər hallarda ev şəraitində sidik vasitəsilə edilən testlərə üstünlük verirlər. Bu daha rahat və tez başa gələn metod olsa da qan analizi ilə hamiləliyin təyini daha həssas və dəqiq metoddur. Çünki hamiləliyin göstəricisi olan XQ (xorionik qonodotropin) hormonunun yüksəlməsi sidikdən daha tez qanda özünü biruzə verir. Hamiləliyin daha erkən müddətdə təsdiqi üçün qanda XQ hormonunun yoxlanılması məsləhətdir.  

Hamiləlik təsdiqləndikdən sonra ilk növbədə hamiləliyin uşaqlığın daxilində getdiyini, yəni uşaqlıqdan kənar olub-olmaması yoxlanılmalıdır. Bunun üçün hamilə olduğunuzu öyrəndiyiniz vaxtdan ginekoloq müayinəsinə yazılmaq vacibdir.  

4 həftəlik hamiləlik ultrasəs müayinəsində təyin edilirmi?  

Dördüncü və beşinci həftələrdə yeni yaranan orqanizm ancaq mikroskopla görünə bilər. Ölçüsü çox kiçik olduğu üçün transabdominal (qarın üzərindən edilən müayinə) ultrasəs müayinəsi ilə onu görmək qeyri-mümkündür. Ancaq transvaginal ultrasəs müayinəsi ilə 1-3 mm diametrində hamiləlik kisəsini görmək mümkündür.  

Hamiləliyin 4-cü həftəsində körpə ziqot adlanan orqanizm formasındadır və bu həftədən sürətlə böyüyərək blastosistə çevrilir. Bu kiçik orqanizm uşaqlığın endometrium qatına keçir və bu həftə hamiləlikdə implantasiya həftəsi adlanır. Daha sonra embrion adlandıracağımız orqanizm məhz bu  blastosistin içərisindəki hüceyrə qrupundan yaranır. Körpəni qidalandıran plasenta isə blastosistin xarici təbəqəsindən inkişaf edir.   

4-cü həftədə qanama olması normaldırmı?  

Bu həftədə körpənin uşaqlığa tutunması ilə bağlı olaraq ləkə şəklində qanamalar ola bilər. Bunlar normal hesab olunur. Ancaq qanama getdikcə artarsa və laxta şəklində gələrsə, mütləq həkim müayinəsinə yazılın.

4 həftəlik hamiləlikdə hansı yuxu pozasında yatmaq məsləhət görülür?   

Bu həftədə hamilə qadın özünə rahat olan istənilən yuxu pozasında yata bilər. Çünki ananın qarnı hələ böyüməyib və damarlara yük düşmədiyi üçün yatış pozalarının körpəyə zərəri yoxdur.

4cu heftede yuxu

4 həftəlik hamilə qadına cinsi əlaqə zərərlidirmi?  

Hamiləliyin 4-cü həftəsində sağlam qadınlar üçün cinsi əlaqə üçün hər hansı məhdudiyyət qoyulmur. Ancaq əvvəlki hamiləliklər zamanı düşüklər və erkən doğum təhlükəsi yaşayan qadınlara həkim cinsi əlaqəni bu dövrdə qadağan edə bilər. Həmçinin, bu dövrdə cinsi infeksiya aşkarlanarsa, cinsi əlaqədə olmaq məsləhət görülmür.    

Hamiləliyin 4-cü həftəsində idman etmək olarmı?  

Hamiləlik zamanı idman həm qadının, həm də körpənin sağlamlığına müsbət təsir göstərərək, hamiləliyin daha rahat keçməsinə şərait yaradır.  Hamiləlik zamanı  gələcək ananın həm fiziki, həm də mənəvi olaraq özünü yaxşı hiss etməsi üçün yürüş, pilates və yoqa etmək məsləhətdir.   

Ancaq ağırlıq qaldırmaq və çox fiziki aktivlik tələb edən idman növləri ilə məşğul olmaq məsləhət görülmür. Düşük təhlükəsi olan qadınlar isə yalnız həkim məsləhətindən sonra idmanla məşğul ola bilərlər.

4 həftəlik hamilə qadın səyahət edə bilərmi?  

Sağlam hamiləlik keçirən qadınlar rahatlıqla səyahət edə bilərlər. Bunun körpəyə və anaya hər hansı bir zərəri yoxdur. Əgər hamilə qadında ürəkbulanma, qusma, yuxusuzluq və halsızlıq varsa, bu vəziyyətdə səyahət onun üçün əlavə stress olacağına görə səyahəti ertələmək məsləhət görülür.  

Düşük təhlükəsi olan qadınlar yalnız həkimlə məsləhətləşdikdən sonra səyahətə çıxa bilərlər.

Hamiləliyin 4-cü həftəsini sağlam və rahat keçirmək üçün nələrə diqqət etmək lazımdır?  

Hormon dəyişiklikləri hamiləyə həm fiziki, həm də emosional olaraq təsirsiz ötüşmür. Hamilə qadını narahat edən bu halları yüngülləşdirmək üçün həyat tərzinə diqqət etmək vacibdir. Bunun üçün ilk növbədə hamiləliyinizi öyrəndiyiniz andan başlayaraq qidalanmanızı və həyat tərzinizi maksimum sağlam tərəfə dəyişməlisiniz. Stresdən və zərərli vərdişləriniz varsa, onlardan uzaq durmalısınız.

Paketlənmiş və zərərli qidalar, çox şirniyyat və unlu qidaların qəbulu, çayın və kofenin çox içilməsi, rəngli və qazlı içkilər, hərəkətsizlik və neqativ mühit sizin və körpənizin sağlamlığına neqativ təsir göstərir. Bunun əksinə, hərəkətli həyat tərzi, pozitiv mühit və bol tərəvəz, meyvə və lifli qidalar, bol su qəbulu sizin əhvalınızı müsbətə doğru dəyişəcək.  

Bununla yanaşı, ilk müayinədən sonra həkimin təyin etdiyi vaxtlarda müayinələrə gəlmək həm sizin, həm də körpənizin sağlam hamiləlik keçirməyinizə kömək edəcək.

Şərh yaz