Ana Səhifə » Bloq » Hamilə Olduğunu Necə Bilmək olar? Sualının Cavabı

Hamilə olduğunu necə bilmək olar? Hamilə olduğumu necə bilim? - Drxanim.az

Hamilə Olduğunu Necə Bilmək olar? Sualının Cavabı

Hamilə olduğunuz zaman bədəniniz, orqanizminiz özündə bəzi erkən əlamətləri biruzə verməyə başlayır. Hamilə olmağın əlamətləri bir çox hallarda aybaşı tsiklinin başlanğıc günlərindəki əlamətlərlə eynilik təşkil edir. Yəni hər iki halda müəyyən oxşar simptomlar var (qasıq ağrısı, həssaslıq, yorğunluq və s.). Bu səbəbdən hamiləlik gözləyən qadınların əsas verdiyi sual hamilə olduğunu necə bilmək olar sualıdır.

Hamilə olmağın əlamətləri ilə bağlı danışmamışdan əvvəl qeyd etmək lazımdır ki, simptomlar hər kəs tərəfindən eyni şəkildə və ya eyni intensivliklə hiss olunmayacaq. Bu əlamətlərin bəziləri ilk dövrdə göründüyü halda, bəziləri hamiləliyin növbəti həftələrində müşahidə edilir.

Hamiləliyin əlamətləri hansılardır? - Drxanim.az

Hamiləliyin əlamətləri hansılardır?

Hamiləlik əlamətləri adətən ilk həftədə görünsə də, bu əlamətlər hər insanda eyni anda və eyni şəkildə olmaya bilər. Bilmək lazımdır ki, hamiləliyin erkən əlamətləri insandan insana və bütün hamiləlik boyunca fərqlənir. Hamiləliyin erkən aşkarlanması ana və körpə sağlamlığı üçün çox vacibdir. Bu səbəbdən hamilə olmağın əlamətləri barədə bilməli, ginekoloq müayinəsinə gedib hamiləliyin sağlam şəkildə davam etməsinə şərait yaradılmalıdır. Bəs, erkən hamiləliyin əlamətləri hansılardır

Aybaşının olmaması

Hamiləliyin ilk əlamətlərindən biri aybaşının olmamasıdır. Çünki hamiləlik dövründə heç bir qadın menstruasiya yaşamır. Lakin gecikmiş menstruasiya həmişə hamiləlik əlaməti olaraq qəbul edilmir. Çünki aybaşı tsiklinin pozulması həyat tərzindəki dəyişikliklər, qidalanma, ətraf mühit faktorları, stress və bir çox sağlamlıq problemləri səbəbindən ola bilər. Əgər aybaşının olmaması ilə yanaşı hamiləliyin digər əlamətləri də varsa, o zaman hamiləlik testi edərək hamilə olub olmadığınızı daha dəqiq öyrənə bilərsiniz.

 

Qoxulara qarşı həssaslıq, ürəkbulanma və qusma

Hamiləlik dövründə qadınlarda görülən qoxulara qarşı həssaslıq ürəkbulanmaya, o isə zaman-zaman qusmağa səbəb olur. Xüsusilə səhər oyandığınızda ürək bulanma hiss edirsinizsə və qusma kimi vəziyyətlərlə qarşılaşırsınızsa, hamilə olma ehtimalınız var. Bu, hamiləliyin ilk simptomları sırasındadır. Ürək bulanması Beta HCG və estrogen hormonlarına görə hamiləliyin əvvəlində və ilk trimestrində baş verə bilər. Bəzən hamilələr bu durumdan narahat olurlar, amma bilmək lazımdır ki, bulantı və qusma hamiləlik zamanı yaşana biləcək bir haldır.

Tez-tez sidiyə getmək istəyi

Hamiləlik dövründə erkən vaxtlardan etibarən bir çox qadınlarda sidik ifrazının tezləşməsi halına rast gəlinir. Hamiləliyin sonrakı dövrlərində də böyüyən uşaqlığın sidik kisəsini sıxması səbəbindən sidiyə getmə tezliyində artım ola bilər. Həmçinin sidiyin rəngi tünd sarıdırsa, bu da hamiləlik əlaməti olaraq hesab olunur. Lakin sidik ifrazı zamanı yanma və ağrı kimi simptomlar varsa, mütləq həkimə bildirmək lazımdır. Çünki bu, sidik yollarının infeksiyasının əlaməti ola bilər.

Döş gilələrinin ətrafında olan sahənin tündləşməsi

Doğum yaxınlaşdıqca körpənizi sağlam və düzgün qidalandırmaq üçün bədəninizdə dəyişikliklər baş verir. Bu ana qədər qeyd edilənlərlə yanaşı həm də döş gilələrinin tünd rəngə çevrilməsi halı baş verəcəkdir.  Hamiləlik dövründə döş gilələrinin tündləşməsinin bir neçə səbəbi vardır. Süd kanallarının böyüməsi, hormonların artması və bu kimi hamiləliyə bağlı səbəbləri misal göstərmək olar.

İştahanın artması

Hamiləlik dövründə hamilələri ən çox qayğılandıran mövzu iştahanın artmasıdır. İştahanın artması hamiləliyin 2-ci trimestrində, yəni 3-cü ayın sonundan 6-cı ayın sonuna qədər müşahidə olunur. Bu dövrdə gələcək anaların iştahası kifayət qədər yüksəlir və hamiləliyin ilk simptomları içərisində olan qusma və ürək bulanma kimi hallar yaşanmadığı üçün bu dövrdə çox yeyə bilərlər.

Göbəklə qasıq nahiyəsi arasında olan xəttin tündləşməsi

Hamiləlik zamanı hamiləliyin əlaməti olaraq bir çox fizioloji dəyişikliklər olur. Belə ki, hamiləliyin 20-ci həftəsindən sonra qarının orta xəttində “linea nigra” adlanan xətt şəkilli ləkə əmələ gəlir. Göbəkdən bir qədər aşağıda başlayan və qasıq nahiyəsinə qədər uzanan bu xəttin əmələ gəlməsi son dərəcə normaldır və doğuşdan sonra öz-özünə yox olur.

Emosional dəyişikliklər

Hamiləlik dövründə, xüsusilə ilk və son dövrlərdə hamilə qadınlar çox həssas və emosional ola bilərlər. Ən kiçik emosional vəziyyətdə ağlaya və ya tam əksinə gülə bilərlər. Bundan əlavə, doğum həyəcanı və stresi, doğuşdan sonra yuxusuzluq, yorğunluq, uşağın sağlam olub-olmayacağı düşüncəsi, ətrafdakıların sual və maraqdolu baxışları, südün gəlib-gəlməyəcəyi düşüncəsi və hamiləlikdən sonrakı depressiya baş verə bilər. Bu səbəbdən hamiləlik zamanı sağlam psixologiyada olmalı, ehtiyac yaranarsa, mütəxəssisdən dəstək alınmalıdır.

Şişkinlik və qəbizlik

Hamiləlik səbəbiylə artan progesteron hormonu orqanizmdə bir çox dəyişikliyə səbəb olur. Misal üçün, həzm sisteminə təsir edə, qəbizlik və şişkinlik kimi vəziyyətlərə səbəb ola bilər. Bu hal ilə qarşılaşmamaq üçün hamiləlik zamanı sağlam şəkildə qidalanmaq lazımdır. Düzgün və sağlam qidalanma şişkinlik və qəbizliyin qarşısını aldığı kimi, hamiləlik dövründə uşağın da sağlam inkişaf etməsinə səbəb olacaqdır.

Həddindən artıq yorğunluq və tükənmə, yuxusuzluq

Hamiləlik dövründə artan progesteron hormonu həm də hamilə qadının tükənmiş və yorğun hiss etməsinə səbəb ola bilər. Bu zaman hamilə günün daha çox hissəsini yataqda keçirmək, yatmaq istəyə bilər. Buna bağlı olaraq həm də unutqanlıq da baş verə bilər. Lakin narahatlığa heç bir əsas yoxdur. Hamiləliyin ilk üç aylıq dövrü olaraq təyin olunan ilk trimestrdən sonra bu əlamətlər dayanır.

Hamiləliyin ilk və erkən əlamətləri nə vaxt görünür? - Drxanim.az

Hamiləliyin ilk və erkən əlamətləri nə vaxt görünür?

Hamiləlik əlamətləri mayalanma nəticəsində əmələ gələn embrionun uşaqlıq yoluna yapışması ilə başlayır. Belə ki, hamiləlik dövründə ilk mərhələ olan implantasiya dövrü başlayır və buna bağlı olan ilk simptomlar görünür. Bu prosesdə döllənmiş yumurta uşaqlıq yolunun divarına yerləşdiyi üçün implantasiya qanaması baş verir. Sözügedən qanama adətən ləkə şəklində olur və 2 həftə ərzində istənilən vaxt baş verə bilər. Qeyd etmək lazımdır ki, implantasiya qanamasının rəngi aybaşı qanamasından fərqli olaraq daha tünd rəngdə olur. Əgər hamilə olduğunuzdan şübhələnmisinizsə və aybaşı qanaması kimi bir qanamanız varsa, mütləq ginekoloqa müraciət edin.

İmplantasiya qanamasından sonra psixoloji əlamətlər ortaya çıxır. İmplantasiya dövründə hamilə qadın çox qəzəbli, narahat və emosional olur, lakin bu vəziyyət zamanla tarazlaşır.

Hamiləlik testi necə edilir? - Drxanim.az

Hamiləlik testi necə edilir?

Hamiləliyi təyin edəcək əsas faktor beta xorionik qonadotropin, yəni Beta XQ hormonunun ifraz olunmağa başlamasıdır. Hamiləlik testi də əslində bu hormon səviyyəsinin qiymətləndirilməsidir. Normal şəraitdə qan və sidikdə az miqdarda olan bu Beta XQ ölçülməsi iki fərqli şəkildə həyata keçirilir: sidik və qanda yoxlamaqla.

Beta XQ hormonunun sidikdə təyini

Beta XQ hormonunun sidikdə təyini. Əgər hamiləliyin ilk simptomları varsa və hamiləlikdən şübhələnilirsə, ilkin olaraq evdə edə biləciyiniz testlə hamiləliyin olma ehtimalını dəqiqləşdirə bilərsiniz. Belə ki, qanda normadan qat-qat yüksək səviyyələrə çatan Beta XQ hormonunun artıqlığı sidiklə bədəndən çıxır. Buna görə də, sidikdə Beta XQ-nin ölçülməsi hamiləliyin təyin edilməsi üçün ən çox seçilən üsullardan biridir. Qeyri-klinik istifadə üçün hazırlanmış test dəstləri sayəsində evdə hamiləlik testi yalnız bir neçə damcı sidiklə, tamamilə yan təsirsiz və fəsadsız həyata keçirilə bilər.

Beta XQ hormonunun qanda təyini

Beta XQ hormonunun qanda təyini. Bu üsul klinika daxilində, laboratoriya mühitində hamiləliyin təyini üçün edilən hamiləlik testi olaraq bilinir. Belə ki, laboratoriya mühitində insandan alınan qan nümunəsi araşdırılaraq qanda Beta XQ hormonunun səviyyəsi müəyyən edilərək hamiləlik diaqnozu qoyula bilər. Hamilə olmayan insanların  Beta XQ səviyyəsi 1mIU/ml-dən azdır. Hamiləliyin başlanğıcı ilə Beta XQ səviyyəsi sürətlə 5 dəfə artaraq 5 mIU/ml-ə çatır, sonra sonrakı həftələrdə yüksəlir və hamiləliyin 8-10-cu həftələrində ən yüksək səviyyəyə çatır. Hamilə qadınların təxminən 50 %-də menstruasiya gecikməsinin ilk günündə Beta XQ səviyyəsi 25 mIU/ml olaraq ölçülür. Buna görə qanda Beta XQ-nin ölçülməsi hamiləliyin qəti diaqnozu üçün ən etibarlı üsullardan biridir.

Aybaşı tsiklinin olmaması, paralelində ürəkbulanma və hamiləlik əlamətləri ilə oxşar olan hallar yaşanırsa bu, mütləq şəkildə hamilə olduğunuz mənasına gəlmir. Daha dəqiq diqanoz üçün ginekoloqa müraciət etmək mütləqdir. Bəzi hallarda hətta Beta XQ hormonunun yüksək olması belə hamiləlik deyil, xoşagəlməz xəstəlik əlaməti ola bilər. Şübhələrdən azad olmaq və ilkin diaqnoz üçün 055 574 70 74 nömrəli telefondan bizimlə əlaqə saxlaya bilərsiniz.

Şərh yaz